Elmira Axundova: “Bədxahlarımıza imkan verməməliyik ki, aranı qarışdırsın” » Memur.az

Elmira Axundova: “Bədxahlarımıza imkan verməməliyik ki, aranı qarışdırsın”

Elmira Axundova: “Bədxahlarımıza imkan verməməliyik ki, aranı qarışdırsın”

71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Elmira Axundovanın Memur.Az-a müsahibəsi:

- Elmira xanım, Sizə də məlum olduğu kimi, hər zaman Azərbaycanda bu və ya digər seçkilər, yaxud, beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən ölkəmizə qarşı Qərb dairələri, onların təsiri altında olan beynəlxalq təşkilatlar tərəfindən təzyiqlər, hücumlar güclənir.

Bu baxımdan, builki parlament seçkiləri də istisna təşkil etmir. Belə olan təqdirdə, parlament seçkiləri ilə bağlı ölkədəki seçki mühitini necə qiymətləndirirsiniz?

“Neftin qiyməti düşür, amma netf ölkələri uğrunda savaş daha da qızışır”

- Mənim bu yaxınlarda Rusiyanın “VestnikKavkaza” saytında “Po çyem opium dlya naroda?” başlığı altında böyük məqalə çıxmışdı.

Həmin başlıq da məşhur sovet filmindən götürülmüşdü. Amma bunu mən əslində “rəngli inqilablar”a qarşı yazmışdım. Orta və Yaxın Şərqdə, Afrikada gedən proseslər haqqında yazdığım bu yazıda daha sonra post-sovet məkanına da bir nəzər salmışdım.

Yazımda da qeyd etmişdim və indi də demək istəyirəm ki, həmin regionlarda “rəngli inqilablar”ı ssenariləşdirənlər orada aranı qarışdırdıqdan sonra post-sovet məkanına üz tutublar və bu məkanda da bu prosesi reallaşdırmağa cəhd etməyə başlayıblar.

Rusiyada, Ukraynada buna cəhd etdilər, indi də Moldovaya, Tacikistana keçiblər...

Ən nəhayətdə Azərbaycana təzyiqlər artıb. Bunlar da hamısı eyni ssenaridir və eyni mərkəzlərdə hazırlanan ssenarilərdir. Onlar SSRİ-ni necə dağıdıblar? Necə post-sovet məkanını yaradıblar? O zamanlar olduğu kimi, indi də post-sovet məkanında xaos yaratmaq istəyirlər, “parçala və hökm et!” prinsipi ilə hərəkər edirlər. Bəli, ortada olan əsas məsələ budur.

Ona görə də bizə bu təzyiqlər artır. Çox “maraqlı” proses gedir. Neftin qiyməti düşür, amma netf ölkələri uğrunda savaş daha da qızışır. Əslində, belə götürəndə neftin qiyməti düşdükcə həmin neft ölkələri o qədər də əhəmiyyət kəsb etmir və etməməlidir, amma biz bunun əksini görürük. Neft ölkələri üzərində, qaz ölkələri üzərində mübarizə şiddətlənir. Yaxşı olar, kimsə bunu analiz etsin ki, nəyə görə bax bu proseslər baş verir və nəyə görə bu ölkələr üzərində mübarizə şiddətlənir?!

“Prezidentimizin düşmənləri də, rəqibləri də, opponentləri də daim vurğulayırlar ki, sizin həm güclü, həm də müstəqil siyasətçi olan lideriniz var”

Azərbaycana gəlincə isə, burada İlham Əliyev kimi güclü lider var. Bunu heç kəs inkar edə bilməz. Hətta bizim prezidentimizin düşmənləri də, rəqibləri də, opponentləri də onu hər saat deyir, vurğulayırlar ki, sizin həm güclü, həm də müstəqil siyasətçi olan lideriniz var.

Ümumiyyətlə, müstəqil siyasət aparan liderlər var ki, onlara qarşı da həmişə təzyiqlər çox olur. Odur ki, həm parlament seçkiləri, həm də hər hansı bir proses keçiriləndə biz başa düşməliyik ki, bu təzyiqlər, bu təpkilər artıq bütövlükdə ölkəmizə, onun müstəqil siyasətinə qarşıdır.

Burada artıq hansısa iqtidar-müxalifət məsələlərindən deyil, ümummilli məsələlərdən söhbət gedir. Biz də bu ümummili məsələlərdə bir olmalıyıq, yekdil olmalıyıq. Baxın, mən həmişə Belarusu misal gətirmişəm. Nəyə görə Belarusa qarşı neçə illərdir təzyiqlər göstərdilər, amma heç nə edə bilmədilər? Sanksiya tətbiq etdilər, Avropa Şurasından da çıxardılar, amma Belarus günü-gündən varlanır, günü-gündən inkişaf edir. Xalq da öz prezidentinin ətrafında sıx birləşib, bunu da biz sözdə deyil, əməldə görürük...

