Çingiz Abdullayev: Mədəniyyət – barbarlıqdan peyvənddir – MÜSAHİBƏ » Memur.az

Çingiz Abdullayev: Mədəniyyət – barbarlıqdan peyvənddir – MÜSAHİBƏ

Çingiz Abdullayev: Mədəniyyət – barbarlıqdan peyvənddir – MÜSAHİBƏ

“Təhsilin ümumi səviyyəsi xeyli aşağı düşüb”.

Memur.az yazıçı, “Neftçi” klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayevlə müsahibəni təqdim edir:

- Son iyirmi beş ildə təhsil sistemində əsaslı dəyişikliklər baş verib. Sizcə, bu şagirdlərin və tələbələrin ümumi hazırlığına necə təsir edib?

- Mənim bir deyimim var, onunla fəxr etməsəm də, tez-tez istifadə edirəm: “Azərbaycanlılar dünyada yeganə millətdir ki, müəllimə pul verirlər ki, uşaqları oxumasınlar”. Biz müəllimə pul veririk ki, beş yaz, qoy savadsız qalsın. Dəyişikliklər, əlbəttə, var, amma qorxuram ki, yaxşılığa deyil, pisliyə doğru. Nəticədə bizim uşaqlar ucdantutma kitab oxumurlar, ölkədə bütün kitab mağazaları bağlanıb və təhsilin səviyyəsi xeyli aşağı düşüb. Əlbəttə, onu qaldırmaq lazımdır, buna görə də, təəssüf ki, yaxşılığa doğru dəyişib deyə bilmirəm. Bu baxımdan təzə Təhsil nazirinə ümid bağlayıram.



- Təhsil sistemində daha hansı dəyişiklikləri etmək lazımdır?

- Dəyişiklik çoxdur. Amma mənə elə gəlir ki, birinci növbədə uşaqları kitab oxumağa, bilik almağa həvəsləndirmək lazımdır. Bəlkə də yaradıcı adamların tələbələrlə, gənclərlə görüşməsi lazımdır. Bilirsiniz, göstərmək lazımdır ki, dünyada ən uğurlu adamlar oğrular və kələkbazlar deyil, hər şeydən öncə istedadlı alimlər, istedadlı ixtiraçılar, hətta istedadlı menecerlər, mesenatlardır. Dünyada ən varlı adam bu səviyyəyə ağılı, istedadı, əməksevərliyi hesabına çatmış Bill Qeytsdir. Uşaqlara bunu göstərmək lazımdır. Uşaqlar isə, təəssüf ki, oğruları, kələkbazları görürlər. Buna görə də dəyişikliklər mütləq olmalıdır. Əgər biz gələcək haqqında düşünmək istəyiriksə, uşaqlarımızı mütləq görkəmli adamların timsalında tərbiyə etməliyik.



- Siz tez-tez ali məktəblərdə olursunuz, gənclərlə görüşürsünüz. Sizcə, indiki gənclər, deyək ki, 80-ci illərin gənclərindən nə ilə fərqlənirlər?

- Mən əvvəllər hesab edirdim ki, daha ağıllı, şübhəsiz ki, daha qabaqcıl olmalıdırlar. Mənim yaşıdlarım cavanların telefonda etdiklərini edə bilmirlər. Çoxu ingilis dilini bilir, çünki bunsuz düymələri basa bilməzlər. Bir tərəfdən, onlar daha ağıllı olmalıdırlar, mən əvvəllər belə düşünürdüm, əks təqdirdə geriləmə olar.

Digər tərəfdən, 80-ci illərdə akademik təhsil alırdılar. Məsələn, məndən soruşsalar, mən Romanovlar və ya Rüriklər sülalələrini, yaxud, deyək ki, ingilis krallarının sülalələrini illərinə qədər əzbər bilirəm. Amma, qorxuram ki, çoxları bunu bilmir. Bu, ona görədir ki, indi internet var. Çoxlarınaelə gəlir ki, bunları bilmək vacib deyil.

