Daha bir məmur özbaşınalığı » Memur.az

Daha bir məmur özbaşınalığı

Daha bir məmur özbaşınalığı

Şəhidlər Xiyabanının ərazisindəki naməlum tikili

Dəfələrlə bəzi məmurların özbaşınalığından, qanunsuz əməllərindən ibarət məqalələri, şikayətləri sizlərin diqqətinə çatdırmağa çalışmışıq. Zaman-zaman yazılara reaksiya verilsə də, bəzən deyilənlərə əhəmiyyət verilməyib.

Bilməyənlər üçün qeyd edək ki, bizlərin həmin yazıları, şikayətləri işıqlandırmaqda məqsədimiz edilən qanunsuzluqlara son qoyulmasını istəməmiz, həmçinin bəzi məmurların vətəndaşları incitmələrinə son qoyması üçündür. Ümumiyyətlə, bu gün əksəriyyət məmurlar barədə şikayətlər edilir və onları işlərindən başqa qanunsuz əməlləri etmələri ilə ittiham edirlər. Elə bugünkü mövzumuz da, məmur barədə daxil olan şikayətlə əlaqəlidir. Qeyd edək ki, paytaxatla yanaşı, əksər hallarda bölgələrdən də şikayətlər daxil olur. Ümumiyyətlə, daha çox şikayətlər bölgələrdən daxil olur desək, yanılmarıq. Elə bu gün məmur barədə edilən şikayət də, İmişli rayonundan daxil olub. Belə ki, İmişli rayonundan daxil olan məlumata görə, İmişli şəhərində Şəhidlər Xiyabanının ərazisi satılıb. Məlumata bildirilir ki, 20 yanvar hadisəsinin ildönümündən sonra, İmişli şəhərindəki Şəhidlər Xiyabanında tikinti işləri başlayıb. Sakinlərin dediyinə görə, Şəhidlər Xiyabanın ərazisini alan şəxs Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli idarəsinin rəisi, iş adamı Saleh Səmədovdur. Tikinti işləri aparan işçilər binanın Yalavac kənd camaatı üçün xeyir-şər evi tikildiyini deyirlər. Lakin açıq-aydın görünür ki, bu yalandır. Əvvəla, tikilinin Saleh Səmədov tərəfindən tikilməsi heç kim tərəfindən təkzib olunmur. Belə olan halda Saleh Səmədovun hansısa bir kənd üçün, xeyir-şər evi tikdirməsi inandırıcı görünmür. Eyni zamanda tikinti aparılan ərazinin yaxınlığında Saleh Səmədova aid yarı tikili böyük bir bina var. Xeyir-şər üçün oranı da təmir etdirib verə bilərdi. Ən əsas məsələ isə bundadır ki, dövlət məmuru Şəhidlər Xiyabanının ərazisində obyekt tikdirir. Bu isə, əməlli-başlı qanunsuzluqdur. Yəni həm qanunsuzluq, həm də hörmətsizlik. Görəsən, Saleh Səmədova kim ixtiyar, icazə verib ki, o Şəhidlər Xiyabanının ərazisində obyekt tikdirir? Məgər başqa ərazidə obyekt tikdirmək olmaz, gərək məhz Şəhidlər Xiyabanının ərazisində olsun həmin obyekt?

Ümumiyyətlə, bu gün sakinlərin incidilməsi, şikayətlərinə baxılmaması bir növ bəzi məmurların iş prinsipidir. Amma əslində, məmurun vəzifə borcudur ki, işlədiyi rayon üzrə ona aidiyyəti olan işlərlə maraqlansın və problemləri həll etsin. Daha vətəndaşlara əlavə problemlər yaratmasın, onları o həddə çatdırmasınlar ki, vətəndaşlar məcbur qalıb mediaya şikayət etsinlər. Bu gün bölgələrdə əyləşən əksər məmurlarımız yəqin düşünürlər ki, gözdən uzaqdırlar və istədiklərini etməkdə sərbəstdirlər. Amma qeyd edək ki, vətəndaşları get-gələ salan, yaşayışları ilə maraqlanmayan, rayonun abadlaşdırılması məqsədilə ayrılan vəsaitləri mənimsəyən məmurlarımız unutmamalıdırlar ki, bu günün sabahı da var. Onlara hazırda əyləşdikləri kürsüləri vətəndaşlara borcludurlar. Çünki həmin kürsülərdə əyləşmək onlara ona görə həvalə edilib ki, onların səlahiyyətlərindəki işlərlə məşğul olub, vətəndaşların problemlərini həll etsinlər. Yəqin ki, aidiyyəti qurumlar şikayətə diqqət edəcək və Şəhidlər Xiyabanının ərazisində tikilən tikilinin nə üçün və hansı məqsədlə tikilməsi aydınlaşdırılacaq.
A.Səfərli