Tünzalə Ağayeva: Onu çox axtardım – MÜSAHİBƏ » Memur.az

Tünzalə Ağayeva: Onu çox axtardım – MÜSAHİBƏ

Tünzalə Ağayeva: Onu çox axtardım – MÜSAHİBƏ
“Bir çox insanlar hələ də bundan bixəbərdirlər”.

Memur.Az bəstəkar, pop, caz üslublarının sevilən ifaçısı, əməkdar artist səmimiyyəti və mədəniyyəti ilə seçilən məşhur xanım Tünzalə Ağayeva ilə müsahibəni təqdim edir:

-Tünzalə xanım, yaradıcılığınızda hansı yeniliklər var?

-Ötən ayın sonu radiolarda və rəsmi YouTube kanalımda yeni mahnı təqdim etdim. Söhbət Hüseyn Cavidin “Başqa bir şey görmədim” adlı şeirinə bəstələdiyim mahnıdan gedir. Həmin mahnıda xırda muğam boğazları və məşhur amerikalı gitaraçı, bəstəkar, cazmen Corc Bensonun tərzində improvizə də etmişəm.


Həmçinin ilk dəfə olaraq türk klassiklərinin sözlərinə əsərlər bəstələmişəm. Bu, Türkiyə prodakşnları tərəfindən maraqla qarşılandı. “Hisar” adlı ilk layihəmizi başladıq. Türk dilində ilk dəfədir ifa edirəm. Klip artıq hazırdır. Bu aydan etibarən bir neçə Türkiyə kanalında və yerli telekanallarda nümayiş olunacaq.



-Münsifi olduğunuz “Səs Azərbaycan” layihəsində birinciliyə ən iddialı namizəd kimdir?

- Hər ustad münsifin, eləcə də mənim komandamda güclü səsi olan bir neçə nəfər iştirakçı var. Yanvarın sonu tamaşaçıların sms-lə səsverməsi olacaq. Bu mərhələdə jüri səs verə bilməyəcək. Düşünürəm ki, sağlam və güclü rəqabət olacaq.



- Yarışmanın “Facebook” səhifəsində sosial şəbəkə istifadəçiləri tərəfindən ifaçılar və münsifləri heyəti haqqında tez-tez irad və tənqidlər yazılır. Yaradıcı heyət o iradları diqqətdə saxlayıb münsiflərə və iştirakçılara çatdırırmı?



- Əgər ağıllı və məntiqli iradlardırsa buna normal yanaşıram. Bilirik ki, sosial şəbəkələr cahil fikirlərlə də doludur. Onlara isə cavab vermirəm.

“Səs” layihəsi tamaşaçının psixologiyasında, dünyagörüşündə bir yenilik oldu. Hamımız əcnəbi ölkələrdə yayımlanan bu layihə ilə əvvəlcədən tanış idik. Bilirdim ki, bu, tamaşaçının təsəvvüründə olmayan bir layihə deyil.



Amma məni təəccübləndirən məqam oldu. Sən demə, tamaşaçıların bir qisminin “Səs” haqqında çox az və yanlış məlumatları var imiş.

İzləyicilər tez-tez mənə bu sualı verirlər: “niyə “Görmədən dinləmələr” mərhələsində münsiflər həftələrdir eyni libası geyinirlər?”.



Qeyd etmək istəyirəm ki, bu mərhələdə jüri eyni obrazda olmalıdır. Bu o deməkdir ki, gün ərzində jüri neçə-neçə iştirakçının arasından öz komandasına 14 nəfər toplayır. Bu, bir gün içərisində baş verməlidir. Halbuki biz onu bir neçə günə çəkmişik.



Sadəcə münsiflərin hamısı fərqli ampulada olmalıdır: biri çılğın, biri sakit, o biri daha emosinal, digəri sərt və s.

Layihənin maraqlı cəhəti ondan ibarətdir ki, burada tanınmışlar sadə insan kimi göstərilir. Onlar da qucaq aça, iştirakçıya tərəf qaça bilirlər, eyni həyəcanı yaşayırlar.



