Prezidentin son çıxışını ekspertlər şərh edir » Memur.az

Prezidentin son çıxışını ekspertlər şərh edir

Prezidentin son çıxışını ekspertlər şərh edir

Qubad İbadoğlu: “Valyuta ehtiyatlarımızı devalvasiyaya qurban vermək doğru olmaz”; Əkrəm Həsənov: “Devalvasiyanın bir daha olmayacağını söyləmək mümkün deyil”

Dövlət başçısının sonuncu müşavirədə ölkənin valyuta ehtiyatı ilə bağlı verdiyi açıqlamalar devalvasiya müzakirələrinə yenidən diqqət çəkib. Prezidentin açıqlamasında manata və valyuta ehtiyatına olan əminlik devalvasiya riskinin gecikdirildiyini düşünməyə əsas verir. Bəzi ekspertlərə görə, dövlət başçısının çıxışı valyuta ehtiyatları ilə bağlı daha ciddi davranılacağını ehtimal etmək üçün ümid verə bilər.

Qeyd edək ki, dövlət başçısı müşavirədə bildirib ki, dünyada dərin iqtisadi və maliyyə böhranı davam etsə də, Azərbaycanın təhlükəsizliyi, sabitliyi, iqtisadi inkişafı təmin edilir: “O ki qaldı Azərbaycana, bütün bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir. Ölkədə sabitlik möhkəmlənir. Bizim beynəlxalq mövqelərimiz daha da güclənir. Bizimlə əməkdaşlıq edənlərin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik bir üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir. Xalq bizim siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də bizim iqtisadiyyatımız uğurla inkişaf edir”.

Prezident neftin ucuzlaşmasından ölkənin minimum itkilərlə çıxdığını vurğulayıb: “Altı ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artmışdır. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faiz artmışdır. Yəni bu, böhranlı ildə əldə edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir”.

İ.Əliyev deyib ki, “Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib: “Bizim ”BBB" səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir".

Onun sözlərinə görə, ilin sonuna qədər bütün lazımi tədbirləri görəcəklər ki, iqtisadi inkişaf davam etsin: “Əlbəttə, hökumət daha fəal, çevik işləməlidir ki, bizim iqtisadiyyatımız gələn il də artsın”.

Dövlət başçısı valyuta ehtiyatlarının çoxluğuna da diqqət çəkib: “Mənim buna heç bir sübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi vaxtilə alınmış bəzi əmlakların qiymətlərinin düşməsi, xüsusilə avro, dollar məzənnələri arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb. Ancaq reallığa baxanda görürük ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq.

Bax, biz bütün işləri bu səpkidə görürük. Bir daha demək istəyirəm ki, mən Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. Biz 2016-cı ildə də uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq, hökumət ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimiz ilə bağlı daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Bir daha demək istəyirəm, ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımsız xərclərə yol verməyən bir büdcə olmalıdır".

Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a bildirib ki, valyuta ehtiyatları ilə bağlı bu açıqlama devalvasiya riskini azaltmır. O deyib ki, neft satışından əldə edilən valyutamızı böhranın yeminə çevirməməliyik: “Bu ehtiyatlar gələcək nəsillərə olan yığım adı ilə formalaşdırılıb və məqsəd o olub ki, ilk növbədə neft gəlirlərinin nəsillər arasında ədalətli bölgüsünə nail olaq və onun düzgün idarə olunması ilə ölkəyə əlavə qazanc gətirək. Amma rəsmi açıqlamalardan belə çıxır ki, biz bu valyuta ehtiyatlarını hələ neft gəlirləri tükənməmiş xərcləyə bilərik. Neft Fondunun valyuta funksiyalarından biri də gələcək nəsillər üçün yığım formalaşdırmaqdır. Hazırkı təkliflər Neft Fondunun Əsasnaməsinə və prezidentin bu barədə fərmanlarına ziddir, ən əsası da gənc və gələcək nəsillərin hüquqlarının pozulması, onların haqqının yeyilməsi deməkdir. Amma bu, ”devalvasiya bitdi" demək deyil, sadəcə, əvvəlki devalvasiyanın qarşısında duran məqsədlərə çata bilməkdi. Çin də devalvasiyaya getdi, amma onlar ondan müsbət effekt aldılar. Bizdə isə qarşıya qoyulan məqsədlərdən biri ixracatı stimullaşdırmaqdır. Amma ixracımız əvvəlki illə müqayisədə bu ilin 7 ayında 46,3 faiz aşağı düşdü.

İkincisi, rəqabət qabiliyyətinin artırılması idi, əksinə, ölkədə inhisarçılıq gücləndi. İndi devalvasiya olsun olmasın - ölüm-dirim məsələsi deyil. Hər iki variant hazırda iqtisadiyyatın əleyhinə işləyir. Çünki ölkədə bazar iqtisadiyyatı deyil, inzibati üsullarla tənzimlənən oliqarx iqtisadiyyatı mövcuddur. Ona görə də hətta devalvasiya belə iqtisadi və işgüzar aktivliyi stimullaşdıra bilmir. Ona görə də bu məsələyə dair müxtəlif fikirlər var və hökumət bu məsələdə də əvvəlki kimi qərarlı deyil. Amma vaxt keçdikcə vəziyyət daha da gərginləşəcək. Odur ki, təxirəsalınmaz və kompleks tədbirlər həyata keçirilməlidir. Ayrıca devalvasiya ilə islahat etmək olmaz".

Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, dövlət başçısının çıxışı çoxşaxəlidir: “Valyuta ehtiyatlarımızın kifayət qədər olması vurğulanır və bu, doğrudur. Eyni zamanda Neft Fondunun ehtiyatlarının qorunacağı da deyilir. Deməli, valyuta ehtiyatları hesabına manatın sabitliyi təmin ediləcək, amma yalnız Mərkəzi Bankın ehtiyatları hesabına, Neft Fondunun hesabına yox. Mərkəzi Bankın isə cəmi 7 milyard dolları qalıb. Ehtiyatlar sonsuz deyil, onlardan devalvasiyanın qarşısını almaq üçün sonsuz istifadə etmək mümkün deyil. Fevralda valyuta ehtiyatımız indikindən də çox idi. Lakin devalvasiya oldu. Buna görə də prezidentin sözlərini devalvasiyanın heç olmayacağı kimi başa düşmək düzgün deyil. Hər anın öz hökmü var”.