Günel İbrahim: “Əsas hədəfimiz cəmiyyətimizdə uğur əmsalını yüksəltməyə nail olmaqdır” » Memur.az

Günel İbrahim: “Əsas hədəfimiz cəmiyyətimizdə uğur əmsalını yüksəltməyə nail olmaqdır”

Günel İbrahim: “Əsas hədəfimiz cəmiyyətimizdə uğur əmsalını yüksəltməyə nail olmaqdır”“Etika Akademiyası” ayrıca mərkəz olaraq 1 ildən artıq müddətdir ki, fəaliyyətə başlayıb, amma qət edilən yol keyfiyyət etibarilə daha uzun müddəti əhatə edir

Müsahibimiz Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) Fərdi İnkişaf Mərkəzi “Etika Akademiyası”nın direktoru, Azərbaycan Milli QHT Forumu prezidentinin müşaviri, biznes etikası üzrə ekspert Günel İbrahimdir:

- Günel xanım, əvvəla, rəhbərlik etdiyiniz “Etika Akademiyası”nın fəaliyyəti ilə bağlı söhbətə başlamaq istərdik. Akademiyanın fəaliyyəti çərçivəsində hansı işlər görülüb və əldə etdiyiniz nailiyyətlər nədən ibarətdir?

- “Etika Akademiyası”, adından bəlli olduğu kimi, etik dəyərləri və prinsipləri aşılayan fərdi inkişaf mərkəzidir, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının nəzdində fəaliyyət göstərir. 2012-ci ildən təşkilat nəzdində kiçik layihələr, daha sonra internet televiziyalarda “Biznes etikası” adlı verilişlərlə fəaliyyətə başlayıb. Ümumiyyətlə, bir gəncin ideyasının həyata keçməsi üçün yalnız bilik və savadın mövcud olması yetərli deyil, həmçinin onun təqdimetmə qabiliyyəti yüksək olmalıdır. Akademiyanın əsas məqsədi yüksək etik standartlara cavab verən kadrları formalaşdırmaqdır. Akademiya ayrıca mərkəz olaraq fəaliyyətə 1 ildən artıq bir müddətdir ki, başlayıb, amma qət edilən yol keyfiyyət etibarilə daha uzun müddəti əhatə edir. Əvvəlcə bir sıra qurumlarla əməkdaşlıq memarandumu və görüşlər keçirilib. Böyük Britaniyanın aparıcı institut və universitetlərinin menecmentlik üzrə inkişaf proqramlarını təqdim edən “İBS Group”, gigiyena və təmizlik üzrə Estoniyanın “Ecologik” şirkəti, tələbələri cəlb etmək üçün AMİ, BDU, ADİU, həmçinin Bakı şəhərində yerləşən bir sıra məktəblərdə görüşlər keçirilib, əməkdaşlıq əlaqələri yaradılıb. Bu müddət ərzində 1600-dən artıq insan müraciət edərək etika və menecmentlik üzrə “Etika Akademiyası”nda təhsil alıb. Onlardan 310 nəfər turizm və menecment sahələri üzrə təlimlərdən sonra işlə təmin edilib, 45 nəfər jurnalist, 100 nəfər xanım təlimçi, 700-dən artıq 6-16 yaş aralığında uşaq və yeniyetmə, müxtəlif ictimai birliklərdə təmsil olunan 300-dən artıq gənc, onlarla şirkət işçiləri Böyük Britaniyanın İCM proqramları üzrə ixtisasa yiyələniblər.

- Bəs “Etika Akademiyası”nın fəaliyyəti fonunda gənclərin potensialından nə dərəcədə istifadə edilir?

- “Etika Akademiyası” gənclər təşkilatının nəzdində olduğuna görə tamamilə gənclərin potensialından istifadə edilir və əsas fəaliyyət istiqamətləri gənclərə yönəlikdir. Ekspertlərimiz və təlimçilərimiz 3 dildə danışa bilən mütəxəssislərdir, xaricdə təhsil alıblar. “Etika Akademiyası”na aktiv şəkildə töhfələrini verən yüzlərlə könüllümüz var. Onların sırasında həkimlər, menecerlər, universitet rektorları və gənc iş adamları vardır. Yaş aralığı isə, əsas etibarilə, 25-35 civarındadır.

Ümumiyyətlə, uğur göstəricisi bizim üçün çox vacibdir. Etikanı, dəyərləri, biliyini vahidləşdirərək özünü təqdim edə bilən insanları ətrafımıza cəlb etməyə çalışırıq. Hazırda diqqət mərkəzində olan layihələrimizdən biri məktəblilər üçün etika dərnəklərinin fəaliyyətidir. Bu dərnəklərdə inkişaf və uğur konsepsiyasında etikanın vasitə kimi tətbiq edilməsinə əsaslanan təlimlər verilir. Belə yanaşma müasir tələbləri olan uşaqları etikaya cəlb edir.

- Yeri gəlmişkən, ölkəmizdə həyata keçirilən gənclər siyasətini və əldə edilmiş nəticələri necə qiymətləndirirsiniz?

- Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir və mühüm nəticələr, nailiyyətlər əldə edilib. Yeri gəlmişkən qeyd edim ki, AGAT həyata keçirilən gənclər siyasəti fonunda öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Gənclər təşkilatı olaraq milli kadrların inkişafı əsas hədəfimizdir. Akademiyamız daim bu sahədə Dövlət proqramlarından və fondlardan yararlanaraq yüzlərlə insana təlim verə bilib. Qlobal keyfiyyət standartlarını bilmək çox vacibdir, bunun son uğur göstəricilərini elə öz layihələrim üzərində göstərə bilərəm. Regionlarımızın sosial-iqtisadi inkişafına yönələn içməli su təminatı üzrə layihələrimdən biri Amerika Ticarət Palatası tərəfindən birinciliyə layiq görülüb.

Bütövlükdə, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti həm gəncliyin fəallığının artırılması, gənclərin stimullaşdırılması, həm də gənclər təşkilatlarının səmərəli fəaliyyət göstərməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

- Bildiyimiz kimi, bu gün Azərbaycan gəncləri bir çox ictimai təşkilatlar və QHT-lərdə təmsil olunurlar, müxtəlif sahələrdə onların potensialından istifadə edilir. Azərbaycan gəncliyinin nümayəndələrinin ictimai, siyasi, mədəni və digər sahələrdə təmsilçilik səviyyəsini necə dəyərləndirmək olar? Ümumiyyətlə, bu istiqamətdə gənclərə çağırışınız varmı?

- Təmsilçilik yüksək səviyyədə təmin edilir və bu, yalnız ictimai təşkilatların işi deyil. Məsələn, ən öncül beynəlxalq tədbirlərin Azərbaycanda təşkil edilməsi ölkə gəncliyinə geniş imkanlar yaradır. Onlar öz potensiallarını nümayiş etdirmək imkanı qazanırlar, Azərbaycanı təmsil və təqdim etmək fürsəti qarşıya çıxır. Bununla yanaşı, sosial şəbəkələrin gücündən də effektiv şəkildə yararlanmaq böyük əhəmiyyət kəsb edir. Bunu necə etməyin, ümumiyyətlə, təqdimatın sirlərini və effektivliyi artıran metodları “Etika Akademiyası” gənclər arasında daim təbliğ edir.

Şəxsi təcrübəmdən bir nüansı diqqətinizə çatdırmaq istəyirəm. Almaniya, Türkiyə, Avstriya və Rusiyada biznes psixologiya, layihələrin yazılması və idarə edilməsi üzrə təhsilim və təcrübəm imkan verdi ki, bu tədbirlərdə Azərbaycan gəncliyinin portretini təqdim edə bilək. Ümumiyyətlə, Azərbaycan gəncliyi kifayət qədər imkanlara sahibdir ki, öz potensialından yararlansın, xüsusilə də beynəlxalq arenada ölkəni layiqincə təmsil etsin.

- Məlum olduğu kimi, “Etika Akademiyası” ABŞ və Almaniyada da fəaliyyət göstərir, üçüncüsü isə Azərbaycanda yaradılıb. Bu sahədə beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi istiqamətində atılan ardıcıl addımlar hansı nəticələri verməkdədir?

- Nəzərinizə çatdırmaq istəyirəm ki, dünyada mövcud olan etika mərkəzlərinin adı və funksiyaları müəyyən dərəcədə müxtəliflik təşkil edir. Məsələn, Amerikada bu qurum Etika İnstitutu adlanır. Konkret olaraq bizim gətirdiyimiz təcrübə etikanı peşə standartına və uğur aləti sırasına qatmaqdır. Bu, bir növ “necə” sualı üzərində, yəni təqdimetmə bacarığında fokuslaşmış iş görə bilməkdir. Keyfiyyətə güvənərək yalnız bir məhsulu geniş bazara çıxartmaq düzgün deyil, onun hekayəsini, təqdimatını quraraq uğur qazanmaq daha tez mümkündür. Bunu ən düzgün şəkildə rasional düşünməyə malik insanlar edə bilərlər. Keyfiyyətli duşüncə yalnız dəyərlər və mədəniyyət üzərində formalaşır. Bununla, əslində, informasiya təhlükəsizliyini də yaratmaq mümkündür. Etika dedikdə yalnız tərbiyə nəzərdə tutulmur, burada ifadə edə bilmək qabiliyyəti daha çox ön plana keçir.

- Azərbaycanda peşəkar davranış qaydalarının öyrənilməsinin vahid bazası olan Akademiyanın gələcək hədəfləri nədən ibarətdir?

- Əsas hədəfimiz cəmiyyətimizdə uğur əmsalını yüksəltməyə nail olmaqdır. Bu istiqamətdə məqsədimiz 6 yaşdan yuxarı olan hər bir insanı etik dəyərlər, motivasiya metodları ilə tanış etmək və onların arzularının həyata keçməsinə, hədəflərinin reallaşmasına dəstək verməkdir.

Xatırlatmaq istəyirəm ki, Azərbaycanda ilk dəfə 1 iyul 2015-ci il tarixində Etika Forumu keçirilmişdir. Forumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək, etik prinsiplərin hər sahədə yüksək səviyyədə təbliğatına diqqəti yönəltmək və “Milli Etiket Ensiklopediyası” kitabının ərsəyə gəlməsi üçün dövlət qurumları, kommersiya və ictimai qurumların öz dəstəyini verməsi idi. Etika Forumunu hər il keçirmək niyyətindəyik.

Yeni Azərbaycan