Miroslav Mitrofanov: “İndi Avropada hərə öz başının çarəsinə baxır” - MÜSAHİBƏ » Memur.az

Miroslav Mitrofanov: “İndi Avropada hərə öz başının çarəsinə baxır” - MÜSAHİBƏ

Miroslav Mitrofanov: “İndi Avropada hərə öz başının çarəsinə baxır” - MÜSAHİBƏAprelin 25-də Riqada yeni mer seçkiləri keçirilməli idi, amma görünür, həmin gün bu proses baş tutmayacaq. Latviya hazırda seçkilərin hayında deyil. Koronavirus COVID-19 ciddi dəyişikliklərə səbəb olub.

Bu barədə Media.Az-a Latviyanın Rusiya İttifaqından Riqa merliyinə namizəd, Avropa Parlamentinin keçmiş deputatı, latviyalı siyasətçi Miroslav Mitrofanov deyib.

- Hazırda bizdə koronavirus səbəbindən vəziyyət xeyli mürəkkəbdir, ona görə seçkilər həqiqətən ikinci plana keçib. Ölkədə fövqəladə vəziyyət, karantin tətbiq olunub. Latviya kiçik ölkədir və iqtisadiyyatı insanların, yüklərin sərhəddəki hərəkətindən asılıdır. Bu isə artıq problemdir.

- Nəyi nəzərdə tutursunuz?

- Məsələn, Polşa “əjdaha tədbirlər” tətbiq edib. Nəticədə, Almaniyanın Polşa ilə sərhədində böyük növbələrin şahidi oluruq. Ölkəyə daxil olan hər kəs yoxlanılır. İnsanlar su, elementar sanitariya şəraiti olmadan günlərlə avtomobillərdə otururlar.

Bundan əlavə, xaricdən məhsullar gəlmədiyi üçün mağazalarımızda ərzaqlar tükənir. Bəli, daxili ehtiyatlar var, ancaq onlar təxminən üç aya çatar. Bəs sonra nə olacaq? Müxtəlif məhsul çeşidlərini heç rəflərə düzməyə imkan olmur. Təlaş hissi var, insanlar hər şeyi satın alır, onları yenidən çatdırmağa isə dediyim kimi vaxt çatmır. Heç kim əhali ilə işləmir, insanları sakitləşdirmir.

Riqa indi boş bir şəhərdir. İnsanlar evdə otururlar. Uşaqlar distant təhsil alırlar, məsələn, “Skype” vasitəsilə dərs keçilir. Elə bizim özümüz də partiyamızda onlayn ünsiyyətə keçdik.

- Latviyada COVID-19 infeksiyası təsdiqlənmiş neçə hal var?

- İndiyə qədər 60 nəfərdə koronavirus diaqnozu təsdiqlənib. Ancaq bu dəqiq məlumatlar deyil və hamımız bunu yaxşı başa düşürük. Ancaq artıq aydındır ki, infeksiyanın əsas mənbəyi İtaliyadakı kurortlardan (xizək kurortları da daxil olmaqla) qayıdan insanlardır.

Əlbəttə ki, kimsə əvvəlcədən səyahətdən imtina edib. Latviyanın “AirBaltic” aviaşirkəti işini dayandırdı. Təlaşla gözləyirik. Bundan sonra nə olacaq?

Müxtəlif məhsulların tərkib hissələrinin tədarükü dayandırılıb, işçilərə kimin ödəniş edəcəyi bəlli deyil. Turizm sənayesi ağır zərbələr aldı.

- Enerji təhlükəsizliyində vəziyyət necədir?

- Hər bir Avropa ölkəsi ortalama yanacaq istehlakı üçün bir neçə aylıq ehtiyata sahib olmağa borcludur. Sonra protokollar işə daxil edilir, buna görə yalnız fövqəladə xidmət maşınları yanacaqla təmin edilir. Bu səbəbdən altı aya qədər ehtiyatımız var.

- Bəs Avropada niyə belə təlaş var (Latviya Avropa İttifaqının üzvüdür - red.)? Avropa ölkələri hazır deyildilər?

- İzah edim. Uzun illər Avropada sərhədlər olmayıb və insanlar buna alışıblar. 500 milyon insan sərhədlərə əhəmiyyət vermədən hərəkət etdikdə bu, “rahatlaşdırıcı” təsir göstərir.

İtaliya barədə ayrı danışacağam. Təsadüfi deyil ki, koronavirusun yayılması məhz orada baş verib. Orada hökumət zəifdir, vaxtında (bunu xüsusi vurğulayıram) lazımi və sərt tədbirləri görməyə hazır deyildi. Halbuki, artıq bir ay əvvəldən reaksiya verilməli idi. Bu hadisələrin hara getdiyi bəlli idi. Ancaq onlar Çin və Rusiyadan fərqli olaraq, gec hərəkətə keçdilər.

Təəssüf ki, indi Fransa və İspaniyada da vəziyyət çox kəskin şəkildə pisləşir. Etiraf etmək lazımdır ki, liberal demokratiya rejimi fövqəladə hallarla gec uyğunlaşır. Bundan başqa, əhalini və dövlət xidmətlərini səfərbər etmək üçün zəif hərəkətə keçilib. Əlbəttə, ən vacib məsələ - eqoizmi də (Avropa ölkələri - red.) unutmaq olmaz.

- Necə düşünürsünüz? Latviyada vəziyyət necə olacaq? Hansı proqnozları verirsiniz? Proseslər çoxlu sayda qurbanların olduğu İtaliyanın ssenarisinə uyğun gedəcək?

- Bizdə qətiyyən İtaliya ssenarisi olmayacaq. Çünki fərqli vərdişlərə, davranışlara sahibik. İnsanlarımız evdə daha çox vaxt keçirirlər. İtaliyada və Avropanın bir çox ölkələrində, o cümlədən, uzun illər yaşadığım Belçikada isə insanlar axşam saatlarında kafe və restoranlarda görüşürlər.

Ümumiyyətlə, normal mövsümi qripdən bizdə ölüm halları COVID-19-dən daha çox olur. Əlbəttə, çox şey əhalinin sıxlığından asılıdır və ən həssas kateqoriya da yaşlılardır. Zəruri malların, dərmanların çatdırılmasında problemlər yaşanarsa, nəticələr çox kədərli ola bilər. Bu, sosial gərginliklə nəticələnəcək.

Pandemiya Avropa ölkələri arasındakı münasibətlərin pisləşməsi ilə nəticələnib. Birlik yoxdur. Hər kəs öz başının çarəsinə qalır. Bir daha heç vaxt Avropa Birliyi (AB) ölkələri əvvəlki inam səviyyəsini bərpa edə bilməzlər. AB-nin mərkəzi hakimiyyəti heç nə, hətta maliyyə kompensasiyası da təklif edə bilmir. Əlbəttə, bu, bizim üçün xoşagəlməz bir kəşfdir. Axı biz inanırdıq ki, AB ən azı turizm biznesinin itkisini kompensasiya edəcək, bunun üçün resursları var. Təəssüf ki, bu belə deyil.

Lakin Latviyada vəziyyət qonşularınkından pis olmayacaq, bəlkə də əksinə, daha yaxşı olacaq.