İlham Əliyev: Dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılıb » Memur.az

İlham Əliyev: Dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılıb

İlham Əliyev: Dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılıb“Təcili tədbirlərin görülməsi labüd idi”.

Dövlət tərəfindən qəbul edilmiş təcili tədbirlər nəticəsində təkcə ilin birinci rübündə, - hələ ki rüb başa çatmayıb, - dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılmışdır. Bu, mənim göstərişimlə həyata keçirilən tədbirlərdir.

Memur.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində çıxışı zamanı bildirib.

Prezidentin sözlərinə görə, bununla belə hər bir ölkə çalışmalıdır ki, özəl sektorda iş yerləri açılsın.

“Bu istiqamətdə də işlər gedir. Biznes qurumlarına müvafiq tövsiyələr verildi. Onlara maliyyə dəstəyi də veriləcək. Xüsusilə bu il icrası nəzərdə tutulan layihələrin həcmi təxminən 1,5-2 milyard manat ətrafındadır. Yəni, bu, on minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Ancaq təcili tədbirlərin görülməsi də labüd idi. Yenə də deyirəm, dövlət sektorunda, dövlət şirkətləri və dövlət qurumları tərəfindən 30 minə yaxın iş yeri açılmışdır.

Bax, budur bizim sosial siyasətimiz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Baxmayaraq ki, gəlirlərimiz azalıb, neftin qiyməti kəskin şəkildə aşağı düşüb, biz maaşların, pensiyaların artırılması ilə bağlı qərar qəbul etmişik, 10 faiz artıbdır.

Hələlik bizim buna imkanımız çatır. Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər ətrafa baxsaq görərik ki, bu da nadir bir haldır, çünki xüsusilə dünya böhranı zamanı maaşlar artırılmır, kəsilir, verilmir. Biz isə sosial siyasətimizi bir daha göstəririk.

Göstəririk ki, Azərbaycan inamla inkişaf edəcək. Bu əminlik var. Heç bir böhran, neftin qiymətinin ucuzlaşması bizim siyasətimizə təsir etməyəcək. Bizim kifayət qədər resurslarımız, valyuta ehtiyatlarımız var, iqtisadi göstəricilərimiz çox müsbətdir. Əlbəttə ki, aparılan islahatlar bizi daha da gücləndirəcəkdir. Biz yeni sahələri işə salırıq ki, o sahələr ölkəmizə böyük siyasi və iqtisadi mənfəət gətirəcək”.