Amma bizdə çox istedadlı uşaqlar var, onlar xarici universitetlərə daxil olurlar, çox yüksək bal toplayırlar, ağılları ilə fərqlənirlər. Digər tərəfdən isə ümumi səviyyə xeyli düşür və bu yerdə görürük ki, uşaqlar oxumaq istəmirlər.

Nardaran hadisələri göstərdi ki, mədəniyyət olmayan yerdə heç nə ola bilməz. Mədəniyyət - barbarlıqdan peyvənddir. Əgər biz Azərbaycanın bütövlükdə Nardarana çevrilməməsini istəyiriksə, məktəblərə, institutlara diqqət yetirməliyik.

Hər halda 80-ci illər tamamilə başqa idi. Və qorxuram ki, bu, yalnız texniki tərəqqi ilə bağlı deyil. İnsanlarda vicdan hissi, şəxsi ləyaqət hissi ölgünləşib və bu da təhsilə güclü təsir edib.



- İndiki cavanlar bədii ədəbiyyatı az oxuyur. Bu nə ilə əlaqədardır və vəziyyəti necə dəyişmək olar?

- Ümumiyyətlə, oxumurlar. Məsələ burasındadır ki, məhz Azərbaycanda oxumurlar, amma Gürcüstanda və ya Ermənistanda oxuyurlar, texniki səviyyənin, internetin bizdən aşağı olmadığı Rusiyada, Amerikada oxuyurlar və maraqlı statistika müşahidə olunur. Haradasa 2005-ci ilə qədər kağız kitabların miqdarı durmadan azalırdı, internetdə kitabların sayı artırdı. 2006-cı ildən kağız kitabların sayı tədricən artmağa başladı. Nə üçün? Hesab olunur ki, ziyalının, eruditin internetdə kitab oxuması eyibdir, bununla məşğul olmaq ona yaraşmaz. Ziyalı adam isə kitab almalı, onu iyləməli, ona əl vurmalı, götürüb oxumalıdır. Yəni bunlar tədricən qayıtmağa başladılar. Amma dünyada. Azərbaycanda isə bu vəziyyət pis deyil, bərbaddır. 2010-cu ildə Sankt-Peterburqda sorğu göstərdi ki, oxuyanların sayı 64%-dir. Bunu biləndə, onlar özlərini təhqir olunmuş saydılar.

Onlar hesab etdilər ki, bu faiz çox kiçikdir. Gürcüstanda – 48, Ermənistanda – 39, bizdə isə rəsmi - 11%-dir. Amma yazıçılar bilir ki, bu, şişirdilmiş faizdir. Əslində isə oxuyanlar Azərbaycan əhalisinin heç 3%-ni də təşkil etmir. Nə üçün? Azərbaycanda cəmi 8 kitab mağazası qalıb. Qalanları bağlanıb. Bəs kitaba maraq hardan ola bilər? Tbilisidə 78 kitab mağazası var. Uşaqlar nə üçün kitab oxumurlar? Birincisi, kitab mağazaları yoxdur, ikincisi, maraq yoxdur, üçüncüsü, ümumiyyətlə, kitab buraxılmır, dördüncüsü, biz dünyada yeganə millətik ki, bir neçə dəfə əlifbamız dəyişib.

Əsrin əvvəlində bizdə ərəb əlifbası idi, 20-ci illərdə latın əlifbası, 30-cu illərin sonundan kirilə keçdik və 90-cı illərdən yenidən latına qayıtdıq. Təbii ki, kiril əlifbasında, ərəb əlifbasında çap olunmuş milyonlarla kitabı uşaqlar oxuya bilmirlər. Onlar latın əlifbası ilə oxumalıdırlar. Tərcümələr bərbaddır. Azərbaycan dilinə tərcüməçi problemi çox kəskindir.

Hesab edirəm ki, Azərbaycanda kitab nəşri və mətbuat nazirliyinin bağlanması böyük səhvdir. Biz vuruşan ölkəyik və təbliğat tank və raketlər kimi güclü silahdır. Təbliğat müharibəsi şəraitində ən lazımlı nazirliyin bağlanması böyük səhv idi.

