Nahid Bağırov: Azərbaycanda otellərin qiyməti qonşu Gürcüstandan 20% ucuzdur – MÜSAHİBƏ » Memur.az

Nahid Bağırov: Azərbaycanda otellərin qiyməti qonşu Gürcüstandan 20% ucuzdur – MÜSAHİBƏ

Nahid Bağırov: Azərbaycanda otellərin qiyməti qonşu Gürcüstandan 20% ucuzdur – MÜSAHİBƏ

“2016-cı il turizm üçün çətin olacaq”.

Memur.Az-ın Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırovla müsahibəsi.

- Cari il artıq başa çatır. Siz cari ilin yekunlarını necə qiymətləndirərdiniz? Bazarın inkişafı üçün daha nə edilə bilərdi?

- Ölkədən gedən turistlərin sayına nəzər salsaq, ötən illə müqayisədə bir az azalma olduğunu görə bilərik. Azərbaycana gələn turistlərin sayında da müəyyən qədər enmə müşahidə edilir. Bununla belə isə ölkəyə turizm şirkətlərinin xətti ilə gələn turistlərin sayı isə artıb.



Bu nə deməkdir? Belə ki, Dünya Turizm Təşkilatının qanunlarına əsasən, ölkədə 24 saatdan artıq vaxt keçirən şəxs artıq turist hesab edilir. Amma mənim fikrimcə, əsl turist ölkənin mədəniyyəti, gəzməli-görməli yerləri ilə tanış olan, səfər etdiyi ölkədə daha çox vaxt keçirən şəxslərdir. Onların sayı isə qeyd etdiyim kimi artıb.

Ümumilikdə ölkəyə burda təşkil edilən tədbir, konfranslarda iştirak etmək üçün gələnlərin sayında bir balaca azalma var. Amma konkret rəqəmlər ilə 2016-cı ilin fevral ayında tanış olacağıq.



- Manatın devalvasiyası getmə turizmin inkişafına necə təsir göstərəcək?

- Azərbaycanda dolların bahalaşması, getmə turizmin inkişafı üçün çətin olacaq. Məsələn, bu gün vətəndaş 500 manat alırsa, hazırda onun dollar ekvivalenti 300 dollardır. Düşünürəm ki, məhz bu səbəbdən vətəndaşlarımız artıq xarici səfərlərə pul ayırmayacaqlar. Bununla bağlı da artıq biz işlərə başlamışıq. Belə ki, növbəti yay mövsümünə qədər əlverişli paketlər işləyib hazırlayacağıq. Bununla bağlı aidiyyatı qurumlar ilə də danışıqlar aparılır.



- Bəzi müstəqil ekspertlər deyirlər ki, Azərbaycan turizmi qiymətdə qonşu ölkə olan Gürcüstana uduzur. Sizcə, bu məsələdə hansı addımlar atmaq olar?

- Azərbaycan qiymətdə Gürcüstana uduzmur. Niyə? Səbəbini sizə izah edim. Siz xarici onlayn saytlarının birində monitorinq aparsanız görəcəksiniz ki, Azərbaycanda fəaliyyət göstərən 3,4,5 ulduzlu otellərin qiyməti Gürcüstanın 3, 4, 5 ulduzlu otellərinin qiymətindən 10-15%, hətta deyərdim 20% ucuzdur.

Amma bu gün Azərbaycan bazarında 2 ulduzlu otellər, qonaq evləri yoxdur. Təəssüflər olsun ki, bu seqment Azərbaycanda inkişaf etməyib. Onlar görürlər ki, bu gün Gürcüstanda 30 dollara mehmanxana tapmaq olar. Ona görə də onlar avtomatik fikirləşir ki, orda qiymət bizimkindən ucuzdur. Amma onlar baxmırlar ki, bəlkə bu qonaq evi və ya 2 ulduzlu oteldir? Ona görə də düşünmürəm ki, Azərbaycandakı otellərin qiyməti Gürcüstandan bahadır. Sadəcə qeyd etdiyim kimi, bazarda qonaq evləri, 2 ulduzlu otellər yoxdur.



