Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün nə vəd edir? » Memur.az

Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün nə vəd edir?

Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün nə vəd edir?

Əli Həsənov: “Kağız parçasından başqa bir şey deyil”; Fəzail Ağamalı: “Bu, düşmənçilik mövqeyidir...”
Arif Hacılı: “Hakimiyyətin təcrid olunması siyasəti gücləndiriləcək”; İqbal Ağazadə: “Azərbaycan Avropa Birliyindən təcrid olunarsa...”

Sentyabrın 10-da Avropa Parlamenti (AP) Azərbaycanla bağlı sərt qətnamə qəbul edib. Əsasən siyasi məhbusların azadlığa buraxılması, insan haqları üzərində qurulan qətnaməni müstəqillik illəri ərzində xarici təşkilatların ölkəmizə qarşı ən sərt şəkildə qəbul edilən qərarı adlandırmaq olar.

Heç şübhəsiz ki, seçki öncəsi belə bir sərt qətnamənin qəbulu Azərbaycan üçün müsbət heç nə vəd edə bilməz. Bəzi ekspertlər hesab edirlər ki, bu, Qərbin Azərbaycana qarşı seçki pərdəsi altında etdiyi təzyiq vasitələrindən biridir.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qətnaməyə münasibət bildirərkən açıq şəkildə qeyd edib ki, Avropa Parlamenti Qərbin müxtəlif dairələrinin əlində oyuncağa çevrilib: “Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir məsuliyyət daşımır və buna görə də Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyildir. Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını, ”böyük-kiçik" münasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcəkdir. Artıq bu həqiqəti anlamağın və münasibətlərin pozulmasına yönəlmiş cəhdlərdən əl çəkməyin zamanıdır".

Baş nazirin müavini, YAP-ın icraçı katibi Əli Əhmədov da qərara sərt reaksiya verib: “Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qətnaməni qərəzli, ədalətsiz və yersiz hesab edirəm. İnsanda belə bir təəssürat yaranır ki, Avropanın bu mötəbər qurumu sanki anti-Azərbaycan xəstəliyinə tutulub”.

İqtidaryönlü deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında AP-nın son illərdə Azərbaycana qarşı daim sərt mövqedə olduğunu bildirdi: “Bu qərarın arxasında Azərbaycana qarşı qərəz, qeyri-obyektiv mövqe yer tutur. Avropa Parlamentinin bundan əvvəlki qərarlarında həqiqətlər kənara qoyulub, Azərbaycanın əldə etdiyi uğurların üstündən xətt çəkilib. Avropa Oyunları ərəfəsində də bu qurumun belə bir qərarı oldu. Bunlar bir qrup deputatın tapşırığı icra etməsi kimi qiymətləndirilməlidir. Bunlar ermənilərin maliyyələşdirdiyi, anti-Azərbaycan düşərgəsində yer alan şəxslərdir. Seçki öncəsi ölkəmiz bir daha hədəfə alınmaqdadır. Bu, düşmənçilik mövqeyindən başqa bir şey deyil. Azərbaycan buna qarşı adekvat addımlarını atır. Parlament səviyyəsində öz mövqeyimizi ortaya qoyuruq. Bundan sonra da mövqeyimizi bu şəkildə göstərəcəyik. Novruz Məmmədov çox aydın şəkildə bildirdi ki, onların seçkilərlə bağlı qərarları indidən hazırdır, sadəcə, tarixi əvvələ qoyublar. Həbs olunan şəxslərlə, eləcə də jurnalistlərlə bağlı onların fikirləri bağışlanılmazdır. Kim olmasından asılı olmayaraq, cinayətə yol verən şəxs Azərbaycan qanunları çərçivəsində cəzasını çəkməlidir. Onlar kimləri müdafiə edirlər? Leyla və Arif Yunusu, Xədicə İsmayılı və başqalarını. Fakt ondan ibarətdir ki, bu şəxslər erməni lobbisinin təsiri altında olanlardır. Epizodik olaraq, müəyyən şəxslərin də adını çəkiblər. Tofiq Yaqublu və bəzi məhbusların adlarını çəkməklə, Yunusların, Xədicə İsmayılın ətrafında obyektivlik yaratmaq istəyirlər. Adları çəkilən şəxslər konkret olaraq, cinayət törədən və nəticədə cəzalarını çəkən şəxslərdir. Bu cür qətnamələr Azərbaycan dövlətçiliyini zəiflətməyə yönələn qərarlardır”.

Müsavat başqanı Arif Hacılı sosial şəbəkələrdə mövqeyini açıqlayıb: “Hökumətin daxili və beynəlxalq siyasəti iflasa uğrayıb. Avropa Parlamentinin qətnaməsinin məzmunundan aydın olan odur ki, Azərbaycan hakimiyyətinin təcrid olunması siyasəti gücləndiriləcək. Bu şəraitdə Azərbaycan hakimiyyətinin atacağı addımları da proqnozlaşdırmaq çətin deyil. Bütün Avropa qərəzli, erməni agenti, İslam düşməni və s. elan ediləcək. İqtidar yetkililəri, nəhayət, anlamalıdır ki, bu çıxış yolu deyil. İndi dünya birliyini hədəfə almaq yox, belə vəziyyətin və belə münasibətin yaranmasına gətirib çıxaran səbəbləri aradan qaldırmaq lazımdır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, problemlər danışıqlar yolu ilə həll olunmalıdır: “Heç bir halda Azərbaycanın beynəlxalq aləmdən təcrid olunması, yaxud kənarda qalması fikirlərini qəbul etmirəm. Sanksiyalar tətbiq etmək, təzyiqlər yolu da düzgün deyil. Azərbaycanda insan haqları, məhkəmələrlə bağlı bir sıra problemlər mövcuddur. Bunları Avropa Birliyinin nümayəndələri ilə görüşümdə demişəm. Bütün bunlar danışıqlar masası ətrafında həll olunmalıdır. Azərbaycan Avropa Birliyindən təcrid olunarsa, Rusiya Azərbaycanı yanına çəkmək üçün bütün təzyiq yollarından istifadə edəcək. Nəticədə Qafqaz coğrafiyasında yeni bir situasiya yarana bilər. Avropa Birliyi bunu ciddi şəkildə düşünməlidir”.

KXCP sədri Mirmahmud Mirəlioğlu qətnaməni əvvəllər olan soyuq münasibətin davamı kimi qiymətləndirdi: “Bu qətnamə indiyə qədər atılan addımların məntiqi davamıdır. Başqa qeyri-adi nəsə axtarmaq doğru deyil. Hər mərhələdə bir münasibət sərgilənir”.

Politoloq Natiq Miri hesab edir ki, Avropada qarşıdan gələn seçkilərlə bağlı artıq rəy yaradılıb: “Seçki rəyi heç də müsbət olmayacaq. Bu qətnamə onu göstərir ki, hakimiyyətə təzyiqlər siyasi bəyanatlarla bitməyəcək. Yaxın zamanlarda təhlükəli mərhələyə daxil olunacaq. Bu, çox ciddi məqamdır. Çünki sanksiya son mərhələdir. İstənilən şəkildə Azərbaycana sanksiyalar tətbiq oluna bilər. Bu məngənədən çıxmaq çətin olacaq. Hakimiyyət bunu anlamalıdır. Dialoq yolu ilə məsələ həll olunmalıdır. Siyasi məhbuslar problemdirsə, iqtidar bunu Qərb dünyası üçün deyil, Azərbaycan üçün həll etməlidir. Bu məsələ həll olunsa, dialoq mühiti yarana bilər”.