Vüqar Bayramov: Azərbaycan qiymətdə Gürcüstana uduzur – MÜSAHİBƏ » Memur.az

Vüqar Bayramov: Azərbaycan qiymətdə Gürcüstana uduzur – MÜSAHİBƏ

Vüqar Bayramov: Azərbaycan qiymətdə Gürcüstana uduzur – MÜSAHİBƏ

“İKT prioritet sektor olsa da, xərclidir”.

Oxu.Az iqtisadçı-ekspert Vüqar Bayramovla müsahibəni təqdim edir.

- Hazırda dünya bazarında neftin qiymətinin 50 dollardan aşağı olduğunu nəzərə alsaq, Azərbaycanda qeyri-neft sektorunun hansı sahələrinin inkişaf etdirilməsi mümkündür?

- Neftin qiymətinin dünya bazarında aşağı olması təbii ki, Azərbaycan üçün dövlət gəlirlərinin azalması fonunda təsirlərə malikdir. Bununla belə, neftin qiymətinin aşağı olmasının Azərbaycan üçün müsbət təsirləri var. Əvvəla yaranmış vəziyyət Azərbaycan üçün bir mesaj olaraq da qiymətləndirilməlidir, çünki neftin dünya bazarında qiymətinin aşağı olması bir daha qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sektorda konkret olaraq müqayisəli üstünlüyə malik olan sektorların dəstəklənməsini gündəmə gətirir.

Hətta deyərdim ki, son dekadalar dünya bazarında neftin qiyməti bu qədər ucuzlaşmamışdı. Hazırda neftin qiymətləri olduqca aşağıdır, bu isə o deməkdir ki, neftin dünya bazar qiyməti yüksəlsə də, qiymətdə istənilən zaman azalmalar baş verə bilər. Yəni, qiymətin azalması təkcə iqtisadi faktorlardan asılı deyil, burda siyası faktorlar daha güclüdür.



Siyasi faktorlar olduğu üçün gələcəkdə istənilən zaman qiymət azalmaları müşahidə edilə bilər. Bu baxımdan bu, ölkə üçün bir mesaj və bir sınaqdır. Əlbəttə, bunun özəlliyi ondan ibarətdir ki, Azərbaycan birmənali şəkildə qeyri-neft sektorunu inkişaf etdirməlidir. Doğrudur, son illər dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payında artımlar var.

Digər tərəfdən neftin dünya bazarında qiymətinin yüksək olduğu dövrə baxsaq, xüsusilə, 2013-2014-cü illərdə qeyri-neft sektorunun büdcə gəlirlərində ÜDM-dəki payı 68,8%-ə qədər yüksəlmişdir. Eyni zamanda, bu müddətdə, dövlət büdcəsində qeyri-neft sektorunun payı 35%-ə qədər yüksəldi. Təbii ki, 2016-cı ildə dövlət büdcəsinin qeyri-neft sektorunun payı 50%-ə yaxın olacaq, amma bu həm də onunla bağlıdır ki, neftin dünya bazar qiyməti aşağıdır. Amma biz tendensiyaya diqqət yetirsək, 2010-cu ildə neft sektorunun büdcədə payı 25%-dən az idisə, son 4 ildə bu 10%-də artdı. Son 5 ili götürsək, bu artıq, təxminən 20%-dən artıq artım deməkdir.



Təəssüf ki, ixracatda neftin dünya bazarında qiyməti yüksək olduğu dövrdə, qeyri-neft sektorunun payı cəmi 5% idi. Əslində, Azərbaycan neftin dünya bazarında qiymətinin azalma dövrünə, ixracatda 5%-lik payla daxil oldu. Təbii ki, bu da birbaşa dövlət gəlirlərinə təsir göstərdi. Çünki ÜDM, büdcə gəlirlərinin formalaşması, daha çox daxili mənbələrdən, ixracat xarici mənbələrdən ölkəyə valyuta axınının daxil olması deməkdir.

İxracatın çox olması, xüsusən, ixracatda qeyri-neft sektorunun payının çox olması birmənalı şəkildə Azərbaycana imkan verir və verəcək ki, ölkəyə daxilolmaların neftin dünya bazar qiymətindən asılılığını azaltmaq mümkün olsun.

