Respondentlərin 88,1%-i Prezident İlham Əliyevə tam etibar edir - SORĞU » Memur.az

Respondentlərin 88,1%-i Prezident İlham Əliyevə tam etibar edir - SORĞU

Respondentlərin 88,1%-i Prezident İlham Əliyevə tam etibar edir - SORĞUSosial Tədqiqatlar Mərkəzi “Prezidentin fəaliyyəti ictimai rəydə” adlı analitik hesabatını açıqlayıb.

Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.

Bildirək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “İnam İndeksi” jurnalının yeddinci xüsusi buraxılışında Prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə yüksək ictimai-siyasi fəaliyyəti sosioloji sorğu əsasında vətəndaş rəyində qiymətləndirilib.

“İnam indeksi” buraxılışı Prezidentə və hakimiyyətin digər qollarına ictimai inam və etimadı rəy sorğusu əsasında dövrü olaraq qiymətləndirir. Belə ki, keçirilən cari sorğu nəticələrinə əsasən respondentlərin 88,1%-i Prezidentə tam etibar etdiyini, 10,2%-i əsasən etibar etdiyini bildirib. Cəmi 0,7% respondent əsasən etibar etmədiyini, 0,7% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0,3%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib. Respondentlərin Birinci Vitse-prezidentə inam və etimad səviyyəsi də öyrənilib. Nəticələrə əsasən sorğu iştirakçılarının 78,9%-i Birinci vitse-prezidentə tam etibar etdiyini, 15,6%-i əsasən etibar etdiyini bildirib. Respondentlərin cəmi 1,0%-i əsasən etibar etmədiyini, 3,4%-i heç etibar etmədiyini qeyd edib. 1,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Rəy sorğusu əsasında hakimiyyətin digər qollarına, parlament və məhkəmə orqanlarına olan ictimai inam və etimad səviyyəsi öyrənilib. Sorğu iştirakçılarının 32,5%-i Milli Məclisə tam etibar etdiyini, 37,7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 4,7%-i əsasən etibar etmədiyini, 22,2%-i isə heç etibar etmədiyini bildirib. 3,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 37,6%-i məhkəmələrə tam, 24,0%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 15,6%-i əsasən etibar etmədiyini, 17,2%-i isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 5,7%-i bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib. Göründüyü kimi, məhkəmə institutlarına olan ictimai inam və etimadla parlamentə olan münasibət arasında uyğunluq müşahidə olunur.

Sorğu çərçivəsində vətəndaşların yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib. Sorğu iştirakçılarının 35,8%-i Nazirlər Kabinetinə tam, 36,0%-i əsasən etibar etdiyini bildirib. Əks mövqedən çıxış edənlər isə ümumilikdə 23,6% təşkil edib (5,4%-i əsasən etibar etmir, 18,2%-i heç etibar etmir). Başqa sözlə, təqribən hər dörd respondentdən biri Nazirlər Kabinetinə etibar etmədiyini bildirib. 4,6% respondent mövqe bildirməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.