Prezident İlham Əliyevin Zaqatalaya səfəri » Memur.az

Prezident İlham Əliyevin Zaqatalaya səfəri

Prezident İlham Əliyevin Zaqatalaya səfəri

Memur.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 4-də Zaqatalaya səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş "Qızılgül" körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Ümumi sahəsi 1280 kvadratmetr olan bina 100 uşaq üçün nəzərdə tutulub. İkimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolar sərgilənir. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək. Burada 1 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Binada müəllimlər, tibb, qəbul, yataq, kompyuter otaqları, idman, oyun, musiqi zalları yaradılıb.

Körpələr evi-uşaq bağçasında 28 pedaqoji işçinin çalışması nəzərdə tutulub. Bir sözlə, uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün binada hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Körpələr evi-uşaq bağçasında uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.

Bina havalandırma sistemi, çamaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub. Ərazidə geniş yaşıllıq zolağı salınıb.

---------

12:49

Memur.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 4-də Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Bu yolun yenidən qurulması üçün 2013-cü ilin fevralında dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,5 milyon manat vəsait ayrılıb. Həmin ilin iyununda tikinti işlərinə başlanıb. Ümumi uzunluğu 28 kilometr olan yolun 24,5 kilometri artıq istismara hazırdır. Dördüncü texniki dərəcəli yolun eni 10 metrdir. Ərazidən asılı olaraq onun 6,5 metrini asfalt örtüyü, 3-4 metrini çiyin təşkil edir. Avtomobil yoluna 10 santimetr hündürlüyündə 2 qatdan ibarət asfalt beton örtüyü döşənib.

Yolun əhəmiyyətini artıran əsas amil onun 12 yaşayış məntəqəsini birləşdirməsidir. Bu isə 15,6 min insanın rahatlığını təmin edəcək.

Prezident İlham Əliyevə Zaqatala şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verildi. Görülən işlər 2011-ci ildən həyata keçirilən layihənin - Zaqatala şəhərinin qədim hissəsinin - tarixi mərkəzinin bərpası və yenidən qurulması layihəsinin davamıdır. Bu ərazidəki binaların böyük əksəriyyəti XIX əsrdə inşa edilib. 2014-cü ildən başlanılan yenidənqurma və bərpa işləri çərçivəsində 28 May və Qarabağ küçələrində 60-dan çox yaşayış binasında, sahibkarlıq obyektlərində bərpa işləri aparılıb, 5400 kvadratmetr asfalt örtüyü salınıb, yağış sularının axıdılması üçün arxlar qazılıb, yaşıllıq və işıqlandırma işləri görülüb. Binaların fasadları təbii çay daşı və kərpiclə üzlənib ki, bu da əraziyə xüsusi gözəllik verir.

Burada dövlətimizin başçısına, həmçinin Zaqatala rayonunun Yuxarı və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri barədə məlumat verildi. Əsaslı təmir zamanı Yuxarı Tala kəndinə girişdə yol qovşağı inşa edilib, ərazi abadlaşdırılıb. Avtomobil yolunun Yuxarı Tala və Aşağı Tala kəndləri ərazisindən keçən hissəsində ikitərəfli yola keçid üçün yolun genişləndirilməsi məqsədilə 2 min metr uzunluğunda ikitərəfli istinad divarı və səki inşa edilib. Ümumilikdə, 4 kilometr uzunluğu olan yolda görülən işlər çərçivəsində müasir dayanacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb. Hazırda yolun digər hissələrinin genişləndirilməsi və abadlaşdırılması işləri davam etdirilir.

Sonra dövlətimizin başçısı Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

----------

12:36

Noyabrın 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib.

Memur.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Zaqatala şəhərindəki Heydər Əliyev Parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə prezident İlham Əliyevə parkda aparılan abadlıq işləri barədə məlumat verdi. İndi bu park Zaqatala sakinlərinin, rayona gələn qonaqların ən sevimli istirahət mərkəzinə çevrilib.