"Prezidentin əlini sıxıb, sonra ikiüzlülük edirlər" » Memur.az

"Prezidentin əlini sıxıb, sonra ikiüzlülük edirlər"

"Prezidentin əlini sıxıb, sonra ikiüzlülük edirlər"

“Azərbaycan bütün Avropa və dünyaya bir daha tanıdacaq ki, bu ölkə nəyə qadirdir. Bunu gözügötürməyən bəzi ölkələr, təşkilatlar özlərinin bütün imkanlarından istifadə etməklə bunun qarşısını almağa çalışırlar”.

Bunu AzVision.az-a açıqlamasından millət vəkili, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü Çingiz Qənizadə deyib. Avropa İttifaqının (Aİ) Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin ölkəmizə qarşı işbirliyinin ortaya çıxmasına münasibət bildirən deputat qeyd edib ki, ölkəmizə qarşı təxribat hazırlayanlar cavab verməlidirlər. “Bu çox ciddi məsələdir. Mütləq araşdırmaq lazımdır. Deyilən faktlar sübut olunsa, Avropa İttifaqının (Aİ) Bakı ofisi və Yunanıstan səfiri cavab verməli olacaq. Bu cür hərəkətlər yolverilməzdir.



Demirik ki, bizi yalandan tərifləyin. Amma olmayan bir şey haqqında, yalnış informasiya verməyə kiminsə haqqı yoxdur. Avropa Oyunları ərəfəsində Azərbaycanı gözdən salmaq üçün müxtəlif yollara əl atırlar. Xüsusən də səfir bu addıma görə, açıqlama verməli və onun fəaliyyətinə yenidən baxılmalıdır”.

Deputat hesab edir ki, Avropa Oyunlarına Bakıda gələn xaricilər arasında ölkəmizə qarşı olanlar da var.

“Azərbaycana gələcək jurnalistlərin heç də hamısı ölkəmizi sevməyə gəlməyəcəklər. Bəziləri sadəcə qarışqadan fil düzəltməyə gələcək. Biz də öz davranışımız, mədəniyyətimiz, qonaqpərvərliyimizlə buna imkan verməməliyik. Adi sürücüdən tutmuş məmura qədər hər kəs bu məsələdə diqqətli və olduqca məsuliyyətli olmalıdır”.

Deputat ölkəmizdə fəaliyyət göstərən bəzi səfirlərin ikili siyasət yürütdüyünü qeyd edib. Bildirib ki, bəzi diplomatlar prezidentlə görüşdə özlərini başqa cür aparırlar, sonra isə əsl simalarını nümayiş etdirirlər.

“Azərbaycana gələndə cənab prezidentin əlini sıxır, amma sonra gedib başqa cür addımlar atmağa çalışırlar.Bu isə ikiüzlülükdür”.

Qeyd edək ki, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək l Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb. Buna səbəb isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub.Belə ki, səfir mayın 21-də Yunanıstan XİN-ə göndərdiyi məlumatda iddia edib ki, l Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək.

Səfir öz iddiasını həm də Avropa İttifaqının Bakı ofisindən səfirliyə daxil olan və guya l Avropa Oyunlarının dünya liderləri tərəfindən “boykot” ediləcəyi haqqında məlumat ilə əsaslandırıb.Səfir məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə prezidentləri də açılışda iştirak etməyəcəklər. Məhz bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində təmsil olunmaq barədə qərar qəbul edib.