"Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir" » Memur.az

"Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir"

"Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir"
"Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir"

06:03.2015
08:55

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 4-də Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirildi.

Bolqarıstan Prezidenti Rosen PLEVNELİYEV çıxış edərək dedi:

- Zati-aliləri.

Milli Assambleyanın sədrinin müavini.

Kabinetin üzvləri.

Zati-aliləri.

Xanımlar və cənablar.

Prezident İlham Əliyevi və onun rəhbərlik etdiyi nümayəndə heyətini Sofiyada salamlamaq mənim üçün şərəfdir. Səfəriniz Prezident Jelyu Jelev və Prezident Heydər Əliyev tərəfindən Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında Sazişin imzalanmasının 20-ci ildönümünə təsadüf edir. Hər iki dövlət başçısı münasibətlərimizin əsas prinsiplərini - xalqlarımızın rifahı və çiçəklənməsi naminə qarşılıqlı hörmət və anlaşmanı bizə miras qoyublar.

Biz ötən 20 ildə konkret layihələri icra etməklə tarixi əlaqələrimizi inkişaf etdirərək münasibətlərimizi praqmatizmlə zənginləşdirmişik. Bu gün Azərbaycan Bolqarıstanın çox dəyərli və etibarlı tərəfdaşıdır. Ən yüksək siyasi səviyyədə keçirilən müntəzəm görüşlər yeni əməkdaşlıq formalarını müəyyən etmək üçün iradəmizin mövcudluğunu sübut etmişdir. Bu gün Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış Birgə Bəyannamə münasibətlərimizi mühüm strateji səviyyəyə yüksəldərək yeni mərhələnin başlanğıcını qoymuşdur.

Bolqarıstan Prezidenti Rosen Plevneliyev çıxışında 2014-cü ilin sentyabrında Bakıya etdiyi səfər zamanı “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimində iştirakını xatırladı. Azərbaycanın iqtisadi baxımdan inkişaf etdiyini, beynəlxalq aləmdə rolunun artdığını, regionda aparıcı ölkəyə, neft və qaz sahəsində beynəlxalq ticarətdə mühüm amilə çevrildiyini diqqətə çatdıran Bolqarıstan dövlətinin başçısı dedi:

- Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində Avropa İttifaqının əsas tərəfdaşına çevrilmişdir. “Cənub” qaz dəhlizinin uğurla həyata keçirilməsi Bolqarıstanın yeganə boru xəttindən və təchizatçıdan uzunmüddətli asılılığına son qoyacaqdır. Keçən ilin sentyabr ayında Bakıda rəsmi mərasimdə yüksək səviyyədə təmsil olunmağımız da Bolqarıstan Respublikasının Avropa üçün strateji əhəmiyyət daşıyan bu infrastruktur layihəsinə verdiyi önəmin ifadəsidir. Bolqarıstan və Azərbaycan arasında enerji əməkdaşlığının təməlində hər il 1 milyard kubmetr qazın təchizi üzrə artıq imzalanmış müqavilə, habelə əlavə həcmlərin müzakirə olunması imkanı durur. Lakin biz daha yaxşı nəticələr də əldə edə bilərik. Biz Bolqarıstanda və Cənub-Şərqi Avropa regionunda mənzillərin qazla təmin olunması, qaz anbarları və qaz tranziti infrastrukturunun inşası sahəsində Azərbaycan ilə müştərək layihələrin həyata keçirilməsi imkanlarının araşdırılmasında maraqlıyıq.

X X X

Rəsmi ziyafətdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, Bolqarıstan xalqını milli bayramı – 3 mart Azadlıq Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zəngin tarixi və mədəniyyəti ilə seçilən Bolqarıstanı yenidən ziyarət etməyimdən çox məmnunam. Mən Sizin ölkənizə üçüncü səfərimi edirəm. Bu, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Səfərimin yekunlarını müsbət qiymətləndirirəm. Apardığımız danışıqlar və fikir mübadiləsi, imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bizi əmin edir ki, nəticələr uğurlu olacaq, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.

Azərbaycan və Bolqarıstan xalqları arasında münasibətlərin qədim tarixi var. Bizim mədəniyyət, incəsənət, elm sahəsində də əlaqələrimizi sübut edən çoxlu faktlar mövcuddur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri isə hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Görkəmli Azərbaycan şairləri, yazıçıları Bolqarıstana, bolqar xalqına həsr olunmuş gözəl əsərlər yazmışlar. Bolqar ədəbiyyatının klassikləri – İvan Vazovu, Xristo Botevi, Yemelyan Stanevi və bir çox başqalarını bu gün də Azərbaycanda sevərək oxuyurlar.

İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var. Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumu Azərbaycanı iqtisadi sahədə rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu da ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyuluşu, şirkətlərin fəaliyyəti və ikitərəfli əməkdaşlığın genişlənməsi üçün yaxşı şəraitin olduğunu göstərir.

