Neftçalada məmurların yeni davası » Memur.az

Neftçalada məmurların yeni davası

Neftçalada məmurların yeni davası

Salyan Regional Qaz İdarəsinin rəisi icra başçısına əzələ nümayiş etdirir

Xəyyam Rzayev İsmayıl Vəliyevin qazını kəsdirdi...

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı İsmayıl Vəliyevin yaşadığı mənzilin qazını kəsiblər. Bu barədə rayondakı mənbələrdən məlumat əldə etmişik. Etibarlı mənbənin bildirdiyinə görə, icra başçısı İsmayıl Vəliyev hazırda Neftçalanın sabiq rəhbəri Seyfəddin Məmmədovun bir vaxtlar yaşadığı mənzildə yaşayır. Fevral ayının 5-də "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismar İdarəsinin rəisi Xəyyam Rzayevin göstərişi ilə bütün borclu abonentlərin qazı kəsilib.

Borclu abonentlərin içərisində İsmayıl Vəliyevin də adı olub. Onun mavi yanacaq sərfiyyatına görə yaranan borcu 428 manat təşkil edib. İdarə rəisi Xəyyam Rzayevə həmin mənzildə icra başçısının yaşadığı bildirilsə də, o buna heç bir məhəl qoymayıb. Və qazın verilişinin dayandırılmasını tələb edib. Beləcə, Neftçalada qaza görə borcu olan bütün vətəndaşların, eləcə də İsmayıl Vəliyevin yaşadığı mənzilin qazı kəsilib: "Bunu eşidən başçı məsələyə sərt təpki göstərib. Rayon rəhbəri "Azəriqaz"ın və Salyan Regional Qaz İstismar İdarəsinin rəhbərliyinin ünvanına xoşagəlməz ifadələr işlədib. İcra hakiminin kirayə yaşadığı mənzil bir neçə saat qazsız qalıb. Həmin vaxt evdə başçının ailə üzvləri olub. İdarə rəisi Xəyyam Rzayev işçilərinə icra başçısının mənzilinin qazını heç bir halda bərpa etməməyi tapşırıb. Rəis icra hakiminin heç kimdən artıq, yaxud əskik olmadığını, işlətdiyi qaza görə dövlətin borcunu verməli olduğunu deyib. Deyilənə görə, İsmayıl Vəliyevlə Xəyyam Rzayevin münasibətləri yaxşı deyil və onlar tez-tez qarşı-qarşıya gəlirlər. Hətta o da bildirilir ki, bir müddət əvvəl idarə rəisi şəxsi məsələ ilə bağlı icra başçısından nəyisə xahiş edib, amma İsmayıl müəllim onun xahişini yerə salıb. Bundan əsəbləşən rəis başçıdan əvəz çıxmaq üçün fürsət gözləyib. Nəhayət, bu fürsət ayın 5-də yetişib. İdarə rəhbərinin göstərişi ilə başçının mənzilinə verilən qaz kəsilib". Mənbəmizin dediyinə görə, İsmayıl Vəliyevin yaşadığı mənzilin qazının kəsilməsi Neftçala Rayon Qaz İstismar İdarəsinin işçilərinə "trivoqa"nın verilməsi ilə nəticələnib: "İdarənin bütün işçiləri axşam saat 11-ə kimi icra başçısının evinə qazın verilişini bərpa etmək üçün səfərbər olublar. Məmur qaz idarəsinin işçilərinə qazı bərpa etməyənə qədər evlərinə getməməyi tapşırıb. Uzun müddət davam edən işlərdən sonra başçının mənzilinə qazın verilişi bərpa edilib. Bunu eşidən Salyan Regional Qaz İdarəsinin rəisi Xəyyam Rzayev başçının 428 manat borcunu ödəməyəcəyi təqdirdə, qazın verilişini növbəti dəfə dayandıracaqlarını söyləyib. Məmurlar arasındakı intriqa açıq şəkildə özünü göstərir. Hələ ki, bu mübarizədə xırda ranqlı məmur icra başçısı üzərində üstünlüyə sahibdir". Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Xəyyam Rzayev "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin ən sevimli kadrlarından biridir. Məlumata görə, idarə rəisi baş vermiş hadisəni baş direktora məruzə edib, icra başçısının mavi yanacaq sərfiyyatına görə yaranmış borcu ödəmədiyini bildirib. İddialara görə, məsələyə Əkbər Hacıyev də qarışmalı olub. Etibarlı mənbənin sözlərinə əsasən baş direktor icra başçısı ilə əlaqə saxlayaraq ona borcunu tezliklə ödəməyi məsləhət görüb: "Amma İsmayıl Vəliyev 428 manat borcu ödəmək fikrində deyil". Belə bir hadisənin həqiqətən də baş verib-vermədiyini dəqiqləşdirmək üçün dəfələrlə cəhd göstərsək də, nə İsmayıl Vəliyevlə, nə də Xəyyam Rzayevlə əlaqə yarada bildik. Buna rəğmən, hər iki tərəfin də mövqeyini dərc etməyə hazırıq. Qeyd edək ki, Xəyyam Rzayev əvvəl elektrik şəbəkəsində işləyib. O vaxtilə Dövlət Neft Şirkətində Təchizat İdarəsinin rəisi işləyən Ağasəf Rzayevin qardaşı oğludur.

P.S. Biz isə məsləhət görərdik ki, borcu ödəyəsiniz.
Hafiz Məmmədli