Allahşükür Paşazadə: “Bəzi məqamlarda çoxarvadlılıq vacibdir” » Memur.az

Allahşükür Paşazadə: “Bəzi məqamlarda çoxarvadlılıq vacibdir”

Allahşükür Paşazadə: “Bəzi məqamlarda çoxarvadlılıq vacibdir”Modern.az saytı jurnalist Səfurə Çərkəzqızının Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadədən illər öncə aldığı müsahibəsini təqdim edir:

Qeyd edək ki, müəllifin “Sevdalılar” adlı kitabında yer alan bu müsahibə internet mediada ilk dəfədir yayımlanır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə ilə görüşüm onun doğum günü ərəfəsində baş tutdu. Olanlardan, ola biləcəklərdən, dindən, dindarlardan, hətta doğum gününü necə keçirəcəyindən də danışdıq...

- Şeyx həzrətləri, bura gələndə məscidin qapısında oturan dilənçi qadınları gördüm. Hara gedir bu millətin axırı? Hamı əl açıb dilənir...

- Bismillahir-Rəhmənir - Rəhim! Yaxşı olar ki, bu sualı dövlət qurumlarına, onun işçilərinə verəsiz. Bu məsələləri dövlət həll eləməlidir.

- Həmişə güzəran ağırlaşanda deyirlər, dinsizliyimizdən bu günə düşmüşük. Siz necə fikirləşirsiz?

- Bizim xalq heç vaxt dinsiz olmayıb. Bugünkü çətin vəziyyəti dinin üstünə yıxmaq lazım deyil.

- Bəs dinin dövlətə təsiri necədir?

- Azərbaycan dövlətinin Konstitusiyası, qanunu var. Biz də işimizi o çərçivədə görürük. Yəni  həmin qanunda yazılmayıb ki, din dövlətə təsir eləməlidir.  Dinin dövlətə köməyi o olmalıdır ki, məscidlərdə dini işlər aparsın. Şəriət kitablarını, “Quran”ı çap elətdirsin.

- Dinlə siyasət necə?  Din xadiminin siyasətə müdaxiləsi düzgündür?

- Konstitusiyanı oxumusunuzsa, bayaq dediyim kimi, “Vicdan azadlığı” bəndində göstərilir ki, din dövlətdən ayrıdır. Heç bir siyasi işlərə qarışmır.

- Amma sizi ən çox siyasətə müdaxilədə suçlayırlar.

- Mən heç vaxt siyasətə qarışmamışam. Amma elə şeylər var ki, kənardan durub baxmaq olmur. Mən də bu ölkənin vətəndaşıyam. Din dövlətdən ayrı olsa da, vətəndaş vətənindən ayrı deyil. Onun işlərinə müdaxilə eləmək, dövlətçilik ideyasını yaymaq mənim də borcumdur.

- Onda gəlin, indiki siyasi vəziyyəti sizin baxışınızla çözək.

- Yaşadıqlarımız bütün dövlətlərin həyatında olub. Bu dövrdə çətinliklər, laxlamalar baş verir. Amma axırda xalq öz doğru yolunu tapır. Camaata da bu dövrdə köməyi biz eləməliyik. Uzun müddət müstəmləkədə olduğumuz üçün azadlığa birdən-birə çatmaq  çətindir. Bu gün bütün müsəlmanların qəlbində iman var, o vaxtsa bunu izhar eləmək mümkün deyildi. İndi məscidlər, mədrəsələr açıq-aşkar öz işi ilə məşğuldur. Əminəm ki, xalqımız gec-tez axtardığı yolu tapacaq.

- Bunun üçün xalq kimə arxalanmalıdır? Lap belə deyək: müxalifətə, ya iqtidara?

- Allaha!

- Şeyx, deyirlər, siz türkçülüyə qarşı çıxırsız?

