Politoloq: Obama administrasiyasından xeyir gözləmək lazım deyil – MÜSAHİBƏ » Memur.az

Politoloq: Obama administrasiyasından xeyir gözləmək lazım deyil – MÜSAHİBƏ

Politoloq: Obama administrasiyasından xeyir gözləmək lazım deyil – MÜSAHİBƏ

“Bizə Kerrinin erməniyönümlü mövqeyi yaxşı tanışdır”.

Memur.Az Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə Komitəsinin üzvü Rasim Musabəyov ilə müsahibəni təqdim edir:

- Son günlərdə Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib. Bu vəziyyət Azərbaycan ilə həmin ölkələr arasında münasibətə necə təsir edə bilər?

- Azərbaycan üçün nəticələrdən danışmaq tezdir. Hələlik Rusiya-Türkiyə münasibətlərinin gərginliyi birbaşa olaraq bizə təsir etməyib, amma ümumilikdə yaranan vəziyyət yetərincə xoşagəlməzdir. Azərbaycanın Türkiyə ilə yalnız qardaşlıq deyil, eləcə də tərəfdaşlıq bağları da mövcuddur.

Biz eyni zamanda Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri saxlayırıq. Qaz təchizatçısı kimi yaranan vəziyyətdən istifadə edərək Türkiyə bazarında öz mövqelərimizi möhkəmləndirə bilərik. Eyni zamanda, Azərbaycan Türkiyənin Rusiyanın meyvə-tərəvəz və turizm bazarındakı yerini qismən əvəz edə bilər. Yəni iqtisadi cəhətdən biz uduzmayacağıq, əksinə, udacağıq.

Amma bütün bunlar regional təhlükəsizliyin və Cənubi Qafqazda əməkdaşlığın kəskin pisləşməsi fonunda ikinci dərəcəli görünür. Türk-rus münasibətlərinin gərginləşməsi Dağlıq Qarabağa görə başlayan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə elə də pozitiv təsir etməyəcək.

- Sona çatan ildə hansı ölkələr ilə münasibətləri və hansı səbəbdən qənaətbəxş hesab etmək olar?

- Belə ölkələr çoxdur. Azərbaycan və Türkiyənin müttəfiqliyi möhkəmlənib. Azərbaycanın Gürcüstan, Qazaxıstan ilə strateji tərəfdaşlığı qorunub saxlanılıb. Elə Rusiya ilə də ən azından indiki dövrə qədər əlverişli və qarşılıqlı hörmətə əsaslanan tərəfdaş münasibətlərini qoruyub saxlamaq mümkün olub.

Çin, Cənubi-şərqi Asiya ölkələri, Belarus, Macarıstan, Bolqarıstan və s. ölkələr ilə münasibətlərdə pozitiv dinamika müşahidə edilir.

Həyata keçməsi mümkün olmayan arzularını qanuniləşdirməyə çalışan, Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistandan başqa, bizim dünyanın heç bir ölkəsi ilə həllolunmaz təzadlarımız yoxdur və biz qarşılıqlı faydalı olan münasibətləri inkişaf etdirməyə hazırıq.

- Qarabağ məsələsi üzrə ilin yekunlarını necə qiymətləndirirsiniz?

- Neqativ. Danışıqları nəinki irəliyə doğru hərəkət etdirmək, heç danışıqlar raundunun gündəmini belə razılaşdırmaq və münaqişədə olan ölkələrin XİN rəhbərlərini mahiyyətli dialoq üçün danışıqlar masasına oturtmaq mümkün deyil. Sülh yolu ilə tənzimləmə prosesində çıxılmaz vəziyyət fonunda konfrontasiya ritorikası güclənir, atəşkəsin pozulması adi hal alıb və artıq yüngül atəş silahlarından deyil, minaatanlardan və hətta artilleriyadan açılan atəş ilə müşahidə olunmağa başlayıb. Ölən və yaralananların sayı kəskin şəkildə artıb.

- Azərbaycan dəfələrlə Ceyms Uorlikin fəaliyyəti və bəyanatlarından narazılığını ifadə edib. Onun dəyişdirilməsi məsələsinə baxılır. Yeni həmsədrdən nə gözləmək olar? Necə düşünürsünüz, Uorlikin əvəzlənəcəyi və ya Azərbaycanın ATƏT ilə əməkdaşlıqdan imtina etdiyi halda Qarabağ probleminin həllində hansısa irəliləyişlər olacaqmı?

- Uorlikin Vaşinqtonda erməni lobbiçilərinin təşkil etdikləri siyasi-təxribat şousunda (“DQR” demokratiya və müstəqillik konfransı) iştirakına dair bizim XİN ABŞ nümayəndəsinin danışıqlarda vasitəçi statusuna uyğun gəlməyən davranışına dair ABŞ-a rəsmi etiraz notası təqdim edib. Uorlikin təcili dəyişdirilməsini deyə bilmərəm. Amma ABŞ dövlət departamentinin təcrübəsində həmsədrlər 2-3 il iş müddətindən sonra dəyişdirilirlər.

Ceyms Uorlikin bu müddəti çatıb. Ona görə də əvəzləmə planlı xarakter daşıya bilər. Amma problem C.Uorlikin personasında və ya qeyri-peşəkarlığında deyil. ABŞ-ın dövlət katibi Kerrinin erməniyönümlü siyasəti bizə yaxşı məlumdur. Ona görə də, nə qədər ki, Dövlət Departamentinə o, Ağ Evə isə Obama administrasiyası rəhbərlik edir, mən ABŞ-dan pozitiv, Azərbaycanı minimum dərəcədə belə razı salacaq addımlar gözləmirəm.

- 2016-cı ildə müharibə olacaqmı?

- Ümid edirəm ki, yox. Amma danışıqlarda çıxılmaz vəziyyət yarandığı halda təmas xəttində gərginliyin artması qaçınılmazdır və hansısa məqamda işin hərbi dönüş almayacağına zəmanət vermək olmaz.