"Heç kimin qarşısında öhdəliyimiz yoxdur" » Memur.az

"Heç kimin qarşısında öhdəliyimiz yoxdur"

"Heç kimin qarşısında öhdəliyimiz yoxdur"

Azərbaycan bu gün bölgənin aparıcı ölkələrindən biridir və bizim siyasət ədalətli siyasətdir. Biz bütün ölkələrlə bərabərhüquqlu, qonşularla mehriban münasibətlərin tərəfdarıyıq. Biz bərabərliyin tərəfdarıyıq.

Bu fikirləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilmiş ümumxalq şənliyindəki nitqində bildirib.

“Biz hesab edirik ki, dünyada böyük-kiçik ölkə anlayışı olmamalıdır. Bütün ölkələr bərabər hüquqa malikdir. Ona görə biz bütün ölkələrlə öz siyasətimizi bu prinsiplər əsasında qururuq. Heç bir ölkə qarşısında öhdəlik götürməmişik və bu, mümkün deyil. Beynəlxalq təşkilatlarda ki, biz üzvük, o öhdəlikləri biz yerinə yetiririk, onlara hörmətlə yanaşırıq, vəssalam. Bizim başqa heç bir öhdəliyimiz yoxdur”, - deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycanın bu gün dünya miqyasında nümunəvi ölkə kimi tanındığını vurğulayan Prezident İlham Əliyev deyib: “Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu səhv siyasətindən əl çəkməlidir. Son illərin tarixi bunu göstərir. Biz öz yolumuzla gedirik. Bu yol tərəqqi, inkişaf yoludur. Bu yol azadlıq-müstəqillik yoludur və biz bu uğurları bu yolda əldə etmişik”.