Tünzalə Ağayeva: Qadın qətlləri kütləviləşməyə başladığı üçün soyqırımı sayılır » Memur.az

Tünzalə Ağayeva: Qadın qətlləri kütləviləşməyə başladığı üçün soyqırımı sayılır

Tünzalə Ağayeva: Qadın qətlləri kütləviləşməyə başladığı üçün soyqırımı sayılırSosial layihələr, proqramlar, televiziyalar, sosial media bizləri maarifləndirməlidir. Dəyərli ziyalılar, sənət insanları, media nümayəndələri və gələcəyi düşünən hər kəs susmamalıdır. Növbəti faciə və cəhalətə icazə verməyək. Biz nəticə görmək istəyiriksə, bu proses dayanmamalıdır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Əməkdar artist Tünzalə Ağayeva son günlər artan qadın ölümlərini şərh edərkən bildirib.

“Mən sənət insanı olaraq öz auditoriyama çağırış edə bilərəm. Amma cəmiyyət içərisində kütləvi çağırışlar olmalıdır. Çünki burada bir insanın mövqeyi əsas ola bilməz, hamımız ayıq olmalıyıq. Hər gün qadın, ana soyqırımı baş verir. Bu məsələ kütləviləşməyə başladığı üçün soyqırım sayılır. Ölüm sayı günbəgün çoxalır.

XXI əsrdə qız uşağı dünyaya gələn hər ailə buna sevinmir. Dəhşətli faktdır. Allah qızı və oğlanı eyni yaradıb. Heç kəsin haqqı yoxdur ki, kiməsə əl qaldırsın. Ölümlərin sayı azalmır. Dünya hər zaman bununla savaşıb. Cahil ailələrdə bu cür faciələr baş verəcək. Cahillikdən qurtulmaq lazımdır.

Eyni zamanda, XXI əsrdə hələ də ailələrdə qızların təhsil almaması, işləməməsi və digər “stereotiplər” cəmiyyəti məhv etməkdədir. Bu gün əksər qadın və qızlarımız öz hüquqlarını bilmirlər, ya da ata, ailə və cəmiyyətin qınağından çəkinirlər.

Bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Bu isə bir qədər vaxt aparacaq. Düzdür, müəyyən layihələr həyata keçirilsə də, istənilən nəticəni vermir. Bu istiqamətdə görülən işlər daha da gücləndirilməlidir”, - deyə Əməkdar artist bildirib.

Tünzalə Ağayeva qeyd edib ki, mətbuat nümayəndələri reytinqli məqalələrə, gərəksiz videolara, paylaşımlara ayırdıqları yer qədər bu məsələlərə də ciddi fikir verməlidirlər.

“Kütləvi informasiya vasitələri əsas rol oynayır, məlumatların 50 faizi kommersiya və reytinq maraqlarına xidmət edirsə, 50 faizi də mənəviyyatımıza, millət olaraq gücümüzə, düşüncəmizə müsbət təsirə xidmət eləməlidir. Mətbuat mənasız məlumatlarla dolu reytinqlərə xidmət edəcəksə, biz hansı mənəviyyat və çağırışdan danışa bilərik?

Ziyalılarımızdan, yazıçılarımızdan, elm insanlarından daim bu mövzularda müsahibələr alınmalı, reportajlar hazırlanmalıdır. Gücümüzü maksimum istifadə etməliyik, çünki bir sıra boşluqlar var”.

Qeyd edək ki, statistik göstəricilərə əsasən, ötən il ölkədə məişət zorakılığı ilə bağlı 1075 cinayət hadisəsi baş verib. Nəticədə, 915 qadın zərər çəkib.

Son bir ayda 14 qadın qətlə yetirilib. Bunun doqquzu müxtəlif səbəblərdən uşaqların gözü önündə baş verib.