- Vüqar bəy, konkret olaraq Azərbaycanda hansı sahələrin inkişaf etdirilməsi prioritetdir?

- “2020 Gələcəyə baxış dövlət konsepsiyasında” Azərbaycan İKT, turizm, aqrar sektoru prioritet sahələr olaraq müəyyən edib. Təbii ki, turizm prioritet sektordur, onun inkişaf etdirilməsi vacibdir. Çünki ölkəyə gələn hər turist əlavə kapital deməkdir. Bununla belə, Azərbaycan çox təəssüf ki, qiymət və keyfiyyətdə qonşu Türkiyəyə, qiymətdə isə Gürcüstana uduzur.

Xidmət və keyfiyyətdə Gürcüstanla eyni ola bilərik, amma söhbət ondan gedir ki, ölkədə qiymət yüksək olduğu üçün bu bütövlükdə, sektorun qonşu ölkəyə uduzmasına gətirib çıxarır. İl ərzində Gürcüstana 5,5 milyon turist gəlirsə, Azərbaycana gələn turistlərin sayı 2,4 milyon nəfərdir. Baxmayaraq ki, Azərbaycanın əhalisi və ərazisi Gürcüstandan iki dəfə çoxdur və bu ölkə ilə müqayisədə infrastruktur daha çox inkişaf edib.

Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün xeyli islahatların və tədbirlərin görülməsinə və bazarda rəqabətin gücləndirilməsinə ehtiyac var. Aqrar sahə Azərbaycanın ərzaq təhlükəsizliyi və ərzaq təminatında vacib olsa da, subsidiyalaşdırılmış bir sektordur. Biz təklif edirik ki, aqrar sektorla yanaşı, qida, ərzaq sənayəsi ölkədə inkişaf etdirilsin. Qida sənayesinin inkişaf etdirilməsi Azərbaycana imkan verəcək ki, aqrar məhsullarını xammal formasında xarici bazara çıxarda bilsin.

İKT üstünlüyə malikdir, amma Azərbaycan informasiya texnologiyası sahəsində rəqabət imkanları zəifdir. Bu onunla bağlıdır ki, İKT xidmətləri bahalıdır. Hər zaman vəsait tələb edir. Düzdür, potensial var, amma söhbət İKT xidmətlərinin başqa ölkələrə ixrac edilməsindən gedir və bu təbii ki, asan deyil və zaman tələb edir.

Eləcə də nəzərə almaq lazımdır ki, bu, xərclidir. Belə ki, İKT avadanlıqlarının saxlanması, onların amartizasiyasını həyata keçirmək lazımdır, bu isə xərclidir. İKT bir tərəfdən innovativ sektordur, hər zaman innovasiyalar tətbiq edilməlidir. Deməli, hər zaman dövlət bu istiqamətdə olan tədqiqatlara vəsait ayırmalıdır.

Belə nəticəyə gəlmək olar ki, İKT prioritet sektor olsa da, dövlət üçün xərcli sektordur və bu qısa müddətli deyil, uzunmüddətli dövrdə dövlət gəlirlərinin artırılmasına imkan yarada bilər.



Eləcə də biz qida sənayesi ilə yanaşı yüngül sənayenin inkişaf imkanlarını yüksək qiymətləndiririk. Azərbaycan uzun müddət yüngül sənaye üzrə aparıcı ölkələrdən biri olub. Regionda Çin və Türkiyədən gələn mallarla rəqabət aparmaq çətindir, amma Azərbaycan yerli istehsalın müəyyən hissəsini yüngül sənaye məhsulları hesabına ödəyə bilər.

- Bir qədər əvvəldə vurğuladığımız kimi hazırda neftin dünya bazarında qiymətləri 50 dollardan aşağıdır, eləcə də dollar manat qarşısında hələ də bahadır. Sahibkarlar isə qlobal iqtisadi böhrandan əziyyət çəkdiklərini bildirirlər. Onlara bu iqtisadi böhrandan ziyanla çıxmamaları üçün nəyi tövsiyə edərdiniz?

