Yeni seçki bloku niyə elan olunmadı? » Memur.az

Yeni seçki bloku niyə elan olunmadı?

Yeni seçki bloku niyə elan olunmadı?

ADP ilə Ümid Partiyasının müttəfiqlik etmək istədiyi partiyanın adı gizli saxlanılır

Xəbər verdiyimiz kimi, ADP ilə Ümid Partiyası parlament seçkilərində vahid bir blok şəklində iştirak etmək barədə razılığa gəlib. Bu barədə ADP sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”a açıqlamasında deyilirdi ki, yaradılacaq yeni bloka üçüncü bir partiya da qoşulmaq istəyir. Bu məsələ avqustun 6-da saat 12-də həmin partiyanın rəhbəri ilə birlikdə müzakirə ediləcək.

Ümumi prinsipial razılıqlar əldə ediləcəksə və əgər həmin partiya da qoşulacaqsa, blokun adı “Qarabağ” blokundan fərqli ad olacaq və yeni blokun rəsmi təsisçisi Ümid Partiyası, ADP və həmin adını hələ çəkməyi məqsədəuyğun saymadıqları partiya olacaq. ADP sədri həmin partiyanın adının da razılıq əldə olunduqdan sonra ictimaiyyətə açıqlanacağını bildirmişdi.
Dünən isə Sərdar Cəlaloğlu məlumat verdi ki, sözügedən görüş keçirilib.
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında adını çəkmədiyi həmin partiyanın rəhbəri ilə görüşün olduğunu, müzakirələr aparıldığını, lakin hələ yekun qərara gəlinmədiyini dedi: “Danışıqlar davam etdiriləcək. Hazırda konkret razılaşma əldə olunmadığı üçün açıqlama verməyi məqsədəuyğun görmürük. Məsələ tam həllini tapandan sonra mediaya geniş açıqlama verəcəyik. Əgər razılaşma mümkün olmasa, ADP ilə Ümid Partiyası blok şəklində seçkiyə gedəcək”.

Onu da qeyd edək ki, ADP sədri adını gizli saxladıqları partiyanın tanınmış müxalifət partiyalarından biri olduğunu deyir. Həmin partiyanın KXCP olmadığı dəqiqdir. Çünki KXCP seçkiyə “Azadlıq 2015" bloku ilə gedir. ADP və Ümid Partiyasının AXCP ilə seçkidə blok yaratması isə mümkün hesab edilmir. Əvvəla, bu partiyalarla AXCP-nin münasibətləri yaxşı deyil, ikincisi Xalq Cəbhəsi seçkiyə gedəcəyi halda Milli Şura ilə birlikdə gedəcəyini bəyan edib. Beləliklə, nəzərlər hazırda heç bir seçki blokunda və siyasi blokda olmayan Müsavat Partiyası ilə AMİP-in üzərində cəmləşir. Böyük ehtimalla adı gizli saxlanan partiya bunlardan biridir.
Məsələni dəqiqləşdirmək üçün AMİP sədri Yusif Bağırzadəyə “ADP və Ümid Partiyası ilə blok yaratmaq üçün danışıqlar aparırsınızmı” sualını ünvanladıq. Onun cavabı nə təsdiq, nə də də təkzib sayıla bilməz: “Seçkilərdə digər müxalif partiyalarla əməkdaşlıq etmək üçün bir sıra partiyalarla danışıqlar aparılır. Bizim son günlər bir çox müxalif partiyalarla görüşlərimiz olub. AMİP əməkdaşlıq platformasında danışıqlar aparır. Təkcə ADP və Ümid Partiyası ilə deyil, digər partiyalarla da belə danışıqlar gedir. Blok məsələsi də müzakirə olunur. Ancaq hələlik konkret nəticəyə gəlinməyib”.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə partiyanın seçkiyə blokla gedib-getməyəcəyi barədə teleqraf.coma açıqlamasında deyib ki, seçki kampaniyasında ideoloji-siyasi xətləri uyğun olan təşkilatların birgə iştirakının tərəfdarıdır, ancaq bu gün Azərbaycanda mövcud olan siyasi reallıq blokların yaranacağına ümidi azaldır. Müsavat Partiyası bu istiqamətdə səyləri davam etdirməklə yanaşı seçkilərdə təkbaşına iştirak variantına hazırlıq işlərini davam etdirir: “Müsavat üzvlərinə seçkilərə hazırlıqla bağlı tapşırıq verilib. Partiyanın bütün strukturları bu istiqamətdə hazırlıq işlərini davam etdirir. Yetmişdən çox seçki dairəsində ilkin namizədlərimizi müəyyən etmişik. Bu namizədlərin sayı daha da artacaq. Yəqin ki, bu ayın sonunda keçiriləcək Müsavat Məclisinin növbədənkənar sessiyasında həm partiyanın seçki platformasına, həm də Müsavatın seçkilərdə iştirak edəcək namizədlərinə dair qərar qəbul ediləcək”.