Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim tamahkarlığı » Memur.az

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim tamahkarlığı

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim tamahkarlığı

Hamilə qadınları aldadaraq qeysəriyyə üsulunu tətbiq edirlər

Ölkə səhiyyəsinin durumu ilə bağlı tez-tez mediada informasiya getsə də, səhiyyəki problemlər hələ də öz həllini tapmayıb. Xüsusilə də bu gün paytaxtda və regionlarda ana və uşaq ölümlərinin sayı durmadan artır.

Həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrində həkim təcrübəsizliyi, əksəriyyətinin tibbi savadının olmaması, özbaşınalıqlar, qoyulan səhv diaqnozlar, aparılan yanlış müalicələr neçə-neçə ananı övladsız, neçə-neçə övladı anasız qoyur. Bu baxımdan da səhiyyəmizdə köklü islahatların keçirilməsinə ehtiyac var. Elə öncə regionlardan başlamaq lazımdır. Bu gün Sabriabad səhiyyəsi insanları məhvə aparmaqdadır. Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı, xəstələrə qarşı biganəlik baş alıb gedir. Bizə verilən məlumata görərayon mərkəzi xəstəxanasında savadsız kadrlar kifayət qədərdir. Ona görə də xəstələrin müalicəsi effekt vermir. Həkimlər xəstələrə səhv diaqnoz qoyurlar və nəticədə də səhv müalicə aparırlar. Bu cür səhv diaqnoz nəticəsində kifayət qədər xəstə dünyasını dəyişib. Ümumiyyətlə, Sabirabad rayonunda fəaliyyət göstərən həkimlərin əksəriyyəti ilə bağlı ciddi ölçü götürülməlidir. Ən çox ana və uşaq ölümlərinə səbəb olan həkimlər barəsində ciddi tədbirlər görülməlidir.

Ötən il ərzində ölkədə doğuş zamanı 23 ana ölümü hadisəsi qeydə alınıb. Nəzərinizə çatdıraq ki, hadisələr həm həkim səhlənkarlığı, həm də ana olmağa hazırlaşanların məsuliyyətsizliyi səbəbindən baş verib. Tibb ekspertlərinin fikrincə, ölkədə ana ölümlərinin sayının artmasına səbəb hamiləliklərin az qala 90 faizinin pataloji vəziyyətdə keçməsi, yəni normal fizioloji parametrlərə uyğun olmamasıdır. Ekspertlər hesab edirlər ki, hamiləlikdə düzgün, işində peşəkar həkimin seçilməsi də əsas amillərdəndir. Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovdur. Mikayılovun rəhbərlik etdiyi xəstəxanada həkimlər hamilə qadında problem olmamasına baxmayaraq qeysəriyyə əməliyyatına üstünlük verir. Hər kəsə bəllidir ki, qeysəriyyə üsulu ilə əməliyyat o zaman baş verə bilər ki, hamilə qadının hansısa problemi olsun. Lakin rayon həkimləri bu üsula əl ataraq külli miqdarda pul qazanmağa çalışırlar. Qeyd edək ki, qeysəriyyə əməliyyatı təbii doğuşla müqayisədə iki dəfə bahadır. Ona görə də həkimlər təbii doğuşa hazırlaşan qadınları son anda uşağın həyatına təhlükə var deyərək dərhal əməliyyata alırlar. Sözsüz ki, ana və ailəsi uşağı düşünürək bu addımı atırlar. Lakin anaların əksəriyyəti savadsız və tamahkar həkimlərin güdazına gedirlər. Elə savadsızlıq, tamahkarlıq ucbatından ana və uşaq ölümü baş verir. Təəssüf ki, bədbəxt hadisənin qarşısını ala bilmirlər. Nazirlik ana və uşaq ölümünün səbəblərini araşdırmır. Bu vaxta qədər hansısa həkim layiqli cəzasını ala bilməyib. Odur ki, neçə -neçə ailələr gözüyaşlıdır. Ana və uşaq ölümlərinin bu qədər artması övlad sahibi olan ailələri təşvişə salıb. Ana olmağa hazırlaşan xanımlara psixoloji olaraq mənfi təsir göstərir. Hər kəs övladını qucağına alana qədər çox həyəcan keçirir.

Rəsmi qurumlar, BMT də daxil olmaqla dünyanın nüfuzlu beynəlxalq qurumları ilə ana-uşaq ölümünün həlli istiqamətində əməkdaşlıq etsələr də, ölkəmizdə bu sahədə lazımi sənədlər qəbul olunsa da, ana və uşaq ölümünü araşdıran təşkilatların araşdırmalarının nəticələri, eyni zamanda, dövlət qurumlarının açıqladığı statistik göstəricilər səhiyyə sahəsində SOS siqnalı çalmağın vaxtının çoxdan yetişdiyini göstərir.

Nuray KAZIMOVA