Prezident İlham Əliyev: "Bu gün tarixi gündür və bu layihə ilk növbədə Türkiyə-Azərbaycan birliyinin layihəsidir" » Memur.az

Prezident İlham Əliyev: "Bu gün tarixi gündür və bu layihə ilk növbədə Türkiyə-Azərbaycan birliyinin layihəsidir"

Prezident İlham Əliyev: "Bu gün tarixi gündür və bu layihə ilk növbədə Türkiyə-Azərbaycan birliyinin layihəsidir"

Memur.az AZƏRTAC-a istinadən bildirir ki, martın 17-də Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili açılış mərasimində iştirak ediblər.

Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Sonra Türkiyənin milli təhsil naziri Nəbi Avcı çıxış etdi. Nazir bu məktəbin istifadəyə verilməsini dövlətlərimiz arasında qardaşlıq və dostluq münasibətlərinin gözəl nümunəsi adlandıraraq dedi: “Bu məktəb ölkələrimiz və xalqlarımız arasındakı sarsılmaz əlaqələrin güclü nişanəsidir”. Nəbi Avcı məktəbin qurulmasındakı xidmətlərinə görə azərbaycanlı qardaşlarına minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qardaş Türkiyədə yenidən olmağından, qədim türk torpağı Qarsa gəlməkdən qürur duyduğunu dedi. Ulu öndər Heydər Əliyevin adının bu məktəbə verilməsinə, həmçinin Qarsda Ümummilli Liderin xatirəsinin əziz tutulduğuna görə minnətdarlığını bildirdi. Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında müstəsna rol oynadığını deyən Prezident İlham Əliyev Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamının bu gün dövlət başçılarının timsalında daha da gücləndiyini diqqətə çatdırdı. Bu gün Türkiyənin dünyada güc mərkəzinə çevrildiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini vurğuladı, təhsil sektorunda da əməkdaşlığın gücləndiyini dedi, son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən islahatlardan, görülən işlərdən danışdı. Türkiyə və Azərbaycanın bu gün dünyada baş verən hadisələrə mətanətlə sinə gərdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin tarixi keçmişə də sadiq qaldığını diqqətə çatdırdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan liseyin açılışı münasibətilə təbriklərini çatdırdı. Yüksək standartlara uyğun inşa edilən bu məktəbin tikintisində əməyi olan hər kəsə, xüsusilə də Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. “Heydər Əliyevin adını ölkəmizin hər yerində yaşatmağa çalışacağıq”, - deyən Türkiyə dövlətinin başçısı bütün bunların xalqlarımız və ölkələrimiz arasındakı dostluq və qardaşlığın nümunəsi olduğunu vurğuladı.

Min illik mədəniyyətlərin qovuşduğu məkan kimi Qarsın türk tarixində böyük əhəmiyyətinin olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən, fədakarlıq, qalibiyyət kimi ümummilli məfhumların Qarsın timsalında daha dolğun əks olunduğunu diqqətə çatdırdı.

Çıxışlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili liseyin rəmzi açılışını bildirən lenti kəsdilər.

Azərbaycan və Türkiyə prezidentləri liseyin xatirə kitabına ürək sözlərini yazdılar.

Dövlət başçıları liseyin binasında yaradılan şəraitlə tanış oldular.

Binanın foyesində türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin büstləri qoyulub. Burada, həmçinin Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının, dövlət himnlərinin mətnlərinin, ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin həyat və fəaliyyətləri barədə məlumatların olduğu lövhələr və fotoşəkillərdən ibarət xüsusi guşə yaradılıb. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanın Azərbaycan və türk dillərindəki mətni də foyedə yaradılan guşədə nümayiş olunur.

Məlumat verildi ki, liseyin binasının təməli 2011-ci ilin mayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə inşa olunan liseyin ərazisi 2,2 hektardır. Türkiyənin Şərqi Anadolu bölgəsinin ən böyük və nüfuzlu liseyi olan bu kompleksdə müasir tələblər səviyyəsində təhsil almaq üçün bütün zəruri şərait yaradılıb. Burada 32 sinfin yerləşdiyi əsas bina, 200 yerlik yataqxana, 200 nəfərlik örtülü idman zalı, açıq idman sahəsi, zəngin fondu olan kitabxana və iki emalatxana var. Liseydə 400-dən çox şagirdin təlim-tərbiyəsi ilə 24 müəllim məşğul olacaq.

