Sanjay Ranan: “Bakıda səfir kimi çalışdığım üçün çox xoşbəxtəm” » Memur.az

Sanjay Ranan: “Bakıda səfir kimi çalışdığım üçün çox xoşbəxtəm”

Sanjay Ranan: “Bakıda səfir kimi çalışdığım üçün çox xoşbəxtəm”


Hindistanın Azərbaycandakı yeni səfiri Sanjay Rananın Memur.az-a müsahibəsi:

- Cənab səfir, Azərbaycanda olduğunuz qısa müddət ərzində ilkin təəssüratlarınız nədən ibarətdir?

- Mən ötən həftə Azərbaycana iki övladım və həyat yoldaşımla gəlmişəm. Qeyd etdiyiniz kimi baxmayaraq ki, qısa müddətdir Bakıdayıq, amma burada gördüklərimizdən çox təsirləndik. Ümimiyyətlə, şəhərin çox gözəl arxitekturası, müasir binaları var. Bakı dünyanın çox inkişaf etmiş şəhərlərindən biridir. Ölkənizdə hər şey var. İlk növbədə isə mən çox mehriban, gülərüz, səmimi və qonaqpərvər insanlarınızı qeyd etmək istəyirəm. Hər kəs bizi burada çox səmimi və gülərüzlə qarşılayır.

Azərbaycanda bu il keçirilən ilk Avropa Oyunları barədə də eşitmişəm. Mən burada uzun müddət qalmağı və işləməyi səbirsizliklə gözləyirəm.

- Bildiyimə görə, daha əvvəl Maldiv adalarında səfir kimi çalışmısınız. Azərbaycana təyin olunmağı necə qarşıladınız?

- Mən Azərbaycana səfir təyinatını böyük məmnunluqla qarşıladım. Çünki artıq ölkəniz barədə məlumatım var idi. Hindistan şirkətləri burda çalışırlar, biznes nümayəndələri fəaliyyət göstırirlər. Ölkələrimiz, insanlarımız arasında səmimi əlaqələr var. Hindistan-Azərbaycan əlaqələri qədim tarixə əsaslanır. Azərbaycanlılar hindistanlıları tanıyır, hindistanlılar isə azərbaycanlıları tanıyır. Ümimiyyətlə, Hindistanda Azərbaycana qarşı böyük bir maraq var. Şirkətlər Azərbaycanda investisiya qoyuluşunu artırmağa maraq göstərirlər. Ona görə də Bakıya səfir təyinatını eşidəndə çox xoşbəxt oldum.

İki ölkə arasında qarşılıqlı olaraq yüksək səviyyəli səfərlər həyata keçiriıir. Bu yaxınlarda digər yüksək səviyyəli səfərlərin reallaşdırılmasını gözləyirik.

Azərbaycanın Xarici İşlər Nazirliyi ilə bununla bağlı müzakirələr aparmışıq, yəni müəyyən planlarımız var və gələcəkdə bunlar baş tutacaq.

- Azərbaycanda çalışacağınız müddət ərzində əsas prioriteləriniz nədən ibarət olacaq?

- Mənim Azərbaycanda gələcək fəaliyyətimdə üç əsas prioritetim olacaq. İlk növbədə iki ölkənin siyasi səviyyədə ələqələrinin daha da inkişafı, qarşılıqlı olaraq görüşlərin keçirilməsinə çalışacağam. Digər tərəfdən xalqlar arasında əlaqələrin intensivləşməsi vacibdir. Doğrudur, xalqlarımız bir-birini çox yaxşı tanıyır. Amma düşünürəm ki, bu əlaqələr daha da surətlənməlidir. Nəhayət, iqtisadi sahə, xüsusilə biznes imkanlarının inkişafı diqqətdə olacaq.

- Siyasi və iqtisadi əlaqələrin hazırkı vəziyyət sizi qane edirmi?

- Qeyd etdiyim kimi, Bakıya yeni gəlmişəm və hazırda vəziyyəti öyrənməyə çalışıram. Onu deyə bilərəm ki, iqtisadi-ticarət sahədə əlaqələrimiz inkişaf edib. İki ölkə arasında yüksək səviyyəli səfərlər həyata keçirilir. Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə biz bu səfərlərin intensivləşməsi məsələsini müzakirə etdik.

Onu da vurğulayım ki, Hindistanın "ONGC Videsh Limited" neft şirkəti Azərbaycana 1 milyard dollar investisiya qoyub. Bundan əlavə, bu ilin birinci yarısında maliyyə nazirimiz Arun Cetley Azərbaycana səfər edib. İki ölkə arasında iqtisadi məsələlər üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir və bu çərçivədə də görüşləri olub. 2013-cü ildə xarici işlər naziri Elmar Məmmədyarov Hindistana səfər edib. Mən öz fəaliyyətim dövründə qeyd edilən sahələrin daha da inkişaf etməsinə, xüsusilə neft-qaz sahəsinə daha çox investisiya qoyulmasına çalışacağam.

- Hindistan həm də turizm ölkəsi kimi tanınıb. Azərbaycan da turizim potensialına malik ölkədir. Bu sahənin inkişafını necə görürsünüz?

- Azərbaycanla Hindistan arasında turizm potensialı yüksəkdir. Əsasən tibbi turizm inkişaf edir. Azərbaycandan Hindistana müalicə məqsədilə çoxlu turistlər gedir, orada onlar müalicə alır, əməliyyat olunurlar. Çünki qiymətlər çox məqsədəuyğundur, həkimlər də xəstələrə çox yaxşı qayğı göstərirlər. Bizim çox yüksək səviyyəli həkimlərimiz var. İki ölkə arasında tibbi turizm çiçəklənir və bu sahənin böyük potensialı var.

- Turizmin inkişafı üçün birbaşa reyslərin olması da vacibdir. Birbaşa reyslərin açılması gözlənilirmi?

- Hindistan və Azərbaycan 2013-cü ildə hava xidmətinə dair müqavilə imzalayıb. Artıq müqavilə əsası mövcuddur. Amma birbaşa uçuşların həyata keçirilməsi aviareys şirkətlərinin öhdəliyindədir. Nə zaman bu, onlar üçün uyğun, əlverişli olacaq, onda uçuşlar həyata keçiriləcək. Mən də öz fəaliyyətim dövründə bunun təşfiqinə çalışacağam.

- Cənab səfir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Hindistanın mövqeyi necədir?

- Biz çox maraqlıyıq ki, Azərbaycanla əlaqələrimiz bütün sahələrdə inkişaf etsin. Həmçinin Hindistan üçün ərazi bütövlüyü sərhədlərin toxunulmazlığı və suverenlik prinsipləri çox vacibdir və biz bu prinsipləri dəstəkləyirik. Məhz bu səbəbdən də biz Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll olunmasını istəyirik. Bu konteksdə ümid edirik ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi münaqişənin sülh yolu ilə həllində faydalı olacaq.