- Son həftələr, xüsusən oktyabr ayında sahibkarlığın müdafiəsinin dəstəklənməsi ilə bağlı ölkə prezidenti tərəfindən atılan addımları biz təqdirəlayiq hesab edirik. Belə ki, 2 il müddətinə yoxlamaların dayandırılması, eyni zamanda lisenziyaların azaldılması “ASAN xidmət” vasitəsilə həyata keçirilməsi - bu, ondan xəbər verir ki, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı yeni bir mərhələ formalaşdırılıb.

Bütün bunlar sahibkarlara dolayı dəstəkdir, dövlət dəstəyidir. Dövlət investisiya mühitini yaxşılaşdırır. Yersiz müdaxilələrin qarşısını alır. Prosedurların sayını azaldır. Lisenziya almaq və digər xüsusi razılıqları əldə etmək imkanı verir. Eyni zamanda, biz dövlət tərəfindən bir sıra, inkişaf etməkdə olan ölkələrdə olduğu kimi birbaşa dəstək və yardımın həyata keçirilməsinin tərəfdarıyıq.

Əvvəla, bu dəstək özünü onda göstərməlidir ki, bir sıra digər ölkələrdə olduğu kimi Azərbaycanda da ixracata subsidiyaların verilməsi məqsədəuyğundur. Belə ki, əgər rüb ərzində şirkət 100 min dollardan artıq mal ixrac edirsə, avtomatik olaraq o, dövlətdən subsidiya almalıdır. Bu isə şirkətləri stimullaşdıracaq ki, daha çox məhsul ixrac etsinlər və daha çox ixrac etməklə, dövlətdən daha çox subsidiya ala bilsinlər. Düşünürük ki, bununla qeyri-neft sektorunun da ixracat qabiliyyəti artmış olacaq.

Bir misal çəkək. Məsələn, Çin dünyada ən çox ixrac qabiliyyətinə malik olan 3 ölkədən biridir. Amma dövlət qeyd etdiyim kimi sahibkarlara daha çox ixrac etməklə, daha çox subsidiya almaq imkanı verir. Təklif edirik ki, bu sistemin ölkədə də tətbiq olunması faydalı ola bilər.

Sahibkarlara gəldikdə isə onların özləri də çətinliklərə hazır olmalıdırlar. Çünki qlobal çətinliklər onların ixrac imkanlarına təsir edir. Kənd Təsərrüfatı Nazirliyinin sahibkarlar üçün elektron ixrac xəritələri hazırlaması onların məhsullarının ixrac imkanlarını artıracaq.

İxrac xəritəsi imkan verəcək ki, sahibkarlar öz məhsullarını ixrac edəcəyi ölkələri seçə bilsinlər. Məsələn, İtaliyaya hansı aqrar məhsullar idxal olunur, qiymətlər neçiyədir, hansı ölkələrdən gətirilir və s.. Fermerlər həmin elektron xəritəyə toxunmaqla artıq bu ölkə ilə bağlı bütün məlumatları əldə edə biləcəklər.



Bu isə onun üçün vacibdir ki, fermerlər öz fəaliyyətlərini diversifikasiya edə bilsinlər. Alternativ olaraq daha bahalı bazarlara çıxış imkanları olsun.

Bir nüansı qeyd edim. Bir müddət təşkil edilən forum ilə əlaqədar Pakistanın paytaxtı İslamabada yola düşmüşdük. Həmin ölkənin ixrac-idxal əməliyyatları barəsində öyrəndikdə məlum oldu ki, bu ölkədə ən bahalı aqrar məhsul nar hesab edilir. Bir kiloqramı nə az, nə çox düz 10 dollardır. Bildiyiniz kimi Pakistanda alıcılıq qabiliyyəti və əhalinin gəlirləri aşağıdır, bununla belə nar Avropadan bu ölkəyə gətirildiyindən və əhali üçün nadir məhsul hesab olunduğundan baha satılır.

Bir başqa nüansı isə qeyd edim ki, Azərbaycan fermerləri üçün Rusiya və MDB ölkələri prioritet olaraq qalır. 2014-cü ildə Rusiyaya tətbiq edilən sanksiyalardan sonra, rublun dəyərinin kəskin aşağı düşməsi Azərbaycan fermerləri üçün zərərli oldu. Belə ki, Quba fermerləri alma məhsulunu bu bazara çıxarda bilmədikləri üçün onları çaya axıtdılar.