Liseyin əsas məqsədi elmi və texnoloji yeniliklərə açıq, ölkənin ehtiyaclarına uyğun, intizamlı, ali təhsil proqramına hazırlıq istiqamətində dərin və hərtərəfli bilik və bacarığa, müasir və demokratik düşüncəyə malik gənclər yetişdirməkdir. Təhsil ocağında gündəlik dərslərlə yanaşı, şagirdlərin texniki biliklərinin artırılması və psixoloji durumlarının yüksək səviyyədə olması, hadisələri asan qavraya və təhlil edə bilmələri, fərdi və qrupla işləmək bacarıqlarına yiyələnmələri istiqamətində də məşğələlər keçiriləcək.

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri liseyin həyətində ağac əkdilər.

---------
21:33

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər.

Əvvəlcə TANAP layihəsinə həsr olunmuş film nümayiş etdirildi. Filmdə qeyd olunur ki, TANAP Türkiyə və Azərbaycan qardaşlığının Anadoluya atılan imzasıdır. Azərbaycanın və Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Mərasimdə Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev TANAP-ın həyata vəsiqə qazanmasının Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri nəticəsində mümkün olduğunu bildirdi, bu layihənin ölkələrimizin inkişafına və xalqlarımızın rifahına xidmət etdiyini diqqətə çatdırdı.

“Bu gün burada ABŞ Prezidenti Barak Obamanı və dövlət katibi Con Kerrini təmsil etmək mənim üçün şərəfdir”, - deyən Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn bildirdi ki, ABŞ “Cənub” qaz dəhlizini 20 il bundan əvvəl başlayan Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi görür. TANAP layihəsinin həyata keçirilməsinin ABŞ hökuməti üçün çox önəmli olduğunu deyən A.Hoxstayn “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə bağlı Birləşmiş Ştatların dəstəyini ifadə etdi.

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç 2014-cü ildə Bakıda “Cənub” qaz dəhlizinin, 6 ay sonra isə TANAP layihəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi dəyərləndirdi. “Cənub” qaz dəhlizinin əsas hissələrindən olan TANAP-ın reallaşmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən M.Şevçoviç dedi ki, layihəyə böyük əhəmiyyət verən Avropa İttifaqı işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün bundan sonra da əlindən gələni edəcək.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Avropa İttifaqı ölkələrinin təbii qaza ehtiyacının ödənilməsi istiqamətində mühüm layihə olan TANAP-ı “Cənub” qaz dəhlizinin əsas həlqəsi adlandırdı. O, böyük siyasi əhəmiyyətə malik bu layihənin ölkələrimizdəki iqtisadi inkişafın təminatçısı olacağını dedi.

Gürcüstan Prezidenti Giorgi Marqeraşvili “Cənub” qaz dəhlizinin ölkəsi üçün də çox önəmli olduğunu qeyd edərək, bu layihənin regionun inkişafında mühüm rol oynayacağını bildirdi. Gürcüstan dövlətinin başçısı TANAP layihəsinin Asiya ilə Avropa arasında enerji dəhlizi rolunu oynadığını, ticarət, turizm və digər layihələrin inkişafına xidmət edəcəyini, ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunmasına güclü dəstək verdiyini diqqətə çatdırdı.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha Türkiyədə olmaqdan məmnunluğunu bildirdi, gələn ay Çanaqqala zəfərinin 100 illik yubileyində qardaş ölkəyə yenidən səfər edəcəyini söylədi. “Bu gün tarixi gündür və bu layihə ilk növbədə Türkiyə-Azərbaycan birliyinin layihəsidir”, - deyən dövlətimizin başçısı ölkələrimizin bir-birinin uğurlarına hər zaman sevindiyini diqqətə çatdırdı. Bildirdi ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və cəsarəti sayəsində reallaşan “Əsrin müqaviləsi” ilə başlanan enerji siyasəti nəticəsində ilk dəfə Xəzər dənizinə xarici neft şirkətləri gəldi. Xəzər neftinin ixrac olunması üçün inşa edilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi bölgənin və qitənin enerji təhlükəsizliyində əvəzsiz rol oynadı. TANAP qaz kəmərinin də bu enerji dəhlizi üzrə inşa edildiyini deyən Prezident İlham Əliyev dünya miqyasında böyük qaz yataqlarından olan “Şahdəniz”in “Cənub” qaz dəhlizi üçün yeganə resurs mənbəyi olduğunu vurğuladı.

