Neftin qiyməti ucuzlaşır; Azərbaycanı nə gözləyir? » Memur.az

Neftin qiyməti ucuzlaşır; Azərbaycanı nə gözləyir?

Neftin qiyməti ucuzlaşır; Azərbaycanı nə gözləyir?

İlham Şaban: “İqtisadiyyatda nefti əvəzləyəcək hansısa bir sektor yoxdur”


Azərbaycan neftinin qiyməti ucuzlaşmağa doğru gedir. Dünən Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,68 dollar yaxud 1,33 faiz ucuzlaşıb. Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 50,40 dollara bərabərdir. Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,32, dünən isə 51,08 dollar/barel olub.

Bəs neftin qiymətinin ucuzlaşması Azərbaycana necə təsir edəcək? Ümumiyyətlə neftin qiymətinin ucuzlaşması hansı həddə qədər Azərbaycan üçün təsirsiz ola bilər?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan iqtisadiyyatında nefti əvəz edə biləcək hansısa bir sektorun olmadığını dedi: “Hazırda Azərbaycanda hasil edilən neftin 75 faizi bir şirkət tərəfindən hasil edilir - ”BP-Azərbaycan" şirkəti. Bu da “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən neftdən ibarətdir. Təqribən 31,5 milyon ton neft orada hasil edilir. Bundan əlavə “BP-Azərbaycan” şirkəti “Şahdəniz” yatağında da təqribən 2,4 milyon ton da kompensasiya olaraq hasil edir. Ümumilikdə bu haradasa 34 milyon ton neft hasil edilməsi deməkdir. Ölkədə hasil edilən 41,5 milyon ton neftdən 34 milyonu “BP-Azərbaycan” şirkətinin payına düşür. “BP-Azərbaycan” şirkətinin hasil etdiyi neftin dənizdən hasil edib Ceyhan limanına çatdırılması ilə birlikdə bütün xərcləri 15 dollar ətrafındadır. Yəni çox baha başa gəlmir. Dövlət Neft Şirkətinin neftinə gəlincə isə bu bir qədər baha başa gəlir. Çünki dövlət Neft Şirkətinin payına düşən yataqlar “yaşlı” yataqlardır. Onların istismar xərcləri də böyük olur. Ona görə də bu neftin işlənməsi və sahilə gətirilməsi təqribən 25 dollara başa gəlir. Onun özünün hasil etdiyi neftin təqribən 80 faizindən çoxunu emala yönəldir. Yerdə qalan hissəsini isə Bakı-Novorosiyskdə ixrac edir və onun bütün xərcləri təqribən 25 dollar ətrafında olur".

İ.Şaban neftin qiymətinin ucuzlaşmağa doğru getdiyini dedi: “Artıq neftin qiyməti ucuzlaşır. Ümumiyyətlə, neftin qiyməti bizim iqtisadiyyat üçün neft hasil edilən gündən əhəmiyyətlidir. Azərbaycanın iqtisadiyyatı neftlə nəfəs alır. Çünki bizim iqtisadiyyat monoton, bir tərəflidir. İqtisadiyyatın gəlir gətirən hissəsi neftdir. Məsələn, elə bir iqtisadi statistika var ki, burada müxtəlif rəqəmlər var. Bu rəqəmlərlə də kim necə istəyir oynaya bilir. Burada artım edə bilirlər. Sentyabrda hasil edilən nefti fevral ayı ilə müqayisə edib deyə bilərəm ki, hasilatın aşağı düşməsinə baxmayaraq, fevralla müqayisədə hasilatımız artıb. Mən istəsəm onu bu cür təqdim edə bilərəm. Bunu bu cür təqdim edənlər var. Bir də var ki, realda baş verənlər. Bu gün bizim iqtisadiyyatımızın əsası gəlir mənbəyi neft və neft məhsullarıdır. 2014-cü ilin statistikasına götürək. 2014-cü ildə yalnız neft fondumuz 16,2 milyard dollar mənfəət götürüb.

Bizim Neft şirkətimiz isə 1,5 milyarddan çox mənfəət əldə edib. Bizim servis şirkətlərimiz yarım milyarda yaxın mənfəət götürüblər. Bundan əlavə 2014-cü ilin yekunlarına görə iki milyardda büdcəyə ödəyiblər. Ümumilikdə neft sektoru 18 milyard mənfəətə sahiblənib. 2 milyard da vergi şəklində qazanıb. Yəni bu 20 milyard sırf mənfəətdir. Dövlətin neftdən qazancı mənfəət şəklindədir. Bir neft sektorunun 1,6 milyard ümumi ixracı olur. Ancaq bu qeyri-neft sektorunun mənfəəti deyil. Biz hesab edək ki, bunun mənfəəti 20 faizdir. 20 faiz də 360 milyon civarındadır. Qeyri neft sektoruna ikinci bir tərəfdən baxaq. Reallıqda 18 milyard mənfəəti olub. Siz aradakı fərqə diqqət edin. Bunun əvəzində çıxıb deyirlər ki, bizim ölkə neftdən asılı deyil. Ölkə kənd təsərrüfatı, turizmdən qazanc əldə edə bilmir. Ona görə də bizim ölkə üçün neftin əhəmiyyəti olan sektordur və qarşımızdakı yaxın illər ərzində də bu belə olacaq. Çünki iqtisadiyyatda onu əvəzləyəcək və ya yaxınlaşacaq hansısa bir sektor yoxdur”.