“Dini zəmində münaqişə yaranarsa, fəsadları ağır ola bilər” » Memur.az

“Dini zəmində münaqişə yaranarsa, fəsadları ağır ola bilər”

“Dini zəmində münaqişə yaranarsa, fəsadları ağır ola bilər”

Elman Nəsirov: “2016-cı ildə müəyyən iqtisadi çətinliklərin olması istisna deyil”“Azərbaycanda ikinci devalvasiya ilə bağlı məsələlərdə bir çox qüvvələr maraqlıdır”

Son günlər müəyyən dindar qrupların aktivləşməsi fonunda cəmiyyətdə bir gərginlik müşahidə olunur. KİV-də və sosial şəbəkələrdə gedən müzakirələrdə baş verənləri Azərbaycanda stabilliyin pozulmasına yönələn addımlar kimi dəyərləndirənlər də var. Bu və ölkənin siyasi-iqtisadi həyatında baş verən digər hadisələrlə bağlı suallarımızı deputat Elman Nəsirov cavablandırır.

- Son günlər ölkədə bir qrup dindarla polis arasında yaşanan qarşıdurma, bir neçə nəfərin saxlanılması fonunda gərginlik müşahidə olunur. Bu prosesi necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, bu insanlar din adı altında fəaliyyət göstərərək, süni qarşıdurma yaratmağa çalışırlar. Necə ki, bəzi gənclər Suriyaya gedərək, ya Bəşər Əsəd tərəfdən, ya da Əsədə qarşı döyüşənlərin tərəfində olurlar. Hesab edirəm ki, bu insanlar da həmin tip qüvvələrdəndir. Yəni ideoloji baxımdan beyinlərini doldururlar ki, onların hesabına daxili sabitliyi pozsunlar. Bunu da müxtəlif yollarla həyata keçirmək istəyirlər. Müxtəlif üsullarla onları dünyanın bölgələrində döyüş nöqtələrinə cəlb etmək istəyir və bəzən buna nail də olurlar. Bəzən də öz ölkəmizdə müxtəlif bəhanələr altında daxili gərginlik yaradaraq çalışırlar ki, hakimiyyətlə dini zəmində toqquşma ocağı yaransın. Ona görə də hesab edirəm ki, onlar aldadılmış qüvvələrdir. Amma bunların heç bir nəticəsi olmayacaq. Azərbaycan stabil dövlətdir. İctimai-siyasi sabitlik ölkəmizdə göz bəbəyi kimi qorunur. Xalqımız Prezidentin ətrafında birləşərək, daxili sabitliyin pozulmasına yönəlik cəhdlərin qarşısını yerindəcə alır. Həmçinin hüquq-mühafizə orqanları öz funksiyalarını lazımi səviyyədə yerinə yetirirlər. Belə insanların İslama aidiyyatları yoxdur. Daha çox siyasi addımlar atırlar ki, buna da təhrik olunurlar. Yəni xaricdən olan qüvvələr onları sadəcə idarə edirlər.

- Son hadisələri istər KİV-də, istər sosial şəbəkə istifadəçiləri arasında təxribat kimi dəyərləndirənlər var. Sizcə də, biriləri ölkəmizi provokasiyaya sürükləməyə çalışır?

