Bəkir Orucov: “Şuşanın işğaldan azad edilməsi dünyanı heyrətə saldı” » Memur.az

Bəkir Orucov: “Şuşanın işğaldan azad edilməsi dünyanı heyrətə saldı”

Bəkir Orucov: “Şuşanın işğaldan azad edilməsi dünyanı heyrətə saldı”“Vətən müharibəsindən əvvəl ideoloji işin başlıca mahiyyəti torpaqlarımızın işğaldan azad olunması ilə bağlı idi. Torpaqlar işğaldan azad edildi. Bu gün ideoloji işin başlıca mahiyyəti - vətənsevərlik, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Hərbi anda sədaqətidir”.

Oxu.Az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov bildirib.Onun sözlərinə görə, hazırda fəaliyyətimiz böyük məsuliyyətlə davam etdirilir, əlavə olaraq işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinə inam, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması kimi duyğular daha möhtəşəmliklə aşılanır:

“Bu, idarəmizin hər bir əməkdaşının yerinə yetirdiyi vəzifə borcları sırasındadır.

Vətən müharibəsi milli-xəlqi ruhun qələbəsi kimi tarixləşdi. Bu qələbə azərbaycançılığın qüdrəti idi, Ali Baş Komandanın Müzəffər sərkərdəliyinin qələbəsi idi, xalqın ölkə başçısının ətrafında sıx birləşməsinin qələbəsi idi, tarixi ədalətin bərpa edilməsi idi.

Bu amillər hazırda hərbi hissələrdə şəxsi heyətə vətənpərvərlik duyğularının daha yüksək səviyyədə formalaşdırılmasında başlıca amillərdən hesab edilir. Şuşanın işğaldan azad edilməsi dünyanı heyrətə saldı. Sizin qəzetdə oxuduğum bir informasiyanı xatırlayıram.

Bir rus jurnalistinin yazdığı da bu heyrətin nümunəsidir: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”.

Bu fikirləri xarici dövlətin jurnalisti deyib. Həm də kəlmələrdə bir qibtə də var. Yəni, bu fikirləri deyənin təmsil etdiyi millətin döyüşçülərinin də belə qətiyyətə malik olması istəyi də aydınlığıyla hiss edilir. Bu və bu kimi informasiyaların əsgərlərə çatdırılmasını da zəruri hesab edirəm. Xarici vətəndaşın, xarici ölkənin jurnalistinin bu səviyyədə həsədi, əlbəttə ki, ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli olar”.

“Müharibədə iştirak edən Ermənistan ordusunun hərbi qulluqçusu Andrey Nalbandyan da Azərbaycan əsgərinin qorxmazlığından qorxduqlarını etiraf edərək belə deyib:

“Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər - onlar terminator kimi irəliləməyə davam edirdilər. Sanki zombi ordusu idi”.

Düşmənin etirafı Azərbaycan əsgərinin qüdrətidir. Bu qüdrət Vətən müharibəsində işğalçı dövlətin qurduğu sədləri də, bu sıradan “Ohanyan səddi”ni, ordusunun döyüş ruhunu da darmadağın edən Azərbaycan əsgərinin gücünün etirafıdır.

Yaxınlaşan gücdən, qüdrətdən qorxmağa başlayan düşmənin məğlubiyyətinin başlıca səbəbinin etirafıdır. Bu qorxunun müharibənin sonlarından xeyli əvvəl düşmənin hərbi qulluqçularının döyüşlərdən yayınmasına, hətta qaçmasına səbəb olduğunun etirafıdır”, - deyə o qeyd edib.