Bundan başqa, hər bir turist xarici ölkədə səfərdə olarkən ona zəruri olan məsələlərdən biri də qidalanmaq olur. Həmin turist minimum 3-4 dəfə qidalanmalıdır. 1-2 dəfə kofe, suyunu içməlidir. Gürcüstanda 20 dollara belə maşın kirayə götürmək olar. Restoranları isə, Bakıdakı qiymətlərdən 3 dəfə ucuzdur. Yəni qeyd etdiyim bu faktorlar həmin bazarı Azərbaycandan ucuz edir. Azərbaycanda otellərin qiyməti isə baha deyil.

Onu da qeyd edim ki, Azərbaycanda yeni inşaata başlayan sahibkardan birindən soruşduqda ki, burda nə tikəcəksən? O isə cavab verir ki, mənzil, olmasa biznes mərkəzi, o da olmasa mehmanxana. Yəni bu gün bazarda 2 ulduzlu otellər, qonaq evlərinin olmaması planlaşdırılmamış marketinq planından qaynaqlanır. Yəni, sahibkarı əsasən imic maraqlandırır.

- Nahid bəy, Azərbaycanın daxili turizmi ilə bağlı vəziyyət nə yerdədir?

- Azərbaycanın gözəl, mənzərəli yerləri çoxdur. Turizm potensialı yüksəkdir. Bu gün manatın ucuzlaşması amilindən biz istifadə etməliyik. Çalışmalıyıq ki, getmə deyil, daxili turizmi inkişaf etdirək.

Çox zaman Azərbaycanın turizm potensialı ilə Türkiyəni müqayisə edirlər. Və ya deyirlər ki, biz Türkiyə, Misirə getməyən rus turistlərini Azərbaycana gətirməliyik.

Sual isə qoymaq lazımdır ki, bu gün Rusiya vətəndaşları nə üçün Türkiyə və Misirə gedir? Bəli, qiymət siyasəti ucuzdur. Belə ki, həmin ölkələrin iqlimi həmin turistlər üçün əlverişlidir.

Məsələn, Türkiyənin dəniz mövsümü aprel ayından başlayır, oktyabradək davam edir. Yəni, bu mövsüm 6 ay çəkir. Azərbaycanda isə bəzi nüansları nəzərə aldıqda bu, 3 aydan da az edir. Bundan başqa, Xəzər dənizini Egey, Qara dəniz ilə müqayisə etmək də yanlış olardı. Çünki bu gün rus turistləri üçün adıçəkilən dənizlər daha cəlbedicidir.



Rus turistlərinin 90%-i əsasən qeyd etdiyim kimi iqlimə görə, Türkiyəyə gedir. Amma biz bazarın 5%-nə belə nəzarət etsək bu, bizim üçün böyük uğur olar.

- Hazırda ölkədə hansı daxili turlar populyardır?

- Hazırda ölkədə qış mövsümü olduğundan xizək, dağ turizmi daha aktualdır. Demək olar ki, hər şənbə-bazar günləri turizm şirkətləri tərəfindən turlar təşkil edilir. Əksəriyyəti isə Qusarda yerləşən Şahdağ turizm kompleksinə, Qəbələdə Tufandağa olur.

Ötən yay mövsümündə isə vətəndaşlarımız üçün Şəki, Şimal, Cənub turları daha populyar idi.

- Necə düşünürsünüz? Hökumətin turizmin inkişafına dəstəyi nədən ibarət ola bilər?

- Biz hökumətin dəstəyini hər zaman hiss edirik. Məsələn, turizm şirkətləri Azərbaycana turist gətirmək üçün beynəlxalq sərgilərdə iştirak etməlidir. Hökumət isə həmin sərgilərin kirayə haqqını özü ödəyir. Eləcə də, yolların abadlaşdırılması, yeni otel və mehmanxanaların tikintisini hökumətin turizmin inkişafına dəstəyi hesab edirəm.

- Bilirsiz ki, bir müddət öncə Avropanın beşiyi sayılan Parisdə terror aktları törədildi. Heç kəs bunu gözləmirdi. Bu da xaricə səfər planlaşdıran vətəndaşlarımızda bir qorxu yaratdı. Bundan sonra onlar Avropaya turları ləğv etdilər. Hazırda bu məsələ nə yerdədir? Yenə də Avropa ölkələrinə getmək qorxusu insanlarda qalıbmı?

- Doğru qeyd etdiniz ki, Fransada terror aktları olanda bazarda durğunluq yarandı. Amma hazırda insanlarda o fikir yayınıb. Onlar Avropaya səfərlərini davam etdirirlər.