“Avropa strukturlarında oturanların onsuz da “qərarları” artıq hazırdır...”

- Amma belə iddialar var ki, Belarus əksər məsələlərdə Rusiyaya arxalandığı üçün Qərbə qarşı belə ciddi dirəniş göstərməyə və müəyyən mənada inkişafa nail olmağa müvəffəq olub...

- Belarus heç vaxt Rusiyaya arxalanmayıb. Heç vaxt! Lukaşenko da müstəqil siyasətçidir. Yeri gələndə Rusiyaya qarşı da öz sözünü deyə bilir. Mən post-sovet məkanında gedən prosesləri sıx izləyirəm və bilirəm ki, lazım gələndə Lukaşenko Rusiyaya qarşı da sözünü deyə, öz siyasətini də müstəqil apara bilər.

O, həmçinin, Avropa ilə də öz müstəqil siyasətini aparır və artıq görürük ki, Avropa Belarusa sanksiya tətbiq edilməklə heç nə əldə edə bilmir və tətbiq etdiyi sanksiyalardan da əl çəkməyə hazırlaşır. Bu müqəddiməni də ona görə dedim ki, başa düşməliyik ki, kiminsə xoşuna gəlsə də, xoşuna gəlməsə də, bizdə seçki arxayın, sakit vəziyyətdə, mühitdə keçməlidir.

Bu, bizim üçün önəmlidir. Biz heç kimə-bədxahlarımıza imkan, yol verməməliyik ki, aranı qarışdırsın. Çünki həmin o Avropa strukturlarında oturanların “qərarları” onsuz da artıq hazırdır. Onsuz da onlar deyəcəklər ki, seçki baş tutmayıb, demokratik seçki deyil, filankəslər təyinatla seçiliblər və sair. Onsuz da bunlar bunu deyəcəklər.

Necə ki, sonuncu prezident seçkilərindən bir həftə əvvəl biz öyrəndik ki, artıq seçkilərlə bağlı mənfi rəy Varşavada iki həftə, üç həftə qabaqcadan hazırlanıb. İndi də onlardan nəsə başqa şey, mövqe gözləmirəm.

“Müşahidəçilərin içində sağlam, bizi istəyən qüvvələr də var...”

Məsələn, mən sabah yüz faiz əminliklə özüm demokratik şəraitdə seçilsəm, xalq məni istəsə, deyəcəklər ki, yox, düzgün seilməyib, necə deyərlər, nəticələri saxtalaşdırıblar və sair. Ona görə mən Avropadan bir şey gözləmirəm ki, o, bizi dəstəkləyəcək.

Mən eyni zamanda inanıram ki, seçkiləri izləmək üçün bizə çoxlu sayda müşahidəçilər də gələcək. Ümumiyyətlə, müşahidəçilərin içində sağlam, bizi istəyən qüvvələr də var. Onlar gələcəklər, izləyəcəklər seçkilərimizi və inanıram ki, çox da ədalətli bir rəy, qərar verəcəklər.

Ona görə mən hamını seçkiləri izləməyə dəvət edirəm, şəxsən müşahidəçiləri mənim dairəmə dəvət edirəm. Baxsınlar, kimin nüfuzu var, kimin hörməti var, kim necə hörmət qazanıb...

“5 ildə elə bir mövsüm olmayıb ki, rayonumuza getməyim, insanlarla görüşməyim, ən azı 50 dəfə görüşüm, qəbulum olub həm burada, həm Masallıda...”

- Sizin özünüzün necə, bu yöndə hansısa probleminiz varmı və ya müşahidələr zamanı yarana bilərmi?

- Qətiyyən! Məsələn, mən bu axırıncı 5 ildə elə bir mövsüm olmayıb ki, rayonumuza getməyim, insanlarla görüşməyim, ən azı 50 dəfə görüşüm, qəbulum olub həm burada, həm Masallıda. Demək olar ki, yaz, payız, yay, qış mən oradayam.

Maraqlanıram problemlərlə, onların nazirliklər səviyyəsində həllinə çalışıram. Bir sıra nazirlərin qəbulunda olmuşam, seçicilərimin qaldırdığı məsələlərə onların vasitəsi ilə dəstək vermişəm.

Ümumiyyətlə, ilk dəfə o bölgəyə namizəd kimi gələndə - 2005-ci ildə demək olar ki, bizim bölgənin bir dənə kəndində qaz yox idi, yollar çox bərbad vəziyyət idi, bir dənə təmir olunmuş məktəb, bir dənə təmir olunmuş xəstəxana yox idi. İndi bunlar onlarca yox, yüzlərcədir.

İki kənd xəstəxanasını mən öz səylərim nəticəsində bağlanmaqdan qurtardım, onların təmirinə nail oldum. İnandırdım yuxarı instansiyaları, onlar da mənimlə razılaşdılar ki, bu xəstəxanaları bağlamaq lazım deyil, onları təmir etmək lazımdır.

