Politoloq: Paşinyanın rəqibləri birləşir və əks-hücuma başlayırlar » Memur.az

Politoloq: Paşinyanın rəqibləri birləşir və əks-hücuma başlayırlar

Politoloq: Paşinyanın rəqibləri birləşir və əks-hücuma başlayırlarErmənistanda “keçmiş” və “bu gün” arasında qarşıdurma davam edir. Bu qarşıdurmanın əsas “qəhrəmanları” indiki Baş nazir Nikol Paşinyan və eks-prezident Robert Koçaryandır.

Kütləvi iğtişaşların təşkil edilməsində ittiham edilərək yeddi il azadlıqdan məhrum edilmiş, lakin həbsxanada yalnız iki il keçirmiş (amnistiya ilə azadlığa çıxıb) N.Paşinyan hakimiyyətə gəldikdən sonra düşmənləri ilə hesablaşmaq və 1 mart 2018-ci il hadisələri zamanı kütləvi aksiyaları dağıtmaq əmrini verənləri həbsə atmaq qərarına gəlir.

Bunun Baş nazirə necə çətin başa gəldiyi heç kəsə sirr deyil. Burada söhbət, həmçinin N.Paşinyanın Ermənistanda bütün hakimiyyəti öz əlinə keçirmək istəyindən gedir. Ermənistan məhkəmələrinin “höcətliyi” N.Paşinyana başa saldı ki, ölkədə Baş nazir kürsüsünü tutmaq dövləti tam idarə etmək anlamına gəlmir.

N.Paşinyan vəziyyəti öz xeyrinə dəyişmək üçün bütün hakimləri yoxlamaq qərarına gəlir. Yoxlama nəticəsində cəmiyyət hakimlərin keçmişdəki fəaliyyəti, siyasi əlaqələri, əmlakı, şəxsi və peşəkar keyfiyyətləri haqqında tam məlumat əldə edəcək. Fəqət Venesiya Komissiyası başqa cür düşünür.

Ermənistanın 1in.am informasiya portalı Paşinyan-Koçaryan qarşıdurması haqqında maraqlı təhlil dərc edib. Təhlilin müəllifi “Koçaryan hakimiyyəti dövründə cinayət-prosessual qanunvericiliyi ilə zarafatlaşaraq oynaya bilərdimi” sualını verir.

Məqalədə deyilir ki, Apellyasiya Məhkəməsinin R.Koçaryanın əmlakına həbs qoyulması şikayətini təmin etməməsi ancaq inqilabdan sonrakı Ermənistanda mümkündür:

“Çünki, məsələn, Koçaryanın hakimiyyət illərində heç bir müxalif ictimai, siyasi xadim hansısa məhkəmə instansiyasının onun hüquqlarını reallaşdıra və ya bərpa edə biləcəyini xəyal belə edə bilməzdi”.

Müəllif vurğulayır ki, inqilabdan sonra Ermənistanda yalnız siyasi hakimiyyət dəyişib, dövlət sistemi, o cümlədən cinayət-prosessual sahə əvvəlki kimi qalıb, mahiyyət etibarilə Koçaryan-Sarqsyan cütlüyünün maraqlarına xidmət edir:

“Nikol Paşinyanın komandasının məsuliyyətsiz fəaliyyətinə görə təkcə məhkəmələr deyil, prokurorluq və istintaq orqanları da islahatlar yolu ilə dəyişmədi”.

Məsələ ondan ibarətdir ki, R.Koçaryan və Serj Sarqsyan Ermənistanda hakimiyyətdə olanda bütün hakimlər onlar tərəfindən təyin ediliblər. Bunu Oxu.Az-a Milli Məclisin deputatı Rasim Musabəyov Ermənistanda indiki və keçmiş hakimiyyətlər arasında qarşıdurmanı şərh edərkən deyib.

Onun sözlərinə görə, həmin hakimlər hələ də öz vəzifələrində qalırlar:

“Məhz buna görə də Paşinyan məhkəmələrdə istədiyini həyata keçirə bilmir. Ümumən isə onun fikri məhkəmələri özünə tabe etmək üçün oralarda təmizlik işləri aparmaqdan ibarətdir. Bu baxımdan Paşinyanın istəyi Koçaryan və Sarqsyanın istəklərindən çox da fərqlənmir”.

Millət vəkili bildirib ki, məhkəmələri özünə tabe etməyə çalışan Baş nazir ölkədə hüququn təntənəsi haqqında bəyanatlarına zidd gedir:

“Paşinyan ölkədə hakimiyyətə tamamilə sahib deyil. Məhkəmələrdə vaxtilə Sarqsyan və Koçaryanın təyin etdiyi adamlar otururlar”.

Politoloq diqqətə çatdırıb ki, hüquq dövlətində məhkəmələr icra hakimiyyətindən müstəqil fəaliyyət göstərir:

“Məhkəmələr dövlətin qollarından biridir və normal cəmiyyətdə məhkəmə sistemi icra hakimiyyətindən asılı deyil. Koçaryan və Sarqsyanın dövründə məhkəmələr dövlət başçısının iradəsini yerinə yetirirdi, indi Paşinyan da eynisini etmək istəyir. O, bütün hakimləri dəyişməyə hazırlaşır, lakin onun təsir imkanları yoxdur. Paşinyan bir dəfəyə bütün hakimləri işdən çıxara və yenilərini təyin edə bilməz. Onun bu qədər hakimi yoxdur. Lakin mahiyyət etibarilə hakimlərin müəyyən qismini dəyişmək, qalanlarını isə qorxutmaq istəyir ki, onları öz iradəsinə tabe etsin”.

R.Musabəyovun fikrincə, N.Paşinyanın Ermənistana hələ nə qədər başçılıq edəcəyini demək indi çətindir:

“Ümumiyyətlə, hələlik onun heç bir xüsusi uğuru yoxdur. Onun yeganə sevindiyi şey odur ki, hamı Paşinyanın rəhbərliyi altında, ümumiyyətlə, iqtisadi və sosial iflasın olacağını proqnozlaşdırırdı, lakin Paşinyan demək istəyir ki, bir il hakimiyyətdə qala bildi və qorxulu heç nə baş vermədi. Amma hazırda cinayətkarlıq artıb, müəyyən gərginlik var, ölkə inkişaf etmir”.

İcevanda və Göyçə gölü ətrafında polislə əhali arasında qarşıdurmanı da şərh edən deputat bunu N.Paşinyanın rəqiblərinin birləşməsi ilə əlaqələndirib:

“Onun rəqibləri birləşirlər və əks-hücuma keçməyə başlayırlar. İctimai etimad və dəstək səviyyəsinin azaldığı şəraitdə, əlbəttə, onun rəqiblərinin resursları Baş nazirin sahib olduğu resurslardan xeyli çoxdur. Fikrimcə, məsələn, erməni dramının məzənnəsinin kəskin aşağı düşməsi, yaxud hansısa təyinatla bağlı qarşıdurma artıq Paşinyanın özünə qarşı ciddi etiraz aksiyaları ilə nəticələnə bilər. Etimad itir və polis Baş nazirin əmri ilə insanları xüsusi ruh yüksəkliyi olmadan vuracaq”.

Onun sözlərinə görə, əhali heç nəyə baxmayaraq, hələ də ölkədə müsbət dəyişikliklərin olacağına ümid edir:

“Hələlik əhalinin müəyyən ümidi var və Paşinyan kifayət qədər təcrübəli demaqoq və populistdir. Zənnimcə, manevr etmək üçün onun müəyyən meydanı var”.