Anar Qalayev: Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı » Memur.az

Anar Qalayev: Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı

Anar Qalayev: Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajıSabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Anar Qalayev - Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri getdikcə möhkəmlənir. Xalqlarımızın eyni soy-kökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki qardaş ölkəni vaxt, zaman ötdükcə bir-birinə daha da doğmalaşdırır, sevincli, kədərli günlərdə də biri digərinin yanında olur.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən reallaşdırılan düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmış, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçmişdir.

Türkiyə ilə Azərbaycanın sıx bağlılığı, doğmalığı Vətən müharibəsində özünü daha qabarıq büruzə verdi. Belə ki, İkinci Qarabağ savaşı başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi. Bu, xalqımızı ruhlandırdı, eyni zamanda, haqq savaşımıza müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri durdurdu. Qardaş ölkənin dövlət başçısı Türkiyənin Azərbaycanın yanında olduğunu dəfələrlə bildirdi və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər cənab Rəcəb Tayyib Ərdoğanın, qardaş türk xalqının siyasi-mənəvi dəstəyi ölkəmizə əlavə güc verdi. Müharibənin gedişində Türkiyənin hər yerindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi, vəhdətimizi nümayiş etdirdi.

Vətən müharibəsi getdiyi günlərdə Türkiyə mətbuatı haqq işimizi obyektiv, qərəzsiz işıqlandırdı, mətbuat nümayəndələri savaşın ən təhlükəli anlarında belə real vəziyyəti əks etdirmək, tamaşaçılara və dünyaya çatdırmaq üçün öz həyatlarını risk altına atmaqdan çəkinmədilər. Bununla bağlı Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Mən özüm şəxsən müharibə dövründə bir çox hallarda Türkiyə televiziya kanallarında gedən reportajları izləmişdim və bir daha görürdüm ki, burada təkcə peşəkarlıq məsələləri deyil, burada həmrəylik, sevgi ilə dolu reportajlar verilir. Azərbaycanın haqq səsi, Azərbaycanın haqlı olması dünyaya çatdırılır və ən təhlükəli yerlərdən, bombalar düşdüyü yerlərdən Türkiyənin mətbuat nümayəndələri dərhal oraya gəlmişlər, reportajlar hazırlamışlar”.

İkinci Qarabağ müharibəsində qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə və onun rəhbəri savaş bitəndən sonra da daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı isə Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırıb.

Vətən müharibəsindən sonra Azərbaycan-Türkiyə əməkdaşlığında yeni dövr başlayıb. Regionda yeni vəziyyət, geosiyasi reallıq yaranıb. Tarixi hadisəyə çevrilən və mühüm önəm daşıyan “Şuşa Bəyannaməsi” imzalanıb. Qardaş ölkə Qarabağın bərpasında köməyini əsirgəməyib. İlk müqavilələr Türkiyə şirkətləri ilə imzalanıb.

Hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər. Onlar digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməyi edirlər.

Bu il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış edərkən Qarabağın bərpasına qardaş köməyi barədə danışarkən deyib: “Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik. Ən qısa müddətdə evlərinə qayıtmalarını gözlədiyimiz azərbaycanlı qardaşlarımız üçün də hər cür səy göstərəcəyik. Təbii ki, bu məsələdə hörmətli qardaşımın xüsusi fəaliyyəti var. Yetər ki, buranın əsl sahibləri evlərinə, məskənlərinə qayıtsın. Onlara istər maliyyə köməyi, istərsə də iş imkanı ilə bağlı hər cür dəstəyi verməklə azərbaycanlı qardaşlarımızın öz evlərinə, öz məkanlarına geri qayıtmaları buraları ciddi mənada zənginləşdirəcək”.

Prezident Rəcəb Tayyib Ərdoğanın o vaxt səsləndirdiyi bu fikirlər bu gün öz təsdiqini tapır. Qarabağın dünyaya açılan hava qapısı – Füzuli Beynəlxalq Hava Limanı dövlətimizin başçısı cənab İlham Əliyevlə qardaş ölkə rəhbərinin birgə iştirakı ilə istifadəyə verildi. Bu möhtəşəm mərasim iki dahi liderin bütün dünyaya dostluq, qardaşlıq nümunəsini nümayiş etdirdi. Türkiyə Prezidentinin iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlinin qoyulması da qardaşlığımızın, dostluğumuzun təqdimatı, dünyaya ünvanlanan birlik, həmrəylik mesajıdır. Bu mesaj, həm də regionun sülh, əmin-amanlıq məkanına çevrilməsindən, erməni faşizminin xarabalığa döndərdiyi yurdumuzun bu gün cənnətə döndərilməsindən xəbər verir.

Hazırda Azərbaycan–Türkiyə münasibətləri tarixdə özünün ən yüksək səviyyəsini yaşayır və bu münasibətlər ildən-ilə daha də möhkəmlənəcək və daha yüksək inkişaf mərhələləri fəth olunacaq.