İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının baş prokurorunu qəbul etdi - YENİLƏNİB » Memur.az

İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının baş prokurorunu qəbul etdi - YENİLƏNİB

İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının baş prokurorunu qəbul etdi - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd edib. Səudiyyə Ərəbistanı Krallığına səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər zamanı göstərilən qonaqpərvərliyin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərini bir daha nümayiş etdirdiyini bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığına xüsusi rəğbətlə yanaşılır. Çünki Səudiyyə Ərəbistanı Krallığı dünyanın nadir ölkələrindəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bunun səbəbi isə torpaqlarımızın işğal altında olması idi. Prezident İlham Əliyev qeyd edib ki, biz bu mövqeyi çox yüksək qiymətləndiririk. Dövlətimizin başçısı bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması erməni vəhşiliyini, azad edilmiş torpaqlarda hər şeyin, o cümlədən 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdıldığını bütün dünyaya göstərdi.

Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən sonra iqtisadi sahədə, o cümlədən energetika sahəsində əməkdaşlıq imkanlarının daha da artdığını vurğulayan Prezident İlham Əliyev bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının böyük şirkətlərinin Azərbaycana maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib, bu ölkənin “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını bunun yaxşı nümunəsi kimi qiymətləndirib.

Beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəklədiyini vurğulayan dövlətimizin başçısı, eyni zamanda, insanlar arasındakı əlaqələrin, qarşılıqlı səfərlərin və turistlərin sayının artmasının əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etməsi üçün yaxşı zəmin yaratdığını bildirib.

Prezident İlham Əliyev Şeyx Səud bin Abdullah Əl Müacibin səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Şeyx Səud bin Abdullah Əl Müacib İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda çatdırmağı xahiş edib.

Azərbaycanda gördüyü inkişaf proseslərinin onlarda sevinc hissi doğurduğunu bildirən qonaq deyib: “Ölkənizin əldə etdiyi inkişafla bağlı Sizi təbrik etmək istəyirəm. Biz Azərbaycan haqqında, ölkənizin iqtisadi, ictimai və sosial sahələrdə əldə etdiyi nailiyyətlər barədə çox eşitmişik. Xüsusilə, böyük Qələbəniz, torpaqlarınızı qısa vaxt ərzində azad etdiyinizə görə Sizi təbrik edirik”.

Şeyx Səud bin Abdullah Əl Müacib 10 may - ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində onun xatirəsini dərin ehtiramla yad edib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

15:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.