Qısa vaxtda dünyada böyük dəstək qazanan TANAP, 2013-cü ildə “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi seçilən TAP layihələri üzrə işlərin cədvəl üzrə gedəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı “Cənub” qaz dəhlizini Avropanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirdi. Bildirdi ki, Azərbaycanın malik olduğu nəhəng qaz ehtiyatları “Cənub” qaz dəhlizini təmin edəcək, bu layihə ölkələr arasında yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq.

Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə həyata keçirilən layihələrin hər zaman uğur qazandığını vurğulayan, bu layihənin də eyni taleyi yaşayacağına əminliyini bildirən Prezident İlham Əliyev Avropanın qaza olan tələbatının ödənilməsində Azərbaycanın mühüm rolunu vurğuladı, TANAP layihəsinin təməlinin Novruz bayramı ərəfəsində, ilaxır çərşənbə günündə qoyulmasının rəmzi məna daşıdığını dedi və layihəyə uğurlar arzuladı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihənin sülhə və rifaha xidmət etməsini arzuladı. Dövlət başçısı “Şahdəniz” qazını Avropaya çatdıracaq bu kəmərin əhəmiyyətindən danışdı, onun ilk növbədə ölkələrimizin və bölgə xalqlarının rifahına xidmət edəcəyini bildirdi. Nəzərdə tutduğu hədəflərin özəlliyi baxımından TANAP-ın alternativinin olmadığını deyən Rəcəb Tayyib Ərdoğan onun Avropa ilə Xəzər bölgəsi arasında güclü əlaqə yaradacağını, layihənin nəzərdə tutulduğu vaxtda istismara veriləcəyinə əmin olduğunu dedi.

Sonra TANAP boru kəmərinin təməli qoyuldu.

----------
20:47

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, martın 17-də Qars valisi Günay Özdemirin adından dövlət başçılarının şərəfinə rəsmi nahar verilib.

---------
20:30

Martın 17-də Qarsda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Türkiyədə təməli qoyulan TANAP layihəsinin əhəmiyyəti vurğulandı, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin rolu qeyd edildi. Azərbaycanın və Türkiyənin iştirak etdikləri mühüm strateji layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verdiyi bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

---------
19:05

Bu gün Türkiyənin Qars vilayətində Transanadolu qaz kəməri (TANAP) layihəsinin rəsmi təməlqoyma mərasimi keçirilib.

Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Georgi Marqvelaşvili, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Dövlət başçıları layihənin təməlinin qoyulması ilə əlaqədar rəmzi düyməni basıblar.

Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.
Boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, Transanadolu qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq.

Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.

----------
18:52

Bu gün Türkiyənin Qars vilayətində Transanadolu qaz kəməri (TANAP) layihəsinin rəsmi təməlqoyma mərasimi keçirilir.

Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Georgi Marqvelaşvili, eləcə də digər rəsmi şəxslər iştirak edirlər.

Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.

Boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, Transanadolu qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq.

Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.

---------
17:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlıqdan və “Şahdəniz” qaz yatağının işlənməsi üzrə səmərəli birgə fəaliyyətdən məmnunluq ifadə edildi. Ötən il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin, eləcə də Qarsda TANAP layihəsinin təməlinin qoyulmasının önəmi vurğulandı, “Cənub” qaz dəhlizi layihəsi üzrə işlərin uğurla davam etməsinin əhəmiyyəti qeyd olundu. “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsi kimi TANAP-ın önəmi, bu layihələrdə bütün işlərin plan üzrə həyata keçirildiyi bildirildi.

