"İlk növbədə bunları həyata keçirmək lazımdır" » Memur.az

"İlk növbədə bunları həyata keçirmək lazımdır"

"İlk növbədə bunları həyata keçirmək lazımdır""Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi bəzi fikirlərin və qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün ilk növbədə 3 işi həyata keçirmək lazımdır".

Bunu Memur.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli təkliflər irəli sürərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan prezidenti Nazirlər Kabinetinin son müşavirəsində çıxışı zamanı görülməli işlərə dair 20-dən artıq istiqaməti hökumətə təqdim edib. Bu, hökumətə həm bilavasitə yaranmış vəziyyətdən çıxmaq üçün təxirəsalınmaz tədbirlər paketi hazırlamaq, həm də görüləsi işlərə dair fikirləşmək üçün zəngin materiallar verir.

Ə.Məsimli qeyd edib ki, artıq həmin istiqamətlərdə addımlar atılır. Məsələn, xaricdən gətirilən taxılın əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi bilavasitə taxıl, çörək bazarında qiymətlərin qarşısının alınması istiqamətində iqtisadi rıçaq kimi özünü göstərir. Amma qarşıda bir sıra problemlərin həllinin sürətlənməsi vəzifəsi durur. Onun sözlərinə görə, ilk növbədə dollarla kredit alanlar nəzərə alınmalıdır və bununla bağlı müəyyən addımlar atılmalıdır.

"İkincisi, təbii qiymət artımı ilə süni qiymət artımı düzgün araşdırılmalı və prosesə bu məsələlərdən anlayışı olan adamlar cəlb edilməlidir. Çünki təbii qiymət artımının qarşısı alınsa, bu, biznes sahəsini ağır duruma düşürər. Süni qiymət artımına isə yol verilsə, vətəndaşların artan hər 1 faiz qiymətə görə il ərzində 180 milyon manat ziyana düşməsinə və nəticədə ümumən milyard manatlarla ziyana səbəb olacaq.

Bu amilləri həyata keçirdikdən sonra isə təbii qiymət artımının əhaliyə vurduğu ziyanı kompensasiya etmək üçün maaşlar, pensiyalar, tələbə təqaüdləri, digər müavinət və ödənişlərin artırılması məqsədilə indeksləşdirilmə aparılmalıdır".

Millət vəkilinin fikrincə, daha sonra dövlət başçısının qoyduğu 20-dən çox istiqamət üzrə digər vacib addımların atılması sistemli xarakter almalıdır.