Ən qüdrətli nazir dəyişdirilir: “altılar”dan kim... » Memur.az

Ən qüdrətli nazir dəyişdirilir: “altılar”dan kim...

Ən qüdrətli nazir dəyişdirilir: “altılar”dan kim...

İqtidarda mühüm dəyişiklik anı yetişdi; Müdafiə Nazirliyində generallarla bağlı sərt qərarlar prezidentin hakimiyyətin siyasi qanadına bir mesajıdır; iqtidarda “əvəzedilməzlər” kateqoriyası ortadan qaldırılır; ən qüdrətli “general-nazir” Ziya Məmmədovun adı yenə gündəmdə...
Müdafiə Nazirliyi strukturunda başlamış kadr dəyişiklikləri yaxın günlərdə hakimiyyətin siyasi qanadını da əhatə edəcək. Bu sensasion məlumatı redaksiyamıza verən qaynağın sözlərinə görə, prezidentin Müdafiə Nazirliyi strukturunda apardığı dəyişikliklər əslində gözlənilən olub.


Belə ki, Zakir Həsənovun 2013-cü ilin oktyabrında nazir təyinatından sonra Səfər Əbiyevin “kabinet generalları”nın yeni iş rejiminə uyğunlaşa biləcəyinə ümidlər vardı. Amma belə görünür ki, orduda qısa müddətdə ciddi islahatlar aparan nazirlə bəzi generallar ayaqlaşa bilməyib və Ali Baş Komandan bu səbəbdən sərt qərarlar verməli olub.

Məlumatlara görə, generallarla bağlı sərt qərarlar verilməsində rüşvət və korrupsiya kimi məsələlərin rolu olduğu da xüsusi qabardılır ki, bu da hakimiyyətin siyasi qanadına bir mesajdır. Çünki İlham Əliyev son keçirdiyi müşavirələrdə bir neçə dəfə hakimiyyət komandasındakı problemlərə toxunaraq ayrı-ayrı məmurların özbaşınalığından, dövlət əmlakının mənimsənilməsindən danışıb və sərt cəza tədbirlərinin görüləcəyini deyib.

