Şamaxıda baş verənlər » Memur.az

Şamaxıda baş verənlər

Şamaxıda baş verənlər

Şamaxıda qədim məzarlıq dağıdılıb

Toğrul Salahov: «Rayonun Göylər kəndindəki qədim və tarixi abidə, sırasında türk əsgərlərinin də qəbri ehtimal edilən tarixi məzarlıq İcra nümayəndəsi İxtiyar Xəlilov tərəfindən darmadağın edilib, yerində evlər, ticarət obyektləri tikilməkdədir»
Dünən əməkdaşımızla görüşən Şamaxının Göylər kəndinin sakini, Azərbaycan idman ustası Toğrul Salahov yaşadığı kənddə baş verən bir dəhşətli hadisədən danışıb. O, təqdim etdiyi video və foto görüntülərlə təsdiq etmişdir ki, Göylər kəndinin icra nümayəndəsi İxtiyar Xəlilov Göylər kəndindəki qədim və tarixi abidə, arasında türk əsgərlərinin də qəbri ehtimal edilən tarixi məzarlığı dağıtdıraraq yer üzündən sildirib, hətta qəbirlərin üzərində evlər, ticarət obyektləri tikilmişdir: «İxtiyar Xəlilovun qanunsuz hərəkətlərinə qarşı artıq imzatoplama kampaniyasına başlanılıb və Sizə təqdim edilən bu video və fotolar Prezident İlham Əliyevə, tarixi abidələrimizə ürək yanğısı ilə yanaşan Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya, Mədəniyyət və Turizm Nazirliyinə, Şamaxı rayon İcra Hakimiyyətinin başçısına, həmçinin digər dövlət qurumlarına göndəriləcək… Kənd sakinlərini və kəndin ziyalılarını, təəssübkeşlərini narahat edən budur ki, düşmənimiz ermənilər Azərbaycana məxsus tarixi mənbələri və daş abidələri özlərinkiləşdirirlər, öz adlarına çıxırlar, izimizi yer üzündən silirlər, Göylər kəndinin icra nümayəndəsi İxtiyar Xəlilov isə kəndəki qədim, tarixi məzarlığı darmadağın etdirib, hamımızın gözü qarşısında tariximizə böyük hörmətsizlik nümayəiş etdirir… O, qardaşı, Şamaxı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Tərlan Xəlilova, digər vəzifəli qohumlarına arxayınlaşaraq istədiyini edir. Qanunsuzluq və özbaşınalıq o həddə çatıb ki, hətta Tərlan Xəlilovun sürücüsü də onlara qoşulub, qədim məzarlığı mal tövləsinin peyin və tullantılarının zibilxanasına çevirib. Bu qədər insafsızlıq, tariximizə qənimkəsilmə olarmı??? Təqdim etdiyim üç ədəd videoda siz bunları gördünüz. İstəyirik ki, cənab Prezident bu məsələyə ciddi reaksiya versin və kənd icra nümayəndəsi İxtiyar Xəlilovun bu hərəkəti cavabsız qalmasın. Kadrlarda qədim məzar daşlarının sındırıldığı, qəbiristanlığın ərazisinin əkin, həyətyanı torpaq sahəsi kimi satılması, burada ticarət obyekti, evlər tikildiyi aydın görünür…».