Prezident: “Bəzi hallarda məlumatı onlardan tez əldə edirəm” » Memur.az

Prezident: “Bəzi hallarda məlumatı onlardan tez əldə edirəm”

Prezident: “Bəzi hallarda məlumatı onlardan tez əldə edirəm”

Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan mətbuatı yeni səviyyəyə qalxa bilib: “Mən burada ilk növbədə, Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istəyirəm. Artıq 12 ildir ki, Mətbuat Şurası fəaliyyət göstərir. Mətbuat Şurasının fəaliyyətini həm Azərbaycan jurnalistləri, eyni zamanda, Azərbaycan ictimaiyyəti də görür və hesab edirəm ki, yüksək qiymətləndirir. Bununla bərabər, hesab edirəm ki, bugünkü mətbuatımızın yüksək səviyyəyə qalxmasında Mətbuat Şurasının çox böyük rolu olmuşdur.

Dövlət başçısı qeyd edib ki, azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir: “Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir. Bir daha demək istəyirəm ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Bir daha demək istəyirəm, həm jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər. Mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.

Prezident İlham Əliyev bildirib ki, mətbuat ilk növbədə Azərbaycanın strateji maraqlarını, dövlətin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır: “Hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq. Əlbəttə, bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin, siz də bilirsiniz ki, prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir. Ona görə, sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm”.

Dövlət başçısı bildirib ki, ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur: “Bir çox məsələlər öz həllini tapıbdır. Ancaq hələ ki, həm siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə, idarəetmə sistemində islahatlar daha da dərinləşməlidir. Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan cəmiyyəti vahid maraqlar, xalq - milli ideyalar ətrafında birləşib: “Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək. Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm də mətbuatın üzərinə böyük vəzifələr düşür”.