- Müəyyən qüvvələr var ki, İranla Azərbaycan arasındakı qonşuluq münasibətlərinə kölgə salmaq, gərginlik yaratmaq baxımından addımlar atmaq istəyirlər. İranın özündə də bu niyyətdə olan müəyyən qüvvələr var. İran rəhbərliyi ilə Azərbaycan rəhbərliyi arasında çox sıx, ikitərəfli əlaqələr var. Həm İran rəhbərliyinin Azərbaycana səfəri, həm də Azərbaycan Prezidentinin İran İslam Respublikasına səfərləri bu ikitərəfli əməkdaşlığa xidmət edən səfərlərdir və münasibətlərimiz inkişaf tempini qoruyub saxlayır. Amma təəssüf ki, İranın özündə də müəyyən qüvvələr var ki, daha çox Ermənistanla əməkdaşlıqda maraqlıdırlar və daha çox Azərbaycanın ziddinə siyasət yeritməyə çalışırlar. İndiki məqamda başqa qüvvələr də var ki, onlar ciddi cəhdlə İranla Azərbaycan arasında problemlər yaranmasına çalışırlar və istəyirlər ki, dini konteksdə də bu reallaşsın. Çünki dini zəmində hər hansı bir konflikt yaranarsa, bunun fəsadları daha çox ola bilər. Bütün bunlara baxmayaraq, dəyişməz reallıq ondan ibarətdir ki, Azərbaycan dünyəvi, multikulturalist dövlətdir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, multikulturalizm bizdə dövlət siyasəti və ictimai sifarişdir. Bizdə müxtəlif dinlərin daşıyıcıları harmonik şəkildə yaşayırlar və bizdə heç bir halda dini dözümsüzlükdən söhbət gedə bilməz. Nəzərə alsaq ki, İran da, biz də müsəlman dövlətiyik, dini zəmində toqquşma üçün ümumiyyətlə əsas yoxdur. Sadəcə müəyyən maraqlı qüvvələr məqsədli şəkildə iki dövlət arasındakı münasibətlərə sərinlik gətirmək istəyirlər. Hesab edirəm ki, məsələyə bu kontekstdə yanaşmaq daha düzgün olardı.

- Cari ilin əvvəlində baş verən devalvasiya artıq cəmiyyətdə "hökumət iqtisadi-siyasi sabitliyə qarantdır" inamını azaldıb. Hətta parlament seçkilərindən sonra - 2016-nın əvvəllərində ikinci devalvasiyanın yaşanacağı iddiaları var. Siz bu prosesi necə proqnozlaşdırırsınız?

- Azərbaycan dövləti indiki reallıqda - dünya iqtisadi böhranının daha da kəskinləşdiyi, neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda büdcə siyasətinə yenidən baxıb. Büdcədə bir çox ixtisarlar var. Amma bir daha qeyd etmək istəyirəm ki, bu kəsir heç bir halda sosial sferanı əhatə etmir, xalqın güzəranı ilə bağlı məsələlərə toxunulmur. Yəni müavinətlər, pensiyalar və s. qorunub saxlanmaqdadır. Ancaq məsələ bundadır ki, cənab Prezidentin AMEA-nın yubileyində də qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi inkişaf modeli formalaşıb, amma bu modelin özünə də yeni reallıqlar nəzərə alınmaqla müəyyən düzəlişlər edilə bilər. Belə olan təqdirdə 2016-cı ildə müəyyən iqtisadi çətinliklərin olması da istisna deyil. Düzdür, bu bizim deyil, dünya miqyasında baş verən çətinliklərdir. Elə uzağa getməyək, onsuz da iqtisadi fəlakət vəziyyətində yaşayan Ermənistan növbəti bir addım ataraq, MDB-nin Anti-krizis Fondundan kreditlər götürməyə başlayıb. Halbuki indiyədək müxtəlif fondlardan kreditlər alırdı, amma iqtisadi vəziyyətin gərginləşməsi o həddə gəlib çatıb ki, Anti-krizis fondundan da kredit alır. Dünyada baş verən reallıqlar təbii ki, Azərbaycan iqtisadiyyatına da təsirsiz qalmır. Bu reallıqları nəzərə alaraq, dövlətimiz də adekvat addımlar atmaqdadır. Amma hər halda Azərbaycanda ikinci devalvasiya ilə bağlı məsələlərdə bir çox qüvvələr maraqlıdır. Çalışırlar, bu məsələni daha çox qabartsınlar ki, guya bu yaxınlarda devalvasiya olacaq, bunun nəticəsində bir iqtisadi-siyasi gərginlik, bank sistemində böhran yaşanacaq. Məsələnin məhz bu cür hallandırılmasında maraqlı olan qüvvələr var. Ancaq Azərbaycan dövləti - Mərkəzi Bank, Maliyyə Nazirliyi bu məsələləri tam nəzarətdə saxlayırlar. Maksimum çalışılır ki, əhali, vətəndaşlarımız bu iqtisadi gərginlikdən daha az itkilərlə sığortalanmış olsunlar. Bu istiqamətdə də müvafiq maliyyə-iqtisadi tədbirlər həyata keçirilir ki, insanlar ağır iqtisadi durumla üzləşməsinlər. Amma nə edək ki, biz də bu dünyanın tərkib hissəsiyik, təcrid olunmuş şəkildə yaşaya bilmərik. Dünyada isə bir sıra sferalarda - həm siyasi, həm iqtisadi, həm maliyyə, həm hərbi böhran var. Ən dəhşətlisi isə mənəvi böhranın yaşanmasıdır. Ona görə də müəyyən təsirlər bizdən yan keçmir. Amma sonda onu da deyim ki, bu sferada radikal dəyişikliklərin olması proqnozlaşdırılmır. Müəyyən çətinliklər ola bilər, amma heç bir halda əhalinin sosial rifah halına təsir edəcək həddə ola bilməz. Cənab Prezidentin, Mərkəzi Bank sədrinin, həmçinin maliyyə nazirinin çıxışlarında da bu yanaşmalar kifayət qədər əsaslandırılıb.

