Yalçın Rzazadədən şikayət: “Bir o qalıb ki, Bulvarda şlyapamı qarşıma qoyub dilənim” » Memur.az

Yalçın Rzazadədən şikayət: “Bir o qalıb ki, Bulvarda şlyapamı qarşıma qoyub dilənim”

Yalçın Rzazadədən şikayət: “Bir o qalıb ki, Bulvarda şlyapamı qarşıma qoyub dilənim”

Səhhətində problemlər yaranan Xalq artisti Yalçın Rzazadə Memur.Az-a müsahibə verib:

Sevilən sənətkar maddi sıxıntılar ucbatından səhhətində yaranan problemi aradan qaldıra bilmədiyini söyləyib:

- Hazırda həkim nəzarətindəyəm. Noyabrın 25-də hiss etdim ki, halım xarablaşır. Bir gün sonra isə vəziyyətim daha da pisləşdi, heç bilmirdim ayağa qalxacağam ya yox. Sistem köçürüldü, axşam artıq ayağa qalxdım.

Həkim dedi ki, gəzmə, uzan. Lakin Türkiyədə həkim tərəfindən mənə tapşırılmışdı ki, əgər istəyirsən, ürəyin sağlam olsun, çox hərəkət etməlisən. Yəni mənə elə gəlir ki, gəzmək, hava almaq lazımdır. Həm də oturan kimi darıxmağa başlayıram. Ümumiyyətlə, yatmağı, hərəkətsiz oturmağı xoşlamıram. Daim hərəkətdə olmağı sevən adamam.

- Türkiyəyə müayinə üçün getməyə maddi imkanınızın olmaması xəbərlər nə dərəcədə həqiqətə uyğundur?

- Xatirinizdədirsə, dörd il öncə Türkiyədə ürəyimdən əməliyyat olunmuşdum. Əməliyyatdan sonra profilaktika olaraq, il ərzində bir və ya iki dəfə Türkiyəyə gedib, müayinə olunmalıyam. Mənə məsləhət görürlər ki, burada müayinə olunum. Burada olmur axı?!

Ürəyimdən əməliyyat olunduğum xəstəxanada xəstəliyimin tarixi var. Yəni onlar xəstəliyim nədən başlayıb, sənədlərdə nə yazılıb hamısını dəqiqliklə bilirlər. Bu, bilirsiniz nəyə bənzəyir? Xarab olan maşını ustaya aparırsan, növbəti dəfə təkrar onun yanına gedəndə, artıq bilir ki, əvvəl nəyi təmir etmişdi, indiki problemi nədir.

Mənim səhhətimlə bağlı da eyni vəziyyətdir. Maddi sıxıntıya gəlincə, tutaq ki, Türkiyəyə getdim. Orada xəstəxanada yatmaq, müayinə və müalicə üçün müəyyən məbləğdə pul tələb olunur. Açıq danışacağam, bunun üçün isə mənim maddi imkanım yoxdur.

Ürəkdir, onunla zarafat etmək olmaz. Sənətkar yaradıcılığında müəyyən həddə çatanda özünə qarşı diqqət tələb edir. Çəkdiyin zəhməti tərəziyə qoyanda görürsən ki, az qiymət verilir. Bir xalqın ayaq üstə alqışladığı sənətkarının qeydinə qalmaq lazımdır.

- Məsələ ilə bağlı Mədəniyyət və Turzim Nazirliyinə müraciət etmisiniz?

- Xeyr, heç vaxt müraciət etməmişəm. Bir-iki dostum var, efirdən görüb, ya da mətbuatdan oxuyub, halımdan xəbər tuturlar, dərhal müalicəm üçün şərait yaradırlar. Amma özüm heç vaxt kiməsə zəng vurmuram ki, mənə kömək edin.

Mən “qırmızı dərililər”i (Amerika hindilərini nəzərdə tutur -red) çox sevmişəm. Hətta professional sənətə ilk addımlarımı atanda onların geyim tərzinə üstünlük vermişəm. “Qırmızı dərililər”in başçıları yaralandıqda, can verən zaman, dizləri üstə düşürlər və o vəziyyətdə ölürlər.

Yəni onlarda yıxılmaq ayıb sayılır. Bu misalı ona görə çəkdim ki, heç kimə əyilən adam deyiləm. Latviya, Türkiyə, Moskva və dünyanın bir çox yerlərindən zəng edib, səhhətimlə maraqlanırlar.

İnanmazdım ki, mənə qarşı belə böyük xalq, millət sevgisi var.

Xalqın, insanların mənə olan belə xoş münasibəti ürəyimə mənəvi qidadır. Səhnəyə çıxanda, millətin ayaq üstündə alqışladığı sənətkara bir qədər diqqət, hörmət lazımdır.

“Özümü sənətkar yox, “bomj” kimi hiss edirəm”

- Bəlkə məsələ ilə bağlı aidiyyatı quruma müraciət edəsiniz?

