Saatlı rayonunda tikilmiş yerüstü keçid israfçılıq yox, korrupsiyadır » Memur.az

Saatlı rayonunda tikilmiş yerüstü keçid israfçılıq yox, korrupsiyadır

Saatlı rayonunda tikilmiş yerüstü keçid israfçılıq yox, korrupsiyadır

Prezident İlham Əliyev: "Görülən işlər zamanı israfçılığa yol verilməməlidir"

Saatlı rayonunun Qırağlı kəndində magistral yolun üzərində tikilmiş yerüstü keçid sakinlərin göz dağına çevrilib. Bu keçid (əgər buna keçid demək mümükündürsə) tikiləndə kənd sakinlərinin sevinci yerə-göyə sığmırdı. Şagirdlər valideynlərdən daha çox sevinirdilər.

Çünki yerüstü keçid rayonun ən böyük məktəblərindən biri olan Qırağlı kənd tam orta məktəbinin düz qarşısında tikilirdi. Həm valideynlər, həm də şagirdlər sevinirdilər ki, artıq təhlükədən birdəfəlik xilas olacaqlar. Məktəbin qarşısından keçən magistral yolda işıqfor olmadığından və maşınların sürətli hərəkətindən təşvişə düşən valideynlər uşaqlarının yeni tikilən yerüstü keçiddən tam təhlükəsiz keçəcəklərinə arxayın idilər. Sən demə...

Bəli, sən demə, kənd sakinlərinin sevinci əbəs imiş. Çünki sonradan məlum oldu ki, yerüstü keçid kənd sakinlərinin təhlükəsizliyinin təmin olunması üşün yox, kimlərinsə külli miqdarda büdcə pullarını mənimsəmək məqsədi ilə tikilirmiş. Yerüstü keçid istifadəyə verildikdən sonra uşaqlar üçün əsl təhlükə mənbəyinə çevrilib. Onu da qeyd edək ki, Azərbaycanın heç bir bölgəsində və Bakı şəhərində belə başdansovdu iş görülməyib. Yenə də qeyd edək ki, bu yerüstü keçidi tikməkdə əsas məqsəd ciblərini büdcə pulları hesabına doldurmaq imiş.

Yerüstü keçidin dəmir pillələrinin və keçid hissəsinin üstü örtülmədiyindən qarlı, yağışlı və şaxtalı havalarda bu keçidə qalxmaq qeyri-mümkündür. Nə valideynlərin, nə də uşaqların bu keçiddən istifadəsi mümükündür. Heç kimə lazım olmayan, tam istifadəsiz qalan yerüstü keçid Saatlı camaatına göz dağına çevrilib. Rayon sakinlərinin ümidi bir ona qalmışdı ki, ötən ilin sonunda Nəqliyyat naziri Ziya Məmmədov Prezidentin tapşırığına əsasən sakinləri elə Saatlı rayonunda qəbul edəndə bu məsələ də qaldırılacaq. Rayon sakinləri düşünürdülər ki, Saatlıya gələn nazir Ziya Məmmədov mütləq bu yerüstü keçidi görəcək və dərhal göstəriş verəcək ki, bu biabırçılığa son qoyun və burada insanların istifadə edə biləcək yerüstü keçid tikin. Təəssüflər olsun ki, hamının hər gün gördüyü bu başabəla yerüstü keçidi nazir Ziya Məmmədov "görmədi". Baxmayaraq ki, nazir həmin yerüstü keçidin altından keçdi.

Başabəla yerüstü keçid tikilib istifadəyə verildiyi gündən tam istifadəsiz qalıb. Sakinlərə deyirlər ki, heç kim canından və uşağından bezməyib ki, bu yerüstü keçidə çıxsın. İndi Qırağlı kəndinin sakinləri uşaqlarını həmin kənddəki məktəbə aparanda Allaha yalvarırlar ki, küçədən sağ-salamat keçsinlər.

Azərbaycan Prezidenti İlham Əliyev 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında deyib ki, "Görülən işlər zamanı israfçılığa yol verilməməlidir... Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. İsrafçılığa, ümumiyyətlə, yol vermək olmaz - nə həyatda, nə siyasətdə, nə də ki, iqtisadi məsələlərin həllində, o cümlədən indiki şəraitdə".

Görəsən, Saatlı rayonunun Qırağlı kəndində magistral yolun üzərində tikilmiş yerüstü keçidə israfçılıqdan başqa hansı adı vermək olar?

Əsəd Azəri