Miqrantların Azərbaycana üz tutmamasının əsas səbəbi » Memur.az

Miqrantların Azərbaycana üz tutmamasının əsas səbəbi

Miqrantların Azərbaycana üz tutmamasının əsas səbəbi

Natiq Miri: “Bu insanlar avtoritar rejimlərdən qaçırlar...”
Hazırda bütün dünyanın müzakirə mövzusu suriyalı miqrantların qarşılaşdıqları vəziyyətdir. Miqrantlar əsasən Avropa ölkələrinə üz tuturlar. Bu yolu seçən suriyalıların başına gələnlər isə insanlıq adına ləkə kimi qiymətləndirilir.

Artıq Körfəzi keçərək Avropa ölkələrinə üz tutmaq istəyən minlərlə miqrant boğularaq ölüb. Dənizdə batan insanların, qonşu ölkələrlə sərhədlərdə tikanlı məftillər üstündən keçirilən uşaqların və ya küçələrdə yatan ailələrin təsirli fotoları həm sosial şəbəkələrdə, həm də dünya mətbuatında yer alır.

Qeyd edək ki, əksər Avropa ölkələri miqrantların ölkəyə buraxılmasını təhlükə kimi dəylərləndirir. Miqrantların qəbul edilməsini həm ölkə iqtisadiyyatının problemlərlə üzləşməsinə, həm də vətəndaşların normal yaşayışına mane olacağını düşünən Avropa ölkələri onlardan imtina etməyə çalışır. Bir neçə gün əvvəl Almaniya miqrantlara öz qapısını açdı. Artıq Macarıstandan avtobusla yola düşən minlərlə miqrant Avstriyaya çatdıqdan sonra Almaniyaya yolanmaqdadırlar.

Bu arada məlum olub ki, Avropa İttifaqı ölkələri miqrantların yerləşdirilməsi üçün toplantı keçirəcək. Belə ki, quruma daxil olan ölkələrin daxili işlər və ədliyyə nazirləri böhranı müzakirə etmək üçün sentyabrın 14-də Brüsseldə görüşəcəklər.

Suriyalı miqrantlar bu günədək müsəlman ölkələrindən ən çox Livan, İordaniya və Türkiyə kimi ölkələrə pənah gətirirdilər. Suriyalı miqrantların Körfəzdə yerləşən zəngin ərəb ölkələri tərəfindən qəbul edilməməsi də dünya mətbuatında və sosial şəbəkələrdə ən çox müzakirə olunan və qəzəbə səbəb olan məsələlərdəndir.

Xatırladaq ki, Körfəzdə yerləşən Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman kimi neftlə zəngin ərəb ölkələrinə suriyalıların viza alaraq keçməsi çox çətin prosesdir. Suriyalılar rəsmi şəkildə ya turist kimi, ya da iş icazəsi ilə viza alaraq Körfəz ölkələrinə keçə bilirlər. Ərəb ölkələrində suriyalılar əsasən ucuz işçi qüvvəsi kimi qəbul edilir. İndi isə Suraiyada yaşananlardan sonra miqrantların ərəb ölkələrinə gəlməsinə qeyri-rəsmi qadağa var.

Miqrantlar əsasən Avropa ölkələrinə üz tuturlar. Azərbaycan və İran kimi ölkələrə də qaçanların getməsi hələ ki, müşahidə olunmur. Görəsən niyə?

Politoloq Natiq Miri miqrantların ərəb ölkələrinə üz tutmamasının bir neçə səbəbini açıqladı: “Bu insanlar avtoritar rejimlərdən qaçırlar. Onlar azad ölkələrə getmək istəyirlər. Ən azından tam hüquqlu azad insan kimi yaşamaq, övladlarının demokratik bir ölkədə böyüməsini istəyirlər. Digər bir tərəfdən belə azad ölkələrdə biznes strukturları yaratmaq asandır. Həmin miqrantlar bunu da nəzərə alırlar.

Başqa bir səbəb də ərəb dünyasında görünməyən əllərdir. Bir neçə il əvvəl “Ərəb baharı” deyilən bir proses başladıldı. Bu proses çox pis idarə olunduğundan ərəb dünyasına azadlıq gətirmədi. Əksinə, böyük bir xaos və savaş mühiti yaratdı. Bu proses indi də davam edir. “Ərəb baharı”nın bu gün hansı fəsadlar gətirdiyini həmin Qərb ölkələri başa düşür və məsuliyyəti öz üzərlərində hiss edirlər. Artıq bu yöndə strateji qərarlar veriləcək. Yəqin ki, bundan sonra Qərbin Şərqdə yürütdüyü xoşagəlməz proseslər dayandırılacaq".

Politoloq suriyalı miqrantların Azərbaycana və qonşu müsəlman ölkəsi olan İrana üz tutmamasının səbəbini də şərh etdi. Onun fikrincə Azərbaycan və İran azad və demokratik ölkə olmadığından suriyalı miqrantların seçim yeri olmur: “İran da müsəlman ölkəsidir. Amma suriyalı miqrantlar oraya üz tutmur. Çünki İran da azad ölkə deyil. İranda da iqtisadiyyat tam olaraq liberal deyil. Həmçinin Azərbaycan azad ölkə deyil. Fikir verirsinizsə, bütün demokratik dünyanın verdiyi hesabat sənədlərində Azərbaycanın tutduğu yer hər şeyi göstərir. Azərbaycan bu gün demokratiya və insan hüquqları baxımından ən geridə qalmış Afrika ölkələri ilə bərabər eyni siyahıda tutulur. O miqrantların da, əlbəttə ki, Azərbaycanla bağlı məlumatları var. Və buna görə də Azərbaycana gəlmirlər”.