Vaqif Əsədov yerinə olan təyinatdan DANIŞDI » Memur.az

Vaqif Əsədov yerinə olan təyinatdan DANIŞDI

Vaqif Əsədov yerinə olan təyinatdan DANIŞDIPolis polkovniki Vaqif Əsədov təqaüdə getməsi ilə bağlı açıqlama yayıb.

Oxu.Az onun açıqlama mətnini təqdim edir:

“Ötən gün mənə çox sayda telefon zəngləri, eləcə də KİV nümayəndələrinin SMS vasitəsi ilə sualları daxil olub. Telefona və suallarınıza cavab verə bilmədiyimə görə üzrlü sayın, mənə və xidmətimə olan diqqət və qayğınıza, eləcə də informasiya almaq istəyinizə görə təşəkkürümü bildirir və təqdir edirəm.

Bəli, təqaüdə çıxmaq üçün “xidmətdə olmanın son yaş həddinə çatdığına görə” əmr imzalanıb və şəxsi heyətə elan edilib. Bununla əlaqədar rəhbərlik səviyyəsində şəxsi heyətlə birgə tədbir təşkil edildi və xüsusi olaraq mənim xidməti fəaliyyətim yüksək qiymətləndirildi. Düşünürəm ki, daim təmasda olduğum hərəkət iştirakçıları da öz fikirlərini paylaşarlar.

Əlbəttə, Tanrıya şükürlər olsun ki, qismət oldu, xidmətimi başa vurub, təqaüdə çıxa bildim. Təbii ki, buna çox sevinirəm və bu sevinci mənə, ailəmə yaşadan DİN-in bütün rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan Respublikasının ən xoşbəxt vətəndaşlarından biriyəm desəm, heç də yanılmaram. Çünki DİN rəhbərliyinin bundan sonra da mənə, həyat tərzimə olan diqqət və qayğısı, hətta ailə üzvlərimin belə nəzarətində olması bir daha DİN-in əsgəri olduğumu, dövlətə və dövlətçiliyə daim vətəndaş kimi xidmət etməyimi qarşımda bir vəzifə olduğunu təsdiq etdi.

Fürsətdən istifadə edib cənab nazirə təşəkkür edir və onu əmin edirəm ki, təqaüddə olan polis-polkovniki kimi qanunvericilik tələblərinə uyğun olaraq mülki vətəndaş kimi də borcumu davam etdirəcəyəm.

Əlavə olaraq qeyd edim ki, bu xidməti məndən sonra da əməkdaşlardan polis baş leytenantı Toğrul Nəsirli, polis baş leytenantı Pərvanə Muradova, polis-leytenantı Rüstəm Əhmədli və polis mayoru Araz Əsgərli təbliğat işini daha səmərəli təşkil edərək ictimaiyyətlə və KİV-lə qarşılıqlı, ardıcıl, məqsədli və layiqincə davam etdirəcəklər”.

Xatırladaq ki, polis polkovniki Vaqif Əsədov təqaüdə göndərilənə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi vəzifəsində çalışırdı.