-Tutulan iradlardan biri müsabiqədə Azərbaycan mahnılarına deyil, daha çox əcnəbi dildə olan bəstələrə yer ayrılmasıdır. Bu barədə nə söyləmək istərdiniz?

-Bəli, mən bir musiqiçi kimi istərdim ki, növbəti mövsümlərdə gənclər Azərbaycan mahnılarına daha çox üstünlük versinlər. Bu mərhlədə iştirakçı ifa edəcəyi mahnını özü seçir. Orada heç kim ona təzyiq göstərə bilməz ki, sən filan mahnını oxumalısan.



İştirakçı münsiflərdən kimin komandasında olmasını seçim etdikdən sonra onun hansı mahnını ifa etməsinə komandasında olduğu ustad qərar verəcək. O zaman artıq jüri iştirakçıya Fikrət Əmirovdan, Emin Sabitoğlundan, Faiq Ağayevdən, yoxsa Elvis Preslidən oxumağı özü məsləhət görəcək. Artıq qarşıdakı mərhələlərdə tamaçılar bunun şahidi olacaqlar.



-Yaddaqalan məqamlardan biri də iştirakçı Ləman Dadaşovanı görüncə olduqca təəccüblənməyiniz olmuşdu...

-Bu, bir şou effekti idi. Sadəcə, orada bir həqiqət var idi, mən çaşıb qalmışdım. Televizyadan baxanda hər şey fərqli görünür. Belə məqamlar olanda rejissor əvvəlcədən münsiflərə xəbərədarlıq edir ki, növbəti çıxış bir az qeyri-adi olacaq. Amma nə olacağını söyləmir.



Ləmanın çıxışını izləyən tamaşaçı isə ekranda idman üslubunda geyinən, saçları dağınıq, ilk anda üzü təqdim olunmayan bir gənc görür. Artıq işıqlar üzünə vurulduqdan sonra onun qız olduğunu anlayır. Jüri isə onu görmür.



Onun məxməri, bəm səsi diqqətimi çəkdi və mən ona tərəf dönməyi qərar verdim. Ona tərəf dönəndə isə çaşıb qaldım. Əslində bu normaldır, bunu niyə aqressiv qarşıladıqlarını bilmirəm.

Fikir vermisinizsə, mən onu görən kimi “Ləman, bu sənsən?” sualını verirəm. Çünki mən onu bir dəfə görmüşdüm.



“Eurovision” mahnı müsabiqəsinin milli seçim turlarında gizli jüri idim. Ləman da müsabiqəyə qatılmışdı. Onu ilk dəfə orada izləmişdim.

Sonra mən onu çox axtardım, amma tapa bilmədim. “Səs”də onunla yenidən görüşmək qismət oldu.

- Mahnı bəstələmək, yoxsa ifa etmək sizi daha çox özünə cəlb edir? Bəs şeir yazmaq necə, bəlkə bunu da sınaqdan keçirəsiniz? İnanıram ki, bu da sizdə çox uğurlu alınar.

-Heç vaxt şeir yazmamışam. Hesab edirəm ki, bu, qabiliyyətim yoxdur. Mənə bu mövzuda inandığınıza görə təşəkkür edirəm. Amma siz mənə inandığınız qədər mən özümə inanmıram(gülür).



Mənim üçün öncə bəstəkarlıq gəlir. Mən əvvəlcə müəllif, sonra isə ifaçıyam.

- Ötən ay Vergilər Nazirliyi vergi borcu olan şou-biznes nümayəndələrinin tam siyahısını açıqladı. Vergini mütəmadi olaraq ödəyən ödəyicilərdənsiniz, yoxsa sizə də nə vaxtsa vergi cəriməsi tətbiq olunub?

- Xeyr, mənə cərimə tətbiq olunmayıb. Hər şeyi zamanında etmək lazımdır. Musiqiçi kimi sərbəst fəaliyyətə başladığım gündən VÖEN-im var və mütəmadi olaraq vergini ödəyirəm.



