“Azəryolservis”in sədr əvəzi kimin himayəsinə arxalanır? » Memur.az

“Azəryolservis”in sədr əvəzi kimin himayəsinə arxalanır?

“Azəryolservis”in sədr əvəzi kimin himayəsinə arxalanır?

Saleh Məmmədov ASC-də ciddi kadr islahatlarına start verib

Bu ilin fevral ayının əvvəllərində ölkə başçısının sərəncamı ilə Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsinə təyin olunduqdan sonra bir müddət onun yerinə namizəd axtarışına start verildi. Beləliklə, bir neçə gün sonra, daha dəqiq desək, fevralın 10-da nəqliyyat naziri Ziya Məmmədov Bakı şəhər 1 saylı Yol İstismarı İdarəsinin rəisi Saleh Məmmədovun "Azəryolservis" ASC-nin sədri vəzifəsinə müvəqqəti təyinatı haqqında əmr imzalayıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Saleh Məmmədov 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə daxil olub, 1980-ci ildə təhsilini başa vuraraq inşaat-mühəndis ixtisasına yiyələnib. Uzun müddət yol təsərrüfatının müxtəlif qurumlarında mühəndislikdən rəis vəzifəsinədək yüksəlib. 1982-1993-cü illərdə "Yol Təmir Tikinti" Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis, rəis, 1991-1993-cü illərdə 3 saylı Yol Tikinti İdarəsində rəis, 1995-2003-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətinin Körpütikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol İstismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsində çalışıb. 2003-cü ildən "Azəryolservis" ASC-nin Bakı şəhər 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsində çalışır.

Bu arada, "Azəryolservis" ASC-nin sədri vəzifəsinə müavinlərdən birinin deyil, məhz Saleh Məmmədovun gətirilməsinin əksəriyyət tərəfindən təəccüblə qarşılandığını bildirən məlumatlı şəxsin sözlərinə görə, Cavid Qurbanov öz yerinə yaxın adamlarından birinin təyin olunmasına çalışsa da, nəqliyyat naziri Ziya Məmmədov bunun əleyhinə olub: "Elə bu səbəbdən də "Azəryolservis" ASC-nin idarəçiliyinin Saleh Məmmədova həvalə olunması Ziya Məmmədovla Cavid Qurbanov arasındakı ziddiyyətlərin təzahürü kimi qiymətləndirilir". Mənbə iddia edir ki, Saleh Məmmədov Bakı şəhər 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsindən birbaşa "Azəryolservis" ASC-nin rəhbəri postuna gətirilməyib: "Belə ki, nəqliyyat naziri əvvəlcə Saleh Məmmədovu "Azəryolservis" ASC-də birinci müavin postuna təyin edib. Həmin vəzifədə çalışan və Cavid Qurbanova yaxınlığı ilə seçilən Bayram Hüseynov isə təqaüdə göndərilib. Burada maraqlı məqamlardan biri də odur ki, nəqliyyat nazirinin yaxın adamlarından olan Şaiq Bilalov da "Azəryolservis"də müavin vəzifəsi daşıyır. Onun 70-dən artıq yaşı var. Maraqlıdır ki, nazir qohumunu saxlayaraq ondan 5 yaş kiçik Bayram Hüseynovu yaş senzi adı ilə işdən çıxarıb. Heç şübhəsiz ki, Bayram Hüseynov Cavid Qurbanova yaxın şəxs olduğu üçün işdən çıxarılıb. Bu qənaətə gəlmək olar ki, Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" QSC-də nəqliyyat nazirinə yaxın şəxsləri işdən çıxarması buna cavab olaraq atılmış addımdır".

Məsələ ilə bağlı əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, nəqliyyat naziri Cavid Qurbanovun "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin kollektivinə təqdimatı zamanı "Azəryolservis" ASC-yə məhz Saleh Məmmədovun təyin ediləcəyini bəyanlayıb. Məlumatlı şəxs bildirir ki, bu, ASC-nin rəhbər şəxsləri arasında sevinclə qarşılanıb: "Çünki kənar şəxsin təyinatı arzuolunmazdır. Yəni kənar şəxsin "Azəryolservis" daxilində kadr islahatı aparacağı şübhəsizdir". Saleh Məmmədovun nüfuzlu şəxslərdən birinin himayəsi altında olduğunu və bu səbəbdən də toxunulmazlıq qazandığını vurğulayan mənbənin sözlərinə görə, Cavid Qurbanov "Azəryolservis"ə rəhbər təyin edildikdən sonra Saleh Məmmədovu işdən uzaqlaşdırmışdı: "Lakin Saleh Məmmədovun himayəsinə arxalandığı şəxsin işə müdaxiləsindən sonra o, işə geri qaytarıldı, hətta "Azəryolservis" ASC-nin əsas idarəsi olan Bakı 1 saylı Yol İstismarı İdarəsinə rəis təyin edildi. Elə o zaman bəlli idi ki, Saleh Məmmədov qısa müddət ərzində vəzifə yüksəlişinə nail olacaq".

Saleh Məmmədovun "Azəryolservis"ə rəhbər təyin edilməsindən sonra adıçəkilən qurumda köklü kadr islahatlarına start verildiyini iddia edən mənbə bildirir ki, artıq ASC-nin bir çox vəzifəli şəxslərinə xəbərdarlıq olunub: "Hətta ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pünhan Mürsəliyevin yaxın günlərdə vəzifədən azad olunacağı da gözlənilir. Çünki onun mətbuata qapalı fəaliyyəti, ictimai rəylə hesablaşmaması qurumun sədr əvəzi Saleh Məmmədovun hiddətinə səbəb olub və o, mətbuat katibinin yenisilə əvəz olunmasına qərar verib. Görünən odur ki, Saleh Məmmədovun kadr islahatları bununla kifayətlənən deyil".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S. Bəs Saleh Məmmədovun öz məsələsi? Bu haqda sonra.

Sərxan Məlikbəyli