Mən indi buna görə hörmətli səhiyyə nazirimiz Oqtay Şirəliyevə çox minnətdaram. Kalinovka kəndində və Boradigah qəsəbəsindəki xəstəxanaların təmirinə nail olduq.

Böyük bir idman mərkəzi tikdim Boradigah qəsəbəsində. Tikdim deyəndə, yəni, özüm tikmirəm, əlbəttə ki, onu dövlət tikir, lakin mənim səylərim, mənim təşəbbüslərim nəticəsindədir.

Bir neçə məktəb ümumiyyətlə planda yox idi. Hüsühacılı, Kalinovka, Boradigah, Hişkədərə məktəbləri, onlar faktiki olaraq, mənim təşəbbüslərim, mənimlə Təhsil Nazirliyi, baş nazir, baş nazirin müavinlərinin isti münsibətilər sayəsində həll olundu. İnsanlar da bunu görür. Xalq da bunu dəyərləndirir.

Və həmişə xeyirlərində də, şərlərində də onların yanındayam, toylarında da iştirak edirəm. İstirak etməyəndə də həmişə hədiyyə göndərirəm. Bu 10 il ərzində Qurban bayramında, Novruz bayramında mən azı 100 nəfər imkansız ailələlərə, şəhid ailələrinə, kasıb ailələrə bayram sovqatı göndərirəm. Məni də heç kim məcbur etmir ki, bunu edim. Mən bunu öz vicdanımla edirəm.

Özü də başa düşürəm ki, bunu etmək lazımdır və sair və ilaxır. Çox böyük layihələrə əl atmışıq, indi də bu layihələr həyata keçirilir.

“Hələ də həmin bölgədə yarımçıq qalan işlərim var”

Və mən nəyə görə üçüncü dəfə seçilmək, namizəd olmaq qərarına gəldim? Ona görə ki, hələ də həmin bölgədə yarımçıq qalan işlərim var.

Hələ bir neçə məktəbin təmirə ehtiyacı var. İstilik sistemi ilk növbədə çox kəskin şəkildə qarşıda durur. Hələ bir neçə kənddə asfalt yolları tam çəkilməyib və ya təmir olunmayıb. Bizim müəyyən mənada işsizlik problemlərimiz var.

Mən istəyərdim ki, bizim rayonumuz iri turizm mərkəzinə çevrilsin.

İstəyərdim ki, bizdə yeyinti məhsullarını istehsal edən bir fabrik və ya zavod açılsın. Mən əgər, Allah qoysa, yenidən seçilsəm, gələn 5 ildə bununla məşğul olacağam. Bilirsiniz ki, mən çox aktiv deputatam, bunu mənim sizə deməyim də artıqdır. Hər bir iclasda demək olar ki, çıxış edirəm.

“Ölkə prezidenti həmişə, hər saat, hər dəqiqə öz komandasının rəylərinə, deputatların, ictimaiyyətin rəylərinə həssaslıqla yanaşır”

Məsələn, 4-cü çağırış parlamentin sonuncu iclasında çox proqressiv bir qərar, qanun layihəsi gəldi cənab prezidentdən. Biz onu təsdiq etdik.

Orada sahibkarları iki il müddətinə qanunsuz və qanuni yoxlamalardan azad etmək nəzərdə tutulur. Elə bir iclas yox idi ki, mən bunu deməyim.

Mən hər dəfə deyirdim ki, biz xırda və iri sahibkarlara kömək etməliyik, biz onları dəstəkləməliyik, onları qanunsuz yoxlamalardan azad etməliyik. Sonuncudan öncəki iclasda da bu məsələni qaldırmışdım, başqa deputatlar da bunu demişdi. Ona görə sağ olsun cənab prezident.

O, həmişə, hər saat, hər dəqiqə öz komandasının rəylərinə, deputatların, ictimaiyyətin rəylərinə həssaslıqla yanaşır. Doğrudan da, o, ictimai rəyi, tələbatı nəzərə alaraq belə bir qərar qəbul etdi. Mənə elə gəlir ki, bizim parlament də operativ parlamentdir.

Çevik işləyə bilir və dövlətçilik əsas müdafiə edən parlamentdir. Ona görə mən bu 10 il ərzində öz işimdən razıyam. Qanun layihələrinin müzakirəsində, qanunların dəyişikliyində mənim həmişə rolum da olub, səsim də olub və yenidən seçilsəm mən bu aktiv işimi də mütləq davam etdirəcəyəm.

Mən bunun üçün seçkilərə gedirəm. Bilirəm ki, mən öz nüfuzumdan, öz hörmətimdən, öz əlaqələrimdən istifadə edərək yarımçıq qalan işləri həll edə bilərəm.