Yenə də qeyd etdiyimiz kimi bu kimi halların baş verməməsi üçün nazirlik fermerlər üçün ixrac xəritələri hazırlamalıdır. Düşünürük ki, bu, məhsulun daha baha satılmasına və alternativ bazarlara çıxışına imkan yaradacaq.

- Necə düşünürsüz, sadə vətəndaşlar mənzil, torpaq, yoxsa qızıla investisiya etməkdə maraqlı olmalıdır?

- Əslində biz devalvasiyadan öncə də vətəndaşlara məsləhət bilmişdik ki, vəsaitlərinin 70%-ni dollar, 15%-ni manat, 15%-ni avroda saxlasınlar. Bu valyuta sxeminin belə qorunub saxlanılmasının tərəfdarıyıq, çünki bu, birmənalı şəkildə vətəndaşları valyuta risklərindən sığortalayır. Yəni cari xərclərin manatla olmasını, avro və dolların məzənnəsində dəyişikliklərin olmasını və praktiki olaraq 3 valyutalı səbətin hər bir ailəni valyuta risklərindən sığortalanmasına gətirib çıxardığını nəzərə almalıyıq.

Əmlak bazarı investisiya üçün cəlbedici deyil və proqnozlar da qiymətin azalması istiqamətindədir. Sahəsi böyük olan torpaqlarda qiymət azalması davam edəcək. Buna görə də torpağa investisiya etməkdə maraqlı olan vətəndaşlarımız çalışmalıdırlar ki, sahəsi az olan torpağın alınmasına üstünlük versinlər. Eyni zamanda, biz qızıla investisiyanı da məqsədəuyğun hesab etmirik. Belə ki, qızılın alış və satışı arasında kəskin fərqlər var. Belə ki, 1000 manata alınan qızılı sonra 800 manata satmaq belə çətin olur.



Ona görə də indiki məqamda vəsaitin nağdlaşdırılması və təbii ki, depozit formasında daha likvid banklarda (müflisləşmək təhlükəsi olmayan) yerləşdirilməsi məqsədəuyğundur, çünki vəsaitin evdə saxlanılması təhlükəli olmaqla (oğurluq riski və s.) bərabər gəlir də gətirmir. Ona görə də əhali qeyd etdiyimiz kateqoriyada olan banklarda məbləği 30 min manatdan illik 122%-dən çox olmamaq şərti ilə vəsaitlərini banklarda yerləşdirsinlər.

- Bu il Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında ölkədə “Kənd Təsərrüfatı İli” elan olunub. Artıq cari ilin başa çatmasına da elə çox vaxt qalmayıb. Siz bu ili necə qiymətləndirərdiz?

- Etiraf etmək lazımdır ki, Kənd Təsərrüfatı Nazirliyi bu il də uğurlu fəaliyyət həyata keçirə bildi. Aqrar xidmətlərin, eləcə də fermer və alıcılar üçün vacib olan qiymətlərin elektronlaşdırılması uğurlu addımlar oldu. Subsidiyaların verilməsi mexanizmində şəffaflıq artırıldı.

Nəzərə alsaq ki, əvvəlki illərdə subsidiyaların mənimsənilməsi hallarına rast gəlinirdi. Həmçinin, süni qiymət artımının qarşısının alınması, xüsusən məhsul bolluğu müşahidə edilirdi. Etiraf edək ki, bir sıra ərzaq məhsullarının qiymətində artımlar oldu, amma aqrar məhsulların qiymətlərində ciddi artımlar qeydə alınmadı. İlin sonunda da təxminən 6%-lik artımın olacağı gözlənilir.

Amma aqrar sahə prioritet olmaqla yanaşı, eyni zamanda həssas sektordur, çünki idxalın aradan qaldırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir.

Birmənalı şəkildə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi idxalın payının azaldılması, birbaşa aqrar sektorda aparılan islahatların keyfiyyətindən və miqyasından asılı olacaq. Çünki Azərbaycan idxalının əhəmiyyətli hissəsini aqrar məhsullar təşkil edir. Yerli kənd təsərrüfatı məhsullarının istehsalı artdıqca bu, imkan verəcək ki, xaricdən gətirilən məhsullara tələbat azalsın və vəsait ölkədən kənara çıxmasın, daxildə qalsın.