Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsilin göstəriciləri aşağıdır » Memur.az

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsilin göstəriciləri aşağıdır

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsilin göstəriciləri aşağıdır

Mikayıl Cabbarovun bir neçə ay əvvəl vəzifəyə qoyduğu Natiq Cavadov ümidləri doğrulda bilmir

Direktorun bəzi qanunsuzhərəkətləri müəllim və tələbə kollektivini bezdirib

Bildiyiniz kimi, dövlət tərəfindən təhsilə böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsi olaraq son illər ölkə ərazisində yüzlərlə məktəb binası təmir edilib, yeni məktəblər tikilib və hər cür avadanlıqlarla təchiz olunub. Buna baxmayaraq, bəzi təhsil müəssisələrində təhsilin səviyyəsi hələ də aşağıdır.

Buna misal olaraq Ağdam Dövlət Sosial-İqtisadi Kollecini göstərmək olar. Kollecdə yaşanan qanun pozuntuları ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Amma mətləbə keçməmişdən öncə bildirmək istəyirik ki, Quzanlı qəsəbəsində fəaliyyət göstərən Ağdam Dövlət Sosial-İqtisadi Kolleci 2 mərtəbəli binada yerləşir. Kollecdə tələbələrin yüksək səviyyədə təhsil alması üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Burda ibtidai təhsil, incəsənət və rəsmxətt, nəqliyyatda daşınmaların və idarəetmənin təşkili, maliyyə və vergi hüququ ixtisasları üzrə tədris prosesi aparılır. Adının çəkilməməsini xahiş edən mənbənin sözlərinə görə, bir neçə ay əvvəl kollecə direktor təyin edilən Natiq Cavadov işini düzgün şəkildə təşkil edə bilmir: "O əvvəllər Gəncə Aqrar Universitetində işləyib. Təhsil Nazirliyindəki adamlarının köməyi ilə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib. Lakin onun bu neçə ay ərzindəki fəaliyyəti elə də ürəkaçan olmayıb. Çünki təhsil ocağında hələ də köhnə problemlər, daha doğrusu köhnə "qaydalar" hökm sürür. Təhsilin göstəriciləri çox aşağıdır. Son zamanlar bu təhsil ocağında baş verən özbaşınalıqlar, qanunsuz əməllər kollecin imicinə xələl gətirib. Dərsə davamiyyəti olmayan, imtahanlarda iştirak etməyən tələbələrə onlardan nəysə alınmaqla qiymət yazılır. Kollecin fəaliyyəti ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara cavab vermir. Bəzi tələbələrin jurnalda adı var, amma semestr ərzində bir dəfə də olsa dərsə gəlmirlər. Direktor və şöbə müdirləri bu kimi hallara hansısa maraqlarının təmin olunması əvəzində göz yumurlar. Heç bir tələbə özünü əziyyətə salıb dərs oxumur. Müəllimlərin bir çoxu dərs vaxtı dərsə aidiyyəti olmayan söhbətlər edir, tələbələr isə ya telefonla oynayır, ya da bir-birləri ilə söhbət edirlər. Kollecdə normal dərs deyən, yəni peşə borcunu qüsursuz yerinə yetirən 3-4 müəllim var. Yalnız həmin müəllimlər pedaqoq kimi öz peşələrinə layiqincə xidmət edir, vəzifələrini tam şəkildə icra etməyə çalışırlar. Qalanları isə ancaq nə yolla olursa-olsun, tələbələrdən nəysə qoparmağı düşünürlər. Ağdam Dövlət Sosial-İqtisadi Kollecində oxuyub öz savadı ilə qiymət almaq istəyən tələbəyə pis baxırlar. Natiq müəllim kollecdə təhsilin inkişaf etməsi üçün lazım olan işləri görmür. Şöbə müdirləri, habelə bəzi müəllimlər direktora ən yaxın şəxslər hesab edilir. Bunun səbəbi isə odur ki, Natiq Cavadov özünəməxsus "üsulları" məhz şöbə müdirləri və müəllimlərin vasitəsilə tətbiq edir". Natiq Cavadovun tələbələrin yüksək səviyyədə təhsil almasına şərait yaratmadığını deyən mənbə bildirdi ki, direktor nazir Mikayıl Cabbarovun ona bəslədiyi ümidləri doğrultmayıb: "Ağdam Dövlət Sosial-İqtisadi Kollecində problemlər köhnədən var idi. Mikayıl müəllim kollecə yeni direktor təyin etdi ki, savadlı tələbələr yetişsin və cəmiyyətə peşəkar kadrlar hazırlansın. Əfsus ki, Natiq müəllim ona həvalə olunan işlərin öhdəsindən layiqincə gələ bilmir. Natiq Cavadov heç bir tələbəni və müəllimi razı salmayan sistem yaradıb. O, təhsil ocağındakı bütün gəlir mənbələrini nəzarət altında saxlayır və ordan əldə olunan gəlirlərin başqa istiqamətə getməsinə imkan vermir. Tələbələrin təqaüdləri, kollecin yeməkxanası və müəllimlərin dərs saatı kimi məsələlər direktorun diqtəsi altındadır. Bu gedişlə kollecdə təhsilin səviyyəsi daha da bərbad hala düşə bilər". İnanmaq istərdik ki, Təhsil Nazirliyinin rəhbərliyi və aidiyyəti dövlət qurumlarının məsul şəxsləri Ağdam Dövlət Sosial-İqtisadi Kollecində cərəyan edən neqativ halları araşdırıb direktor barəsində bir ölçü götürəcəklər.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

(Davamı olacaq)


Elvin Həkərili