Azərbaycanın daha bir uğuru: G20-də yenidən təmsil oluna bilərik » Memur.az

Azərbaycanın daha bir uğuru: G20-də yenidən təmsil oluna bilərik

Azərbaycanın daha bir uğuru: G20-də yenidən təmsil oluna bilərik

"Böyük İyirmiliy"in Türkiyədə keçirilən sammitində dünya liderlərinin imzaladığı yekun qətnamədə Azərbaycanın irəli sürdüyü təkliflər də yer alıb.
Bu barədə Memur.Az-a Türkiyənın Antalya şəhərində "Böyük İyirmiliy"in (G20) Sammiti çərçivəsində elm adamlarının iştirak etdiyi "Beyin İyirmi" (T20) platformasındakı müzakirələrdə iştirak etmiş azərbaycanlı iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov deyib.



İŞİM rəhbəri qeyd edib ki, "Beyin 20" sammitində ekspertlərlə yanaşı, aparıcı beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif aparıcı ölkələri təmsil edən nazirlər də iştirak ediblər. Platformada mövcud qlobal vəziyyət qiymətləndirilərək dünya liderlərinin zirvə görüşü üçün təkliflər paketi hazırlanıb: "Təsadüfi deyil ki, "Beyin 20"də hazırlanan xeyli təkliflər sonda dünya liderləri tərəfindən imzalanan qətnamədə yer alıb. Çünki beyin mərkəzləri artıq G20-də xüsusi statusa malikdirlər. Çünki "Böyük İyirmiliy"in müstəqil araşdırmalara və təkliflərə ciddi ehtiyac var. Ona görə də "Beyin İyirmi" G20-nin əsas platformalarından biridir. Onun əsas işi sammitin fəlaiyyət planının qiymətləndirilməsi və onun əsasında təkliflər paketini hazırlamaqdır və "Beyin 20" də bu məsələdə öz töhfəsini verdi".

V.Bayramov bildirib ki, yekundə dünya liderlərinin imzaladığı qətnamədə Azərbaycanın təklifləri də yer alıb: ""Beyin 20"də Azərbaycanı mənimlə yanaşı Prezident Adminstrasiyasından olan nümayəndələr də təmsil edirdi. Çox fərəhləndiricidir ki, dünya liderlərinin sonda qəbul etdikləri qətnamədə yer alan təkliflər arasında azərbaycanlı nümayəndə heyətinin irəli sürdüyü təkliflər də yer alıb. Əsasən, innovasiyalar, elektronlaşmanın iqtisadi inkişafda rolu, iqlim dəyişiklikləri və s. məsələlərlə bağlı təkliflərimiz qəbul edildi".



İSİM rəhbəri əlavə edib ki, Azərbaycan G20-yə birbaşa üzv olmasa da, bundan sonra forumun sammitlərində təmsil oluna bilər: "Bu dəfə Azərbaycan ev sahibi Türkiyə tərəfindən dəvət edildiyinə görə G20-də iştirak edirdi. Lakin ölkəmiz "Beyin 20"də bundan sonra da təmsil oluna bilər. Çünki bu platforma nisbətən digər ölkələrə də açıq olur. "Beyin 20"nın Antalyadakı toplantısında da digər ölkələrin nümayəndələri iştirak edirdi. Artıq G20-yə sədrlik edən Çinin Elmlər Akademiyası toplantıdan əvvəl beyin mərkəzlərinın Pekində keçirilən yığıncağına bizim təşkilatı da dəvət etmişdi. Ona görə də bu əməkdaşlıq gələcəkdə də davam edə bilər".



Qeyd edək ki, G20-nin Antalya sammiti noyabrın 15-16-da, "Beyin 20" platforması isə noyabrın 13-14-də keçirilib.
Xatırladaq ki, G20-yə Almaniya, ABŞ, Argentina, Avstraliya, Braziliya, Çin, İndoneziya, Fransa, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Hindistan, Britaniya, İtaliya, Yaponiya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Avropa Birliyi ölkələri daxildir.

Dünyadakı ümumdaxili məhsulun 90 faizi, qlobal ticarətin 80 faizi və dünya əhalisinin 2/3 hissəsi G20 ölkələrinin payına düşür.