Nəsimi Ağayev Oreqonun qubernatoru ilə görüşüb » Memur.az

Nəsimi Ağayev Oreqonun qubernatoru ilə görüşüb

Nəsimi Ağayev Oreqonun qubernatoru ilə görüşüb“Azərbaycan uğurlu tolerantlıq modeli nümayiş etdirir”.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Oreqon ştatına etdiyi işçi səfər müddətində ştatın qubernatoru, xanım Keyt Braunla (Kate Brown) ilə görüş keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Baş Konsulluqdan Memur.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Oreqon ştatı arasında müxtəlif sahələrdə, xüsusilə limançılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

N.Ağayev qubernatora Azərbaycanın tarixi, müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu, tolerantlıq və multikulturalizm ənənələri haqda məlumat verib.

Diplomat müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikanın Azərbaycanda qurulduğunu və ilk dəfə qadınlara səsvermə hüququnun məhz Azərbaycanda verildiyini diqqətə çatdırıb.

Baş konsul, həmçinin, Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açaraq, bu gün ölkəmizdə müxtəlif dinlərin və millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib. N.Ağayev son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və artıq özünü kifayət qədər təsdiq etmiş bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Öz növbəsində, qubernator Brown keçirilən görüşdən məmnunluq duyduğunu ifadə edərək, Azərbaycanla Oreqon ştatı arasında müxtəlif sahələrdə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını söyləyib.

Qeyd edək ki, Oreqon ştatına işçi səfəri zamanı baş konsul N.Ağayev ştatın dövlət katibi Cin Atkins (Jeanne Atkins), hər iki partiyanı təmsil edən müxtəlif qanunvericilər, ştatın ən böyük şəhəri olan Portlandın meri Çarli Heyls (Charlie Hales) ilə də görüşlər keçirib, Portland Ştat Universitetində tələbələr qarşısında çıxış edib.