Söhbət zamanı 2018-ci ildə “Şahdəniz-2” layihəsindən Türkiyəyə 6 milyard kubmetr əlavə qazın verilməsinin əhəmiyyəti qeyd edildi. TAP layihəsi üzrə də işlərin uğurla davam etdiyi vurğulandı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu yüksək qiymətləndirildi.

Görüşdə bp-nin TANAP layihəsinin səhmdarlarından biri olmasından məmnunluq ifadə olundu, digər layihələr üzrə də işlərin uğurla davam etdirildiyi bildirildi.

Söhbət zamanı Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

---------
16:45

"Əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı çirkin kampaniya aparılır. Bizim keçmişimizi qaralamaq, bizə şər-böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar. Biz isə öz işimizlə buna cavab veririk". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ikinci ölkələr tapmaq çox çətindir: "Bütün böhranlara baxmayaraq, bu gün biz inkişaf edirik. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulub. Biz tarixi həqiqət üzərində gələcəyimizi qururuq. Tarixi olduğu kimi gənc nəsillərə təqdim edirik. Bəzi başqa ölkələr kimi tarixi təhrif etmirik. Öz gələcəyimizi yalan, böhtan üzərində qurmuruq".

Dövlət başçısının sözlərinə görə, əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən işğalçı Ermənistan dövləti yalan üzərində qurulub: "Onların tarixi də yalandır. Onların bizə qarşı irəli sürdüyü iddialar da əsassızdır. Tarix var, həqiqət var, tarixi sənədlər var. Onlar açıq sənədlərdir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Türkiyə-Azərbaycan birliyi bu gün dünya miqyasında artıq inkar edilməz faktordur. Türkiyə dünya birliyinin önəmli ölkəsidir. Azərbaycanın da imkanları artır".

----------
16:23

"İlk növbədə, qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Bunu ifadə etmək istəyirəm. Xüsusilə, qədim türk torpağı olan Qarsda olmağımdan çox məmnunam. Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "Bu məktəb mənim atam, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Bu gün Qarsa, hava limanına enərkən ilk növbədə Heydər Əliyevin adını daşıyan parkı, onun abidəsini ziyarət etdim. Azərbaycan xalqının lideri Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm".

Prezident bildirib ki, Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərmişdir: "O, daim çalışırdı ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da möhkəm olsun. Onun məşhur kəlamı bizim hamımız üçün bir nümunədir. O demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Biz bu siyasətə sadiqik və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək üçün böyük səylər göstəririk. Biz bütün məsələlərdə bir yerdəyik. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik".

Dövlət başçısı deyib ki, Türkiyənin artan gücü Azərbaycanı da gücləndirir: "Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ərzində böyük yol keçmişdir. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir. Burada tikilən binalar, məktəblər, xəstəxana, sosial obyektlər Qarsın simasını dəyişib. Türkiyənin hər bir yerində inkişaf göz qabağındadır".

İlham Əliyev bildirib ki, Türkiyə bu gün dünyada böyük güc mərkəzinə çevrilib və "Böyük iyirmiliy"in, "G 20"-nin lideridir: "Türkiyə bu mötəbər toplantıya qardaş ölkəni, Azərbaycanı dəvət etmişdir. Buna görə bir daha əziz qardaşıma, Türkiyə Prezidentinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, əsl qardaşlıq yanaşmasıdır. Biz hər yerdə bu qardaşlığı möhkəmləndiririk".

Prezident xatırladıb ki, bu gün, eyni zamanda, Qarsda TANAP layihəsinin təməli qoyulur: "TANAP bizim müştərək layihəmizdir. 3 il bundan öncə TANAP layihəsi İstanbulda imzalandı. Bu gün artıq bu layihənin təməlini qoyuruq. Enerji sahəsində Türkiyə, Azərbaycan, Gürcüstan birliyi artıq tam yeni bir mənzərə ortaya qoyur. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar yaradır, yeni iş yerləri yaradır, bizim iqtisadi, siyasi gücümüzü artırır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Türkiyəyə sərmayələr qoymağa başlayıb: "SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti Türkiyəyə 20 milyard dollar sərmayə qoymağa başlamışdır. Bu sərmayə nəticəsində bizim bütün önəmli enerji layihələrimiz həyata keçiriləcəkdir. Eyni zamanda, SOCAR Türkiyənin təhsil sektoruna da sərmayə qoymağa başlamışdır, 5 lisey və məktəb tikilmişdir - Qarsda, Ankarada, Kocaelidə, Ceyhanda, Əliağada. Bu, təhsil sektoruna, yəni bizim gələcəyimizə qoyulan sərmayədir".

