Bir sıra mədəni irs nümunələri dövlət mühafizəsinə götürülür » Memur.az

Bir sıra mədəni irs nümunələri dövlət mühafizəsinə götürülür

Bir sıra mədəni irs nümunələri dövlət mühafizəsinə götürülürŞəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində mövcud olan daşınmaz mədəni irs nümunələri dövlət mühafizəsinə götürülür.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisi daxildə yerləşən, 120 hektar sahəsi olan Şəki şəhərinin ən qədim hissəsi “Şəki Xan sarayının və şəhərin tarixi mərkəzi” adı ilə 2019-cu il 7 iyul tarixində Ümumdünya İrs Siyahısına daxil edilib.

Şəkinin qədim hissəsinin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsi zamanı “Dünya İrs Konvensiyası”nın II və V meyarları əsas götürülüb.

II meyara görə Şəki şəhərinin qədim hissəsinin memarlığı Böyük İpək Yolu üzərində yerləşən bir tarixi Azərbaycan şəhəri kimi intensiv beynəlxalq ticarətin və qonşu mədəniyyətlər ilə mədəni mübadilənin izlərini özündə əks etdirir. V meyara görə isə Şəkinin şəhərsalma və memarlıq ənənələri təbiət ilə mədəniyyətin ahəngli harmoniyasını, insanların təbiət resurslarından səmərəli və dayanıqlı istifadə etməsini özündə əks etdirir.

Bu meyarlar üzrə Şəki şəhərinin tarixi hissəsi Dünya İrs Siyahısında daxil edilsə də, həmin hissədə yerləşən bir çox tarixi tikililər, tarixi mühəndis-kommunikasiya qurğuları, yaşayış evləri və ictimai binalar “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən təsdiq edilmiş siyahıya daxil edilməyib ə onlara inventar nömrəsi verilməyib.

Buna görə də Şəkinin qədim hissəsində yerləşən bir sıra tikililərin yeni aşkar edilibmiş tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə alınması labüd məsələyə çevrilib.

Şəki şəhərinin UNESCO Ümumdünya İrs siyahısına daxil edilmiş qədim hissəsində yerləşən onlarla tarix və mədəniyyət abidəsinin yeni aşkar edilmiş tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülməsi üçün Azərbaycan Respublikasının mədəni irs sahəsində mövcud normalara və beynəlxalq mədəni irs normalarının tələblərinə istinad edərək təkliflər hazırlanıb.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsünün aparılması, həmçinin təsdiqlənmiş siyahıdan abidənin çıxarılması və əlavə edilməsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

Qeyd edilənləri nəzərə alaraq, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində mövcud olan sözügedən daşınmaz mədəni irs nümunələrinin dövlət mühafizəsinə götürülməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı hazırlanıb.