İslahatların özlərini az qala toxunulmaz hesab edən ordu generallarından başlamasının siyasi və psixoloji anlamı həm də budur ki, prezident kadr dəyişikliyində qərarlıdır və iqtidarda “əvəzedilməzlər” kateqoriyası daha yoxdur.
Dövlət başçısı iyulun 13-də keçirdiyi müşavirədə də ayrı-ayrı məmurların rəhbərlik etdiyi nazirliklərin fəaliyyətindən narazılığını açıq dilə gətirmişdi. “Yeni Müsavat” hələ ötən ay kadr dəyişikliyinin gözlənilməsi barədə yazmışdı. Yazıda bildirilirdi ki, hakimiyyət iri məmur-oliqarxların vurulması, səlahiyyətsizləşdirilməsi üçün islahatları rayonların icra başçılarından başlamaq niyyətindədir. Ötən həftəsonu heç kimin gözləmədiyi halda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov vəzifəsindən çıxarıldı.
T.Budaqovun icra başçısı kimi fəaliyyətindən hakimiyyət narazı idi və onun Statistika Komitəsinə sədr təyinatı vəzifə yüksəlişi sayıla bilməz. Gözlənilir ki, bu proses tezliklə daha da sürətlənəcək. Çünki müəyyən rayonlarda əhalinin icra başçılarından narazı olduğu barədə Prezident Administrasiyasının keçirdiyi sosioloji sorğuların nəticələri var.
Bakının Xətai, Səbayel, Nəsimi, Binəqədi, Abşeron, habelə Gədəbəy, Neftçala, Yevlax və Zərdabın icra hakimiyyətinin başçılarının da yaxın vaxtlarda vəzifələrindən vidalaşacağı ilə bağlı məlumatlar da bu sorğunun nəticələrindən qaynaqlanır. Qeyd edək ki, adıçəkilən rayonların icra başçılarının adı son vaxtlar bir sıra qalmaqallarda da hallanır.
Xətai və Binəqədidə yaşayış binalarının yanması bu rayonların icra başçılarının faktiki hökmünü verib. Səbayelin icra başçısı isə bir nəfərin ölümü ilə nəticələnən qəzadan sonra oğlunun barəsindəki məhkəmə qərarının dəyişdirilməsi ilə yenidən gündəmə gəlib. Gədəbəyin icra başçısı da sahibkarlarla qarşıdurma səbəbindən “medianın ulduzuna” çevrilib. Abşeronun icra başçısı haqda da uzun müddətdir ki, xeyli şikayətlər var. Xəbərlərdə qeyd olunur ki, bu icra başçıları bir daha heç vaxt hər hansı vəzifəyə təyinat almayacaqlar.
Gözlənilir ki, əsas dəyişikliklər həm də Nazirlər Kabinetinin tərkibindən olacaq. Gözlənilən kadr dəyişikliklərindən yazan modern.az saytının xəbərinə görə, Ziya Məmmədov tutduğu nəqliyyat naziri postundan uzaqlaşdırılacaq. Sayt bildirib ki, nəqliyyat naziri baş nazirin müavini postuna gələcək. Artıq məsələ ilə bağlı Ziya Məmmədovun özünün məlumatlandırıldığı da deyilir. Onun hansı sahələrə nəzarət edəcəyinə gəlincə, qeyd edilir ki, bir neçə baş nazirin müavini kimi Ziya Məmmədov da daha çox kabinet adamı olacaq.
Qeyd edək ki, Ziya Məmmədovun baş nazirin müavini olacağı barədə xəbərlər yeni deyil. Hələ 2013-cü il seçkisi ərəfəsi Z.Məmmədovun baş nazirin müavini təyin olunacağı və nəqliyyat sahəsini kurasiya edəcəyi barədə elə “Yeni Müsavat”da da xəbərlər dərc olunub.
Baş nazirin hazırda 6 müavini var. Yaqub Eyyubov (baş nazirin birinci müavini), Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abbasov. Nəqliyyat sahəsini 2006-cı ilədək Abbas Abbasov kurasiya edib. Amma onun istefaya göndərilməsindən sonra bu səlahiyyətlər Yaqub Eyyubova deyil, Abid Şərifova verilib. Əgər deyilənlər doğrulanarsa, Z.Məmmədov ya Abid Şərifovun yerinə təyinat almalı, ya da sadəcə səlahiyyətsiz baş nazir müavini olmalıdır. Son günlər istifadəyə verilən yeni yolların açılışında nəqliyyat nazirinin gözə dəyməməsi onun məzuniyyətdə olması ilə izah olunur. Amma yayılan bu tip xəbərlər Z.Məmmədovun başı üzərində “qara buludların” sıxlaşdığını göstərir.
Nəqliyyat nazirinin yerinə kimin təyin ediləcəyi barədə də xəbərlər yeni sayıla bilməz. Bu sırada ilk yerdə bu ilin fevralında “Azərbaycan Dəmir Yolları” ASC-nin rəhbəri təyin edilən Cavid Qurbanovdur. Məlumata görə, C.Qurbanov noyabrdakı parlament seçkilərinə qatılmayacaq. Bunun səbəbi isə onun nazir təyin ediləcəyi ilə izah edilir.

Müdafiə Nazirliyində kadr islahatları ilə Z.Məmmədovun postunu itirəcəyi barədə xəbərlər arasında qəribə bir bağlılıq qurmaq da mümkündür. Çünki Z.Məmmədov da siyasi hakimiyyətin ən qüdrətli naziri kimi çoxdan “general” statusundadır.

Bəlkə siyasi komandada dəyişikliyin də Z.Məmmədovdan başlaması digərləri üçün bir mesaj olacaq...