- Vəzifə adamları sənətkara söz verirlər, amma yerinə yetirmirlər.

Bu da sənətkar üçün çox ağır və təhqiramiz zərbədir. Dedilər ki, bu il sizin yaradıcılıq gecənizi keçirəcəyik. Mən də cavabında söylədim ki, yaradıcılıq gecəsi lazım deyil. Mənim yaradıcılığım millətin gözünün önündədir. Sənətkar kimi millətimin qarşısında hesabat konserti vermək istəyirəm.

Ürəkdir, bir də gördün dayandı. Ona da söz verdilər, orkestr-filan təyin olundu. Dedilər ki, elə olacaq, belə olacaq... Hesabat konserti filan teatrda təşkil ediləcək. Mən də oturub, gözləyirəm. Görürəm, nə zəng oldu, nə yada salan var, nə də ki, gecə keçirən...

Bununla da ikitirəlik yaranır. Mənə qarşı diqqətsizliyi görəndə özümü sənətkar yox, “bomj” kimi hiss edirəm. Sənətə, sənətkara diqqət olmalıdır. Bir sənətkarın sinəsinə balaca bir dəmir parçasını taxanda, mənəvi dayaqdır. Mənəvi dayağı görməyəndə üzülürsən.
“Desinlər ki, sənətkar deyilsən, get, araq, siqaret sat, mən də işimi bilim...”

Məni sənətkar kimi “sındırmaq” olmaz. Ya desinlər ki, sən bizim sənətə lazımsız adamsan. Get, “butka”da araq, siqaret sat. Ya da millətin dediyi sözləri desinlər. Desinlər ki, böyük sənətkarsınız, incəsənətimiz üçün böyük işlər görürsünüz. Sizin üçün neyləyək?

“Neyləyək?”- sualını da mənə heç kim vermir. Ürəyim tutur, neyləyim? Küçədə şlyapamı qarşıma qoyub, dilənçilik edim? Bir o qalıb ki, şlyapamı qoyum, gitaramı götürüm, gedib, Bulvarda pul üçün dilənçilik edim...

Sağlamlıq problemimi həll edim. Sağlamlığım ailəm üçün deyil.

Sağlamlığım sənətim, tarixim, ən əsası, millətim üçün lazımdırsa, aidiyyatı orqanlar əncam çəksinlər.

“Efirlərdə qabağa gedən müğənnilərin heç biri sənətdə gördüyüm işlərin milyonda birini etməyiblər”

- Təbii, sizin Azərbaycan estrada, pop musiqisində əməyiniz əvəzsizdir.

-Yaxşı, bəs niyə o zaman məni aldadırlar? Niyə vəzifəli şəxslər mənim üzümə qarşı yalan deyirlər? Bununla məni “sındırırlar”.

Həmişə deyirəm ki, dahi ola bilərsən, amma şəxsiyyəti qorumaq çox çətindir. Məni tanıyanlar necə bir insan olduğumu bilirlər. Sənətdə mənim zəhmətim az deyil.

Musiqidə təkrarsız işlər görmüşəm, indi də edirəm. Mənə ancaq balaca diqqət lazımdır. Niyə ürək nədənsə sınmalıdır? Diz üstə də yıxılsam belə, heç kim məni yataqda görməyəcək.

“Qırmızı dərililər” kimi düz üstdə öləcəyəm. Hansısa telekanala çıxanda, çoxlu sayda zənglər gəlir. Millətimin mənə qarşı xoş münasibəti həddindən artıq böyükdür. Bu sözləri deməyim ucuz çıxır. Amma baxıram ki, elə adamlar efirdədir, qabağa gedir ki...

Həmin adam mənim sənətdə etdiyimin milyondan birini etməyib. Mənə qarşı nə düşmənçilik mövqeyidir belə? Kimə nə etmişəm?
“Məni ediblər ev alverçisi...”

-Yanılmıramsa, bir ara sizin ev probleminiz də ortaya çıxmışdı?

- Bəli, bir dəfə kimsə mənim yaşayışımı görüb, demişdi ki, Yalçın müəllimin evini gördüm, o cür sənətkar çox pis şəraitdə yaşayır.

Bununla bağlı Mədəniyyət və Turzim Nazirliyinə göstəriliş verilmişdi ki, maraqlansınlar. Nazirlikdə bir qadın var, adını da deyirəm: Seva. O qadın demişdi ki, Yalçına 3 ev vermişdik, satıb.

Dördüncü evi verdik, onu da “remont” edib, kirayəyə verib. Məni ediblər ev alverçisi...

Ürək ovuc boyda ətdir, bütün bunlara nə qədər dözmək olar? Mən böyük adamam ki, bu vəziyyətdə yaşayıram. Mən dövlətimin, millətimin sənətkarıyam. Ac da, tox da qalmışam, hər zaman demişəm ki, millətim sağ olsun. Son nəfəsimə qədər də belə olacağam.