- Yalan söhbətdir, buna heç bir əsas yoxdur. Mən milli məsələlərə yox, dini işlərə baxıram. Milli məsələlər dövlətin işidir. Biz heç bir dini məzhəbi birləşdirmək fikrində deyilik. Amma bunların arasında dostluq yaratmaq borcumuzdur. O sözü deyən ancaq təxribat məqsədi güdür. Əslində, mənim istəyim odur ki, İslamdan gələn keyfiyyətləri qoruyub saxlayaq. Heç bir dövlətin xüsusiyyətləri bizdən o keyfiyyəti almasın. Bizim öz modelimiz olmalıdır, oradan-buradan gələn yox. Əgər mənim bu mövqeyimi hər hansı millətin əleyhinə yönəldirlərsə, daha sözüm yoxdur.

- ...Bizdə həm çadraya bürünənlər var, həm də açıq-saçıq geyinənlər...

- Azərbaycan müsəlman dövləti yox, müsəlman ölkəsidir. Burada müxtəlif xalqlar yaşayır. Kim müsəlmançılığa əməl eləyirsə, başını örtməlidir. Bu, mənim sözüm deyil, Allahın, peyğəmbərin, şəriətin tələblərindən biridir. Kim istəmirsə, məcburiyyət yoxdur. Amma təbliğat bizim borcumuzdur.

- Son illər bizdə müxtəlif dinlərin təbliğatı gedir...

- Bir vaxtlar ateizmdən imtahan verib “5” alanda sevinirdik. Həmin nəsil beş-altı ilin içərisində dönüb müsəlman ola bilməz ki... Onların içərisində kök salmış ünsürlər həmin təbliğata tez uyur. Bir də ki Azərbaycanın coğrafi mövqeyi, onu əhatə edən dövlətlərin dünyadakı siyasi yeri buna təsiri göstərir.  Həmin dövlətlər Azərbaycanın gələcəyini öz arzusuyla görmək istəyir. Hər birinin də öz maraqları var.

- Siz onlara qarşı hansı işləri görürsüz?

- Bizimki təbliğdi. “Vicdan azadlığı”nda var ki, xalqın ümumi etiqadına, ənənəsinə yad məzhəblərin, dinlərin yayılması qadağandır. Bu qanunu dövlət qəbul eləyib, o da cavabdehdir. Azərbaycanda hər hansı bir dini yayırlarsa, onun fəaliyyəti üçün şərait yaradan, viza verən, sərhəddən keçirən dövlət məmurlarıdır. Həmin dinlərin təbliği üçün nə qədər pul qoyulur. Özü də gələnlər xüsusi öyrədilmiş adamlardır. Onlar öz dövlətlərində məktəb keçiblər. Bizimsə qarşımızı qanunlarımızdakı qüsurlar, boşluqlar kəsir. Missionerləri cəzalandıracaq qanunumuz yoxdur. Bu məsələləri biz dəfələrlə qaldırmışıq. Milli Məclis xüsusi qərarlar çıxarmalıdır.

- Bizdə İran mədrəsələrinin, dini məktəblərin sayı artır. Sizcə, bu da İran dövlətinin gizli təbliği deyil?

- Elə hesab eləmirəm.

- O məktəblərin yerləşdiyi binaların üzərində ancaq İranın bayrağı asılır...

- Mənə qalsa, ümumiyyətlə, hər hansı binadan bayraq asılmasının əleyhinəyəm. Özümüzün bayrağı, ya başqasınınkı, fərqi yoxdu. Bu, o deməkdir ki, bu işi mən eləmişəm. Bir növü, elədiklərinə minnət qoymaqdır.

- Keçək başqa məsələyə...Şəriət məhərrəmlikdə baş yarmağa, qan çıxarmağa icazə vermir. Amma belə mərasimlər elə sizin məscidin həyətindəcə olur...

- Qan çıxarmaq müsəlmançılıqda günah sayılır.  Biz dəfələrlə televiziyadan bu barədə çıxışlar eləmişik. O mərasimləri təşkil eləyənlərsə bizim mollalar deyil. Kənardan gələn camaatdır. Onlar elə bilir ki, zəncirlə özlərini döyməklə Allahın yanında günahlarını yuyurlar. Bir də ki onlar ancaq bir gün bura gəlirlər. Biz onlara necə deyək “gedin buradan!”?