Mən müxtəlif layihələr işləyirəm, yalnız dövlət tədbirləri, toylarda, şənliklərdə çıxış etməklə həyatımı qurmamışam. Konsertlərimdən, albomlarımdan, mənə müraciət olunan müxtəlif beynəlxalq layihə sifarişlərindən qazandığım gəlirin vergisini mütləq şəkildə ödəmişəm. Bu, normal haldır.



Sözügedən mövzu gündəmə gələndə mən çox təəccübləndim ki, bir çox insanlar hələ də vergi mədəniyyətindən bixəbərdirlər.

- Azərbaycanın musiqi sənətini və sənət adamlarını Türkiyədə tanıtmaq məqsədi ilə “TRT Müzik” kanalında “Bir səsin cazibəsi” layihəsini təqdim etdiniz. Aparıcısı olduğunuz verilişin ömrü niyə qısa oldu?

-Biz bir mövsümə imza atmışdıq. Əlbəttə, davam edə bilərdi. Qarşıdan Avropa Oyunları gəlirdi. Ölkəmiz üçün böyük layihəyə musiqiçi kimi öz töhfəmi verməyə hazırlaşırdım.



O veriliş ərəfəsində isə mən 6 ay Bakıda olmadım. Bütün enerjim və vaxtım həmin proqrama sərf olunurdu. Vətəndəki yaradıcılıq və sosial layihlərim yarımçıq qalmışdı. Aparıcılığa iddialı deyiləm, bu mənim üçün sadəcə bir eksperiment idi. Bir layihəyə qol qoyuramsa, əlbəttə onun məsuliyyətini daşıyıram.

Eyni zamanda mən bu il heç bir Yeni il çəkilişlərinə də gedə bilmədim, heç bir kanalda görünmədim. Tez-tez bunu səbəbini soruşurlar. Cavab odur ki, mən “Səs” layihəsindəyəm.



- Müğənillər və aparıcılar arasında ən yaxın dostlarınız kimdir?

- Ad çəksəm uzun olar. Heç kimlə qalmaqalım olmayıb, xırda bir inciklik olanda isə tez həll olunub. Mənim dünyamda hər bir sənətçinin və aparıcının öz yeri var. Belə bir deyim var: sayanın qulu, saymayanın ağasıyam. Qarşlıqlı sevgi görüncə, ona ikiqat sevgimi verməyə həmişə hazıram.

- Gözünüzün ağı-qarası bir qız övladınız var. Maraqlıdır, bəstəkar, müğənni, əməkdar artist Tünzalə Ağayevanın qızı hansı sənətə can atır?

-Tamamilə fərqli sahəni seçib. Kimyaçı olmaq istəyir. Məktəbdə sonuncu ilidir, 11-ci sinifdə oxuyur. Test imtahanlarına hazırlaşır.

-Yenicə qədəm qoyduğumuz Meymun ilində illərdir həyata keçirmək istədiyiniz, lakin edə bilmədiyiniz hansı layihəni reallaşdırmaq istərdiniz?

-İki arzum var: müzklda (musiqili tamaşada) və filmdə rol almaq.

2015-ci ildə bu arzuma yaxınlaşdım. “Dərs” adlı filmin musiqisini yazdım. Film boyu saundtrekin bir neçə versiyası səslənir. Bu, mənim üçün çox sevindirici haldır.


Film məktəblilərin həyatından bəhs edir. Quruluşcu rejissorları Rafiq Əliyev və Cavid Təvəkküldür.

- Hansı janrda çəkilən filmdə rol almaq istəyərsiniz və özünüzü orada hansı obrazda görürsünüz?

- O, baxır rejissorun təklifinə. Əslində iki dəfə yerli və əcnəbi rejissorlardan baş qəhrəman rolunu ifa etmək təklifini almışam. Sadəcə, özümü həmin filmdə sona qədər görə bilmədiyim üçün imtina etmişəm.