Kitablar çap olunmalıdır, o cümlədən vətənpərvərlik kitabları, tariximizə, coğrafiyamıza aid kitablar çap olunmalıdır, dünya şöhrətli müəlliflərin Azərbaycan dilinə yaxşı tərcümədə kitabları çıxmalıdır.



- Hətta Filologiya fakültəsinin tələbələri klassikanı az oxuyurlar. Dövrümüzdə hansı ədəbiyyata maraq daha çoxdur və nə üçün?

- Məsələ bundadır ki, nədənsə mənim timsalımda hesab olunur ki, məhz detektiv oxuyurlar. Bəkir Nəbiyevin belə bir deyimi var: Əvvəllər əfsanələr, dastanlar, poemalar oxuyurdular, indi isə, görünür, detektiv. Əlbəttə, bu maraqlı baxışdır, amma fikrimcə, məsələ bunda deyil. Balzak deyirdi ki, insanları həqiqətən iki şey maraqlandırır: pul və ölüm, qalan hər şey bunlardan törəmədir. Detektiv isə bunların birləşməsidir.

Əslində, kiminsə fantastikadan xoşu gəlir. Mənim, məsələn, daha çox fantastikadan xoşum gəlir. Kiminsə detektivdən xoşu gəlir, kiminsə macəradan, kiminsə nağıldan. Düşünürəm ki, hansısa janrı fərqləndirmək lazım deyil. Ümumiyyətlə, kitablar iki yerə bölünür: yaxşı kitablar və pis kitablar. Yaxşı kitablar insanlara nəyi isə öyrədirlər, onları rəhmdilliyə, vicdanlı olmağa, bu çətin həyatda dözümlülüyə çağırırlar.

Düşünürəm ki, uşaqları hansısa janra yönəltmək vacib deyil. Amma düzünü desək, bütün dünyada müəyyən spesifika var: uşaqlar əvvəlcə macəra oxuyurlar, sonra, bir qədər böyüdükdən sonra, daha çox fantastika, detektiv, avantüra romanları oxuyurlar. Belə bir yanlış fikir var ki, detektivi yalnız debillər, fantastikanı isə başdan xarablar oxuyurlar. Əslində belə deyil. Detektivi Marqaret Tetçer çox sevirdi. O isə öz dövrünün ən savadlı qadınlarından biri idi.



- “Neftçi”də rəhbərliyiniz ərzində klubun işlərinin təşkilində ciddi dəyişikliklər edə bilmisinizmi?

- Çalışırıq ki, dəyişikliklər olsun. Və bu dəyişikliklər müşahidə şurasının yaranmasına səbəb olmuşdu. Düşünürəm ki, bütün dəyişikliklər nəticədə əksini tapmalıdır. Zənnimcə, nəticələrlə fəxr edə bilmərik, amma elə etməliyik ki, bu əsas olsun, çünki biz istəsək də, istəməsək də, idmanda nəticə həmişə vacibdir. Amma digər tərəfdən biz fəxr edə bilərik ki, bizim futbolçuların çoxu yığmaya düşüb, bu əvvəllər olmamışdı, komandamızda çoxlu cavan və böyük ümidlər verən futbolçular var və ümidvarıq ki, bu uşaqların gələcəyi var, özü də yalnız “Neftçi”də deyil, ümumiyyətlə Azərbaycan futbolunda.



- Rəhbərlik, o cümlədən Siz tərəfdən klub qarşısında cari ildə hansı məqsəd qoyulmuşdur?

- “Neftçi” Qız qalası kimi, Atəşgah kimi, Azərbaycanın milli brendidir. Buna görə də “Neftçi” ən yüksək yerlər uğrunda mübarizə aparmalıdır. Amma bütövlükdə “Neftçi”nin strateji planına görə, biz üç illik proqram yaradırıq, “Neftçi” Avropa Liqasında, beynəlxalq səviyyəyə çıxa bilsin. Sonrakı 2-3 il ərzində isə “Neftçi” Çempionlar Liqası səviyyəsinə qalxa bilsin. Bu, çətin məsələdir, amma inanırıq ki, mümkündür. Əlbəttə, bunun həyata keçirilməsi bizdən də asılıdır. Bu, çətindir, amma mümkündür.

Nigar Orucova