- Sizcə, bu, camaat arasında  dini təbliğatın zəifliyi deyil?

- Düzdür.

- Doğum  gününüzü  təmtəraqlı keçirmək fikriniz var?

- Yox, elə bir şey fikirləşməmişəm.

- Gəlin, bir az da İslamda qadının yeri barədə danışaq...

- İslamın qadınlara verdiyi hüquq, ixtiyar heç bir dində yoxdur. Allah-təala “Quran”da buyurur ki, qadınlar bəzi şeylərdə kişilərdən üstündür.

- İslamın qadına verdiyi o hüquqları müasir Azərbaycan qadını qoruya bilirmi?

- Yox.

- Niyə?

- Çünki cəmiyyət hələ o səviyyədə yetişməyib. Bunun üçün heç kəsi qınamaq olmaz. Hələ xeyli zaman gərəkdir. Bax, bilirəm ki, başınızdakı yaylığı bura gələndə örtmüsüz, eləmi?

- Doğrudur.

- Amma çox istəyərdim ki, həmişə belə örtünəsiz. Siz bu yaylığı Allaha görə yox, mənə görə bağlamısız. Nə vaxt bu işi Allaha görə eləsəz, deməli, azadlığınızı, hüquqlarınızı qoruya bilirsiz. Əgər daxili azadlığınız daxili hicabınız olsa, bu dediklərinizə çatmaq mümkündür. Qadına verilən ixtiyar  Sovet dövründə onların əlindən alındı. Biz səkkiz il qabaq bunları qışqırıb deyirdik. Mən Azərbaycan qadınlarından o qədər də narazı deyiləm. Amma axır vaxtlar televiziyada, qəzetlərdə elə açıq-saçıq şeylər verirlər ki... Siz elə bilməyin ki, mən fanatikəm. Amma əgər mən ailəmlə oturub hansısa filmə baxa bilmirəmsə, bu, biabırçılıqdır.

- İslamın verdiyi azadlığı Azərbaycan qadını tarixin daha hansı dövründə yaşayıb?

- Mən Sovet dövründə yaşamışam. Əvvəlki dövrləri də ancaq kitablardan oxumuşam. Hər halda, qadınların hüquqları Sovet dövründə daha çox tapdanıb.

- Sizcə, qadınlarımız o azadlığa çatacaq?

- İnşallah! Bu, sizdən, dinə yanaşmağınızdan asılıdır. Əgər addımınızı şeytana yox, Allaha görə atırsınızsa, gec-tez o zirvəyə çatmalısız.

- Milli Məclis çoxarvadlılıqla bağlı bir ara səs-küy qopardı. Amma qərar qəbul olunmadı...

- Çoxarvadlılıq Allahın “Quran”da buyurduğu qanundur. Şəriətdə dörd arvada qədər evlənmək olar. Amma çoxlu şərtləri var. Gərək arvadların hamısına ədalətli olasan. Eyni cür sevəsən, mənəvi-maddi, şəhvani tələblərini bərabər ödəyəsən. İkincisi, şəriətə görə birinci arvadın uşağı olmursa, ya keçici xəstəliyi varsa, kişi ondan icazəsiz ikinci arvad ala bilər. Əgər bu səbəblər yoxdursa, ikinci arvad almaq üçün mütləq birincinin icazəsi olmalıdır. Üçüncünü almaq üçünsə hər iki qadının icazəsi lazımdır. Dördüncü də elə. Hanı indi belə kişi? Şəriətə görə bəzi məqamlarda çoxarvadlılıq vacibdir. Müharibələr zamanı nəsil artımı üçün...

- Bəs  şəriətə görə Şeyxin neçə arvadı olmalıdır?

- “Quran”da nə yazılıbsa, o, şeyxə də aiddir. Amma şeyxinizin bir arvadı var. İkincisinə, üçüncüsünə də ehtiyac duymuram.