Eyni zamanda, enerji sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri genişdir. Zəngin karbohidrogen ehtiyatlarına malik ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Hazırda Azərbaycandan enerji resurslarını müxtəlif istiqamətlərə nəql edən 7 neft və qaz kəməri mövcuddur. Azərbaycan TANAP layihəsinin əsas səhmdarıdır, TAP və “Şahdəniz” layihələrində isə böyük paya malikdir. Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi ilə bərabər bu layihələr hazırda Avropada inşa edilən ən böyük, dəyəri ən azı 45 milyard dollar olan infrastruktur layihəsidir.

Azərbaycan yalnız enerji sektorunun inkişafı ilə kifayətlənmir. Biz regional əməkdaşlığa töhfə verən digər layihələrə də böyük sərmayələr qoyuruq. Bu il Xəzər dənizində ən böyük Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatacaqdır. Bununla da Asiya ilə Avropanı birləşdirəcək ən rahat və qısa dəmir yolu istifadəyə veriləcəkdir.

Azərbaycan öz nəqliyyat infrastrukturunun imkanlarını tərəfdaşları ilə bölüşməyə hazırdır. Ölkələrimiz arasında humanitar sahədə münasibətlərin uğurla inkişaf etdirilməsi üçün də geniş imkanlar mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir. 2004-cü ildən isə Bolqar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində bolqar gənclərini Azərbaycanın mədəniyyəti, dili və ədəbiyyatı ilə yaxından tanış etmək məqsədilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi yaradılmışdır. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur.

Bolqarıstan ilə Avropa İttifaqı çərçivəsində mövcud olan əməkdaşlığımız da məmnunluq doğurur. Azərbaycan artıq neçə illərdir ki, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də cari ilin iyununda ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarıdır. Yüksək səviyyədə təşkil edəcəyimiz bu yarışlarda iştirak edəcək bolqarıstanlı atletlərə uğurlar arzulayıram.

Azərbaycan, eyni zamanda, yerləşdiyi regionda təhlükəsizliyin və sabitliyin qorunmasında, inkişafın və beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynayır. Bununla belə, əfsuslar olsun ki, regionun ən ağrılı problemi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsi var ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT, NATO, Avropa Parlamenti, AŞPA, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bir daha qeyd etmək istəyirəm ki, bu gün imzalanmış “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstan tərəfinə minnətdarlığımı bildirirəm.

X X X

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri martın 5-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

----------------
04.03.2015
22:39

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun mətbuat konfransı olub.

Baş nazir Boyko Borisov Prezident İlham Əliyevi bir daha salamladı və sözü dövlətimizin başçısına verdi.

Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Bolqarıstana budəfəki səfəri zamanı bu əlaqələrin müxtəlif aspektlərinin müzakirə olunduğunu söylədi. Prezident İlham Əliyev qeyd etdi ki, Bolqarıstan ilə Azərbaycan arasında siyasi əlaqələr güclüdür və bu əlaqələrin gözəl perspektivləri var. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı mövcuddur. Bolqar şirkətlərinin Azərbaycana investisiya qoymaq perspektivləri də böyükdür.

Dövlətimizin başçısı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə toxunaraq bu layihənin Avropanı Asiya ilə birləşdirməkdə mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Bolqarıstanda keçirdiyi görüşlər zamanı müzakirə olunan məsələlər içərisində enerji layihələrinin əsas mövzu olduğunu vurğulayan Prezident İlham Əliyev bu baxımdan “Cənub” qaz dəhlizinin önəmindən danışdı. Bildirdi ki, TANAP və TAP layihələrinin tikintisi “Cənub” qaz dəhlizi layihəsini formalaşdırır və bundan sonra da Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu davam etdirəcək. Bolqarıstanın da “Cənub” qaz dəhlizi layihəsinin iştirakçısı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev gələcəkdə tranzit ölkə kimi Bolqarıstanın həmin layihədə mühüm rol oynayacağını vurğuladı.

Bolqarıstanı Azərbaycanın yaxın dostu kimi dəyərləndirən Prezident İlham Əliyev bir daha milli bayram münasibətilə təbriklərini çatdırdı.

Baş nazir Boyko Borisov qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu və dedi ki, belə səfərlər nəzərdə tutulan layihələrin uğurlu icrasına güclü təkan verir. Baş nazir qeyd etdi ki, Bolqarıstanda siyasi hakimiyyəti kimin təmsil etməsindən asılı olmayaraq hər zaman Azərbaycan və “Cənub” qaz dəhlizi dəstəklənəcək. Çünki bu layihə Bolqarıstanın qaz-nəqliyyat sisteminin inkişafına güclü təkan verəcək.

Bolqarıstanın Baş naziri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmindən danışdı. O, ölkələrimiz arasında inşaat, əczaçılıq, səhiyyə, kənd təsərrüfatı, idman və digər sahələrdə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğuladı.

Sonra Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov jurnalistlərin suallarını cavablandırdılar.

X X X

Daha sonra Baş nazir Boyko Borisovun adından nahar verildi.

--------
22:23

Prezident İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində Müqəddəs Sofiya kilsəsində olub.

Milli.Az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Bolqarıstan paytaxtının mərkəzi hissəsində yerləşən Müqəddəs Sofiya kilsəsi bu ölkənin diqqəti cəlb edən ən qədim məbədidir.

