Siyəzən Regional Diaqnostika Mərkəzində baş vermiş acı gerçək » Memur.az

Siyəzən Regional Diaqnostika Mərkəzində baş vermiş acı gerçək

Siyəzən Regional Diaqnostika Mərkəzində baş vermiş acı gerçək

Daha bir körpə anasız qaldı

Bəzən neçə illər uşaq sahibi ola bilməyən qadınlar doğuş zamanı ya özü dünyasını dəyişir, ya da körpəsi dünyaya göz açmamış ölür. Ümumiyyətlə, son bir neçə ildir ki, ana və uşaq ölümləri gündəmdən düşmür. Qəzetimizin ötən saylarında bu məsələyə yer ayırsaq, mövcud problemləri, ana və uşaqların nə səbəbdən ölməsini qeyd etsək də, bu məsələ hələ ki, öz həllini tapmır.

Əksinə bu durum daha geniş vüsət almaqda davam edir. Qeyd edək ki, bu gün qeysəriyyə əməliyyatlarını təkcə insan taleyini biznes predmetinə çevirmiş özəl klinikalar həyata keçirmir. Statistika göstərir ki, dövlət hesabında olan doğum evləri də, qeysəriyyə əməliyyatlarına həddən artıq "meyillidir". Gün ərzində 3 doğuş həyata keçirən hər dövlət xəstəxanasının "öhdəsinə" 1 qeysəriyyə əməliyyatı düşür. Tibbi-texniki baxımdan geridə qalmış, təmirsiz, anti-sanitar vəziyyətdə olan əksər dövlət xəstəxanalarında qeysəriyyə əməliyyatı keçirmiş qadınlar sonradan müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Qeysəriyyə əməliyyatının bir çox ölkələrdə normal doğuşun mümkün olduğu halda baş tutması qadağan edilib. Bütün dünya hər şeyin təbii yolunu seçdiyi halda, bizdə hər şey əksinə gedir. Normal doğuş mümkünlüyü varkən, yeni nəsil narkoz kimi ağır maddə ilə "qidalanıb" dünyaya gəlir. Bu məsələyə yenidən qayıtmağımıza səbəb isə ötən gün doğuş zamanı daha bir ananın dünyasını dəyişməsidir. Qeyd edək ki, hadisə Siyəzən Regional Diaqnostika Mərkəzində baş verib. Belə ki, Şabran rayon sakini, 1975-ci il təvəllüdlü Vəsiyyə Həmidova qeysəriyyə üsulu ilə əməliyyat olunub. Qız uşağı dünyaya gəlib. Uşağın vəziyyəti normal olub. Əməliyyatdan sonra qadının də vəziyyəti yaxşı olub. Lakin bu gün səhər saatlarında qəflətən vəziyyət dəyişib. Tibb bacısı palatada uşağı bələyən zaman qadın halının pisləşdiyini deyib. Reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Hər belə ölüm hadisəsindən sonra müəyyən açıqlamalar verilir və ölüm səbəbinin həkimlərlə, həkim səhlənkarlığı ilə heç bir əlaqəsi olmadığı bildirilir. Və məlum olur ki, ölüm səbəbi elə dünyasını dəyişən anaların səhlənkarlığı ucbatından baş verir. Amma bu durumu hər kəsə aid etmək olmaz.

Ümumiyyətlə, son zamanlar qadınların doğuş zamanı dünyasını dəyişməsinə səbəb həkimlərin öz işinə qeyri-peşəkar yanaşmaları kimi göstərilir. Bu kimi durumlar baş verdikdə, həkimlər min bir bəhanələr gətirərək, məsuliyyəti öz üzərilərindən atmağa çalışırlar. Qeyd edək ki, burada məsuliyyət hər iki tərəfə düşür. Daha çox isə həkimlərə. Xəstələrin vaxtında həkimə müraciət etməməsi, hamiləliyə qədər və sonra müəyyən məsləhətlərin alınmaması belə fəsadlara yol açan səbəblər sırasındadır. Ən əsası isə, savadlı, təcrübəli, eyni zamanda işində məsuliyyətli həkimə müraciət, ana və uşaq ölümlərinin azalması və ümumiyyətlə, olmaması deməkdir. Təəssüfləndirici haldır ki, Azərbaycanda ana və uşaq ölümləri azalmaq bilmir. Acı da olsa, statistik göstəricilər, ana və uşaq ölümlərinin artdığını göstərir. Bu isə təbii ki, ilk olaraq vətəndaşlarımızın acısı, daha sonra isə səhiyyəmizin nə durumda olmasının göstəricisidir. Səhiyyəyə qoyulan maliyyənin, vəsaitlərin hər il artırılmasına rəğmən, sanki səhiyyəmiz irəliləmk əvəzinə geriləyir. Bu kimi ana və uşaq ölümləri ilə səhiyyəmiz can verir desək, yanılmarıq.
A.Səfərli