İlham Əliyev vurğulayıb ki, hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin səviyyəsidir, elmin səviyyəsidir: "Biz çalışmalıyıq ki, həm Azərbaycanda, həm Türkiyədə bu məsələləri bundan sonra da inkişaf etdirək, bizim gənclərimiz bilikli, savadlı olsunlar. Bilik, savad bu gün dünyada hər şeyi həll edir. Bilik, savad texnoloji tərəqqini, inkişafı şərtləndirir. O ölkələr gələcəkdə daha da güclü olacaqlar ki, orada təhsilin səviyyəsi yüksəkdir. Belə olan halda Türkiyədə bu sahəyə ayrılan diqqət bizi həddindən artıq sevindirir. Azərbaycanda da təhsil sahəsi prioritetdir. Son 10 il ərzində Azərbaycanda 3 minə yaxın məktəb tikilib, təmir edilib və gənclərimiz üçün çox gözəl imkanlar yaradılıb".

Prezident deyib ki, bu məktəbdə peşə sahibləri oxuyacaqlar. Buradan çıxan peşə sahibləri bundan sonra Türkiyə və Azərbaycanın maraqlarını qoruyacaqlar: "Bura artıq Türkiyə-Azərbaycan dostluq, qardaşlıq mərkəzidir. Belə məktəbin açılması bizim hamımızı ürəkdən sevindirir. Gənclər bilikli, savadlı, eyni zamanda, vətənpərvər olmalıdırlar, öz vətənlərinə bağlı olmalıdırlar, tarixi də yaxşı bilməlidirlər. Tarixi həqiqətləri həm bilməli, həm də təbliğ etməlidirlər".

Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan və Türkiyə enerji, nəqliyyat layihələrini həyata keçirməklə iki ölkənin birliyini daha da gücləndirir: "Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolunun təməli də Qarsda qoyulub. TANAP layihəsinin təməli də Qarsda qoyulacaq".

İlham Əliyev qeyd edib: "Bu gün bizimlə birlikdə qardaş Gürcüstan dövlətinin prezidenti də iştirak edir. Buna görə mən çox minnətdaram ki, o, bu gün bizimlə bərabərdir. O, TANAP layihəsinin təməlqoyma mərasimində iştirak etmək üçün Qarsa gəlib. Amma bu gün Heydər Əliyevin adını daşıyan məktəbin açılışında da iştirak edir. Bizim üçtərəfli əməkdaşlığımız, qardaşlığımız, birliyimiz əbədidir. Üç ölkə - Azərbaycan, Türkiyə, Gürcüstan bundan sonra da bir yerdə olacaqlar, bir yerdə öz gələcəklərini quracaqlar, bir-birinə həmişə arxa, dayaq olacaqlar".

Prezident Qarsda olmağından çox məmnun olduğunu deyib: "Mən Qarsı yenilənmiş, inkişafda olan şəhər kimi görürəm və buna görə sizə, Türkiyə hökumətinə, dövlət başçısına minnətdaram. Qars bütün türk dünyası üçün əziz diyardır, əziz şəhərdir. Əminəm ki, bu gün Qarsda görülən işlər, xüsusilə də TANAP layihəsinin icrası Qars üçün yeni imkanlar açacaq. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!"


X X X

Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılışı keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak ediblər.

Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.
Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan geniş nitqlə çıxış ediblər.

Bu gün, eyni zamanda, Qarsda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Transanadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçiriləcək.

---------
15:45

Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılışı keçirilir. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak edirlər.

Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.

Prezident İlham Əliyev mərasimdə geniş nitqlə çıxış edib.

Bu gün, eyni zamanda, Qarsda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Transanadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçiriləcək.

----------
12:30

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının Qars şəhərinə işgüzar səfərə gəlib.

X X X

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.