Avropa üçün qorxulu tendensiya başlayıb » Memur.az

Avropa üçün qorxulu tendensiya başlayıb

Avropa üçün qorxulu tendensiya başlayıb

Parisdə baş verən terror aktları Avropada insanlar üçün, ümumiyyətlə, sülh üçün böyük təhdiddir. İnanmaq istəyirik ki, Avropa Birliyi və Avropa dövlətlərinin hökumətləri ciddi addımlar atacaqlar.
Memur.Az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov Parisdə törədilən silsilə terror aktları ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Millət vəkili terror qurbanlarının ailələrinə, bütün Fransa xalqına bağşsağlığı verdiyini deyib: "Əvvəla, biz Parisdə faciənin baş verməsinə görə çox üzülürük və terror aktları qurbanlarının hamısının ailələrinə başsağlığı veririk. Bu hadisələr nəticəsində çoxlu insan həyatını itirib. Təbii ki, onların yaxınlarının ağrısı böyükdür. Bu ağır günlərdə dost Fransa xalqı ilə həmrəyik. Biz də millət vəkilləri olaraq fransalı həmkarlarımızla əlaqə saxlayıb onlara dərin hüznlə başsağlığı veririk".

F.Muradov hesab edir ki, Avropada yaranmış qorxulu tendensiyanın aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir: "Təəssüf ki, bu hadisələr Avropanın mərkəzində baş verir. Bu aktların məqsədi, ilk növbədə, qorxu yaratmaqdır. İkincisi, Suriya, Əfqanıstan, Liviya, İraqda uzun illərdir ki, müharibələr, silahlı münaqişələr baş verir, bu cür problemlər yaşanır. Bu hadisələrin fonunda bu bölgədən Avropaya gələn qaçqınların sayı da günbəgün artır. Ona görə də hesab edirəm ki, Avropa üçün çox qorxulu tendensiya başlayıb. Yəqin ki, bununla bağlı tədbirlər görüləcək. Burada daha çox siyasi tədbirlərin görülməsinə ehtiyac var. Fikrimcə, Avropa Birliyi də çoxdan bu istiqamətdə düşünməli idi, indi isə artıq konkret işlər görməlidir".

Onun fikrincə, Parisdəki terror aktlarından sonra müsəlman qaçqınların düşərgəsinin yandırılması çox mənfi xarakter ala bilər: "Avropa ölkələrinin həyata keçirdiyi siyasət budur ki, onlar Yaxın Şərq regionunda baş verən proseslərdən kənarda qalma, hadisələrə qarışmama mövqeyini tutublar. Eyni zamanda həmin bölgədən olan qaçqın və məcburi köçkünlərin də taleyinin necə olacağı bəlli deyil. Elə vəziyyət yaranıb ki, bəzi yerlərdə onlar ölkələrini sərhədlərini nəzarətsiz keçirlər, bəzi yerlərdə isə ciddi problemlərlə üzləşirlər. Mən deyə bilmərəm ki, hadisələr məhz bununla bağlıdır. Amma fakt odur ki, İŞİD terror təşkilatı bu aktın törədilməsini öz boynuna götürüb. Təəəsüflər olsun ki, Avropa Birliyində, onsuz da, son illər çox ciddi islamofob yanaşmalar yayılmağa başlayıb. Parisdəki terror aktları isə onsuz da, gərgin olan bu münasibətləri daha da gərginləşdirəcək. Ona görə də artıq Avropa siyasətçilərinin cəmiyyətdə bu gərginliyin aradan götürülməsi ilə bağlı real işlərlə məşğul olması daha yaxşı olardı".

Qeyd edək ki, Fransanın paytaxtı Parisin 7 ayrı-ayrı yerində terror aktları törədilib. Hadisələr nəticəsində 150 nəfərdən çox insan ölüb. Terror aktlarının törədilməsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.