- Gürcüstanın hər zaman əli darda qalarkən, Azərbaycandan nələrsə qoparmağa çalışdığına və xeyli dərəcədə nail olduğuna cəmiyyətimiz alışıb artıq. Bu dəfə növbəti belə bir qaz şantajının şahidi olduq. O qədərmi asılıyıq Gürcüstandan? Və gürcülərin istəyinin arxasında hansısa xarici qüvvələrin dayandığını düşünmək olarmı?

- Belə məlumatlar, yanaşmalar var idi. Xüsusilə də Ermənistan Prezidenti Sərkisyanın Gürcüstana səfəri zamanı, hətta səfərdən əvvəl və sonra da erməni mətbuatı yazırdı ki, artıq Ermənistan tranzit ölkəyə çevriləcək, İrana qarşı sanksiyaların ləğvindən sonra İran qazı Ermənistan tranzit olmaqla Gürcüstana çatdırılacaq, Gürcüstandan Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya çıxarılacaq, guya Rusiya qazı İranın şimalına Ermənistan vasitəsilə ötürüləcək və s. Bu kimi yanaşmalar var idi. Ancaq Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri bütün bu illüziyaların üstündən xətt çəkdi. Bəli, Gürcüstanda da müəyyən qüvvələr var ki, onlar da belə bəyanatlarla çıxış edirlər. Bəlkə də xülyalara da qapıla bilərlər. Amma İlham Əliyevin Gürcüstan Prezidenti, Baş naziri və digər rəhbər şəxsləri ilə görüşlərində belə bir fikir hasil oldu ki, ikitərəfli münasibətlər strateji xarakter daşıyır, bütün parametrlər üzrə ortaq mövqeyə malikik. Eyni zamanda enerji, nəqliyyat dəhlizləri sahələrində əməkdaşlıq məsələləri də inkişafdadır və heç bir fikir ayrılığı yoxdur. Ona görə də hesab edirəm ki, ara-sıra spekulyativ məlumatlar yaymaqla müəyyən mənada Azərbaycana da təsir göstərmək istəyirlər. Ancaq Azərbaycan Prezidentinin Gürcüstana uğurlu səfəri bu cür neqativ yanaşmaların üstündən birdəfəlik xətt çəkdi. Məlum oldu ki, Azərbaycan və Gürcüstan bütün məsələlərdə, o cümlədən sizin sualınızda qaldırdığınız bu məsələdə ortaq mövqeyə malikdirlər.