Gəncə Vaqon Deposunda özbaşınalıq hökm sürür » Memur.az

Gəncə Vaqon Deposunda özbaşınalıq hökm sürür

Gəncə Vaqon Deposunda özbaşınalıq hökm sürür

Bəşir müəllimin fəaliyyəti niyə araşdırılmır?

"Azərbaycan Dəmir Yolları" QSC-nin Yük Daşımaları Departamentinin Gəncə Vaqon Deposu uzun müddətdir ki, fəaliyyət göstərir. Lakin bu deponun fəaliyyətində bir sıra nöqsanların olması danılmaz fakta çevrilib. Gəncə Vaqon Deposunun fəaliyyəti qənaətbəxş hesab olunmur.

Əldə etdiyimiz məlumata görə, deponun rəisi Bəşir müəllim vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Yalnız və yalnız öz maraqları üçün çalışır. Sözügedən qurum istənilən səviyyədə fəaliyyət göstərmir. Hər kəsə bəllidir ki, dəmiryolundan istifadə sərnişinlər üçün sərfəlidir. Belə ki, dəmiryolu təhlükəsiz olmaqla yanaşı, həm də maddi cəhətdən insanlar üçün əlverişli nəqliyyat növüdür. Lakin son zamanlar dəmir yolllarından istifadə edənlərin sayı kəskin şəkildə azalıb. Bundan başqa vaqon qıtlığı yaranıb. 1978-ci ildə inşa edilən və o dövrdən bu günə kimi fəaliyyət göstərən Gəncə Vaqon Deposunda da vəziyyət olduqca acınacaqlıdır. Məlumatınız olsun ki, depo Nəqliyyat Nazirliyi tərəfindən yenidən qurulub. Mövcud olan hər iki inzibati binanın görkəmi dəyişib, fəaliyyətdə olan əsas sexlər təmir olunub. Bundan əlavə binanın həyətində yeni bağ salınıb. Binanın kommunikasiya xətləri yenilənərək vaqon deposunadək olan avtomobil yoluna asfalt örtük salınıb. Yəni dövlət tərəfindən Gəncə Vaqon Deposunun normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb. Buna baxmayaraq, deponun rəisi Bəşir müəllim dövlət tərəfindən yaradılan bu şəraiti düzgün qiymətləndirə bilmir.

Yerli və xarici ölkə qatarlarının təhlükəsiz hərəkəti məqsədi ilə deponun 5 texniki xidmət məntəqəsi fəaliyyət göstərir. Depoda həm respublikamıza, həm də xarici dövlətlərə məxsus vaqonlar təmir edilir. Burda aparılan təmir işlərinin keyfiyyəti isə çox aşağıdır. Vaqonların təmiri zamanı külli miqdarda vəsait təyinatdan kənar işlərə sərf edilir.

Ona görə də nəzərdə tutulan təmir işləri keyfiyyətsiz şəkildə həyata keçirilir. Bir neçə il əvvəl Gəncə Vaqon Deposu tənəzzül dövrünü yaşayırdı, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Sağ olsun, ölkə rəhbərliyi depoda onlarla insanın çalışdığını nəzərə alaraq buranın bağlanmasına imkan vermədi. Deponun hazırkı fəaliyyəti sıfra bərabərdir. İşçilərin əmək şəraiti çox ağırdır. Bəzi hallarda depo rəisi onları iş saatından artıq işlədir, amma bunun müqabilində işçilərə əlavə əməkhaqqı verilmir. Bir sözlə, Gəncə Vaqon Deposunda vəziyyət kritik həddə çatıb.

Ona görə də Bəşir müəllimin vəzifədə qalması lazım deyil. Bu şəxs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmir. O vəzifəyə gələndən bəri Gəncə Vaqon Deposunda yalnız və yalnız problemlər yaşanır. Xüsusilə də dövlət büdcəsindən ayrılan vəsaitlər lazımlı yerlərə sərf olunmur. Əgər dövlət büdcəsindən ayrılan maliyyə düzgün yerlərə xərclənsəydi, bu gün bu sahədə problem yaşanmazdı və bu gün dəmir yollarındakı daşınma səviyyəsi ən öncül yerlərdən birini tutardı. Təəssüf ki, adını çəkdiyimiz şəxsi yalnız öz maraqları düşündürür. Xalqın, millətin rahatlığı onu maraqlandırmır. Ona görə də bu şəxsin vəzifədən uzaqlaşdırılmasına ehtiyac var.

Nuray KAZIMOVA