Hakimiyyətə yaxın deputat ABŞ-ın təzyiqlərinin səbəbini açıqladı » Memur.az

Hakimiyyətə yaxın deputat ABŞ-ın təzyiqlərinin səbəbini açıqladı

Hakimiyyətə yaxın deputat ABŞ-ın təzyiqlərinin səbəbini açıqladı

Fəzail Ağamalı Amerikanın “demokratiya düşməni” elan etdiyi rejimlərlə yaxınlaşmasının da sirrini açdı

ABŞ on illərdir düşmən münasibətlərində olduğu, demokratiya düşməni adlandırdığı Kuba və İranla barışır. Maraqlıdır ki, həmin ölkələrin daxilində siyasi sistemdə heç bir müsbət dəyişiklik baş vermədiyi halda Vaşinqton onlarla münasibətlər qurur. Amerika bu iki diktatura rejimi ilə barışır, İran və Kubanın demokratiya qatili olmalarını “unudaraq” hər iki ölkəylə əməkdaşlığa başlayır, amma demokratiya ilə düşmənçilikdə onların tozuna belə çatmayan YAP rejimi ilə münasibətləri gərginləşdirir, Əliyev hakimiyyətini sıxır, təzyiq altında saxlayır.

Bu paradoksallığın səbəblərinə gəlincə, siyasi ekspertlərin fikrincə, bu barışıq, yaxınlaşma ABŞ-ın strateji maraqları ilə bağlıdır. Kuba, İran və Rusiyanın maraq dairəsində olan dövlətlərdir. Rusiyanın Kubada hərbi arsenalını ABŞ özünə təhlükə sayır. Bunu neytrallaşdırmaq üçün Kuba ilə yaxınlaşma bir siyasi gedişdir. İranın Rusiya ilə nüvə əməkdaşlığı ABŞ-ı narahat edir. Odur ki, İran ilə barışıq ABŞ üçün nüfuz məsələsidir. İranın ABŞ tərəfindən neft bazarına qaytarılması isə qiymətlərin ucuzlaşmasına, dolayısı ilə Rusiyanın iqtisadi çöküşünə hesablanıb. Digər tərəfdən, ABŞ üçün nəzarətdən çıxan ərəb dünyasının, terrorizmin cilovlanması və Türkiyənin regionda artan nüfuzunun qarşısını almaq üçün İranla münasibətlərin istiləşməsi ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.

Hakimiyyətyönlü deputat Fəzail Ağamalı da hesab edir ki, ABŞ-ın Kuba və İranla yaxınlaşmağa başlaması birbaşa Rusiya amili ilə bağlıdır. Amerika Putin Rusiyasına qarşı ən müxtəlif şəkildə təpkilər göstərməkdə, onu zəiflətməyə çalışmaqda və onun müttəfiqlərini yanından uzaqlaşdırmağa çalışır: “İlk belə addım ”ərəb baharı" oldu və Suriya bu layihədə xüsusi yer tuturdu. Digər bir sıra ərəb ölkələrində bu plan baş tutsa da Suriyada alınmadı. Rusiya buna adekvat olaraq daha ciddi addımlar atdı, Krıma müdaxilə elədi və Ukraynanın şərqində müharibə ocağı yaratdı. Vəziyyətin belə alındığını görən ABŞ Rusiyanın müttəfiqlərini onun yanından almaq siyasətini tətbiq etməyə başladı. İranı Rusiyanın yanından almaq qarşıya hədəf qoyuldu. İranla danışıqlara gedildi və münasibətlərdə istilik yaranıb, saziş imzalanıb, proses davam edir. Eyni vəziyyət Kubaya da aiddir. Kuba ilə Rusiya arasında on illərdir yüksək müttəfiqlik münasibətləri mövcuddur. Kubanı Rusiyadan kənarlaşdırmaq ABŞ üçün lazımdır. Ola bilsin ki, ABŞ illərdir düşmən münasibətlərində olduğu Venesuela ilə də yaxınlaşmağa başlasın. Bütün bunlar ona görədir ki, Vaşinqton özü üçün ən böyük təhlükəni Rusiyada görür. Rusiyanı təcrid etmək üçün onu müttəfiqlərindən məhrum etmək siyasəti aparılır.

Əzəli düşməni İran və Kuba ilə yaxınlaşmaqda olan ABŞ-ın paralel olaraq Azərbaycana sərt mövqe nümayiş etdirməsinin səbəbləri isə onunla bağlıdır ki, Azərbaycan qonşu dövlətlərə qarşı ABŞ-ın planlarında heç vaxt iştirak eləmir".

Deputatın sözlərinə görə, Azərbaycan Rusiya ilə normal münasibətlərə malikdir. Azərbaycan ABŞ-Rusiya münasibətlərində tərəf olmaq istəmir. Bu, çox doğru siyasətdir. Azərbaycanın Rusiya ilə münasibətlərinin hərtərəfli inkişafı ABŞ-ı qıcıqlandırır. Ona görə də Azərbaycanı sıxışdırırlar: “İkinci amil isə ABŞ-ın xarici siyasətinin başında Con Kerrinin dayanmasıdır. Con Kerri açıq şəkildə ermənipərəst mövqedə olan şəxsdir. 1990-cı ildən üzü bəri onun Azərbaycana qarşı apardığı antiinsani addımlar hər kəsin yaddaşındadır. Hesab edirəm ki, ABŞ-Azərbaycan münasibətlərinin sərinləşməsində həm də bu amil rol oynayır”.