Kilsənin ayrı-ayrı guşələri və eksponatları ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, tarixi mənbələrdə burada ilk kilsənin 311-313-cü illərdə tikildiyi göstərilir. Sonralar məbəd imperator I Konstantin tərəfindən daha da genişləndirilib. Sonrakı əsrlərdə müxtəlif müharibələr zamanı kilsə dağıntılara məruz qalıb. 537-ci ildə imperator I Yustinian məbədi yenidən bərpa etdirib. Orta əsrlərdə bu tikili imperiyanın baş məbədi olub. Osmanlı imperiyası dövründə məbəd bir müddət məscid funksiyasını yerinə yetirib. Bolqarıstan paytaxtının adı da ilkin mənbəyini artıq 1700 ildir ki, dindarların əsas ibadət yeri kimi fəaliyyət göstərən bu məbəddən götürüb. XIII əsrdən başlayaraq yerli əhali bu şəhərə yunanca mənası “müdriklik” olan Sofiya adını verib. XIV əsrdən başlayaraq bolqar çarlarının bütün sənədlərində paytaxt şəhər Sofiya olduğu göstərilir. Bu kilsə dini məbəd olmaqla yanaşı, tarixi abidə kimi Bolqarıstanın diqqətçəkən turizm obyektlərindən sayılır.

Prezident İlham Əliyev məbədin xatirə kitabına ürək sözlərini yazdı.

---------
20:42

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə geniş tərkibdə görüşü olub.

Prezident Rosen Plevneliyev dedi:

- Cənab Prezident.

Azərbaycan hökumətinin üzvləri.

Sizi Bolqarıstanın milli bayramından bir gün sonra, dostluq rəmzlərimizi paylaşdığımız bir vaxtda qarşılamaq mənim üçün böyük şərəfdir. Ölkələrimiz arasında əsrlər boyu mövcud olan dostluğun davamı kimi bu gün biz Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacağıq. Bolqar xalqı Sizin səfərinizdən məmnunluq duyur, çünki Azərbaycan bizim üçün çox yaxşı, etibarlı dost və tərəfdaşdır. Strateji tərəfdaşlıq çərçivəsində bütün sahələrdə əməkdaşlıq üçün yeni üfüqlər açılır. Mən bu uğurdan çox qürur duyuram və bundan sonra bu nailiyyətin təfərrüatları üzərində çalışacaq hər kəsə uğurlar arzulamaq istəyirəm. Bir daha Bolqarıstana xoş gəlmisiniz.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Cənab Prezident, təşəkkür edirəm.

Sizin gözəl ölkənizə yenidən səfər etməyimə çox şadam. Fürsətdən istifadə edərək Sizi və bütün bolqar xalqını dünən qeyd etdiyiniz milli bayramınız münasibətilə təbrik etmək istərdim. Mənə hədiyyə etdiyiniz bu gözəl yaz rəmzinə görə təşəkkür edirəm. Mən bunu həm də dostluq rəmzi hesab edirəm. Sizin dediyiniz kimi, Bolqarıstanda bu rəmzləri ailə üzvlərinə və dostlara hədiyyə edirlər. Biz yaxşı dostlarıq və strateji tərəfdaşlığımızı gücləndirəcəyik.

Görüşdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edildi. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

---------
18:46

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun mətbuat konfransı olub.

---------
18:03

Xüsusi müxbirimiz xəbər verir ki, martın 4-də Sofiyada Prezident İlham Əliyevin və Baş nazir Boyko Borisovun geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvaylo Moskovski imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokol”u Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov və Bolqarıstanın turizm nazirinin müavini xanım İrena Georgiyeva imzaladılar.

X X X

Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirildi. Azərbaycan Prezidentinin Bolqarıstana rəsmi səfərinin iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi üçün önəmli olduğu vurğulandı. Ölkələrimizin energetika sahəsində, həmçinin “Cənub” qaz dəhlizi layihəsində uğurlu əməkdaşlığının önəmi qeyd olundu. Azərbaycan ilə Bolqarıstan arasında dostluq münasibətlərinin əlaqələrimizin daha da genişləndirilməsinə təkan verdiyi bildirildi.

Söhbət zamanı, həmçinin infrastruktur, sənaye, nəqliyyat, maliyyə, turizm, idman, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

---------
17:25

Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov əvvəlcə rəsmi foto çəkdirdilər.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsinin önəmi vurğulandı. İqtisadi əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair ətraflı fikir mübadiləsi aparıldı.

---------
15:21

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında strateji əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edildi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

X X X

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 4-də Sofiyada geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzaladılar.

----------
15:08

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə təkbətək görüşü olub.

Dövlət başçıları əvvəlcə rəsmi foto çəkdirdilər.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə böyük töhfə verəcəyi qeyd olundu. Əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivin və yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

---------
12:16

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.

X X X

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 4-də Sofiyanın Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Bolqarıstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rosen Plevneliyev qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamladı.

Bolqarıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Rosen Plevneliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçdi.