Gövhər Baxşəliyeva: “Prezidentimizin siyasi iradəsi istənilən təzyiqi və maneəni dəf etməyə qadirdir” » Memur.az

Gövhər Baxşəliyeva: “Prezidentimizin siyasi iradəsi istənilən təzyiqi və maneəni dəf etməyə qadirdir”

Gövhər Baxşəliyeva: “Prezidentimizin siyasi iradəsi istənilən təzyiqi və maneəni dəf etməyə qadirdir”

Milli Məclisin (MM) deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın Memur.Az-a müsahibəsi:

- Gövhər xanım, bildiyiniz kimi, qarşıdan Birinci Avropa Oyunları gəlir. Artıq xeyli vaxtdır ki, bununla bağlı bəzi xarici və daxili dairələr tərəfindən anti-Azərbaycan kampaniyası başladılıb.

Hətta, bugünlərdə müxtəlif ölkələrdən olan 45-yə QHT təmsilçisinin, siyasətçi və ekspertlərin dövlət başçılarına və beynəlxalq ictimaiyyətə müraciət edərək, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını boykot etməyə, Azərbaycanın rəsmi şəxslərinə qarşı isə sanksiyaların tətbiqinə çağırış ediblər. Siz bu haqda nə deyərdiniz?

- Doğrudan da, ölkəmiz çox möhtəşəm beynəlxalq tədbir ərəfəsindədir. Heç də asan başa gəlməyən hazırlıq işləri artıq uğurla tamamlanmaqdadır.

Prezidentimizin və onun mütəşəkkil komandasının qısa bir zaman kəsiyində hansı böyük işlər gördüyünün hamımız fərqindəyik. Belə bir məqamda sağlam məntiq iş görənə kömək etməyi tələb edir, ətrafında sıx birləşərək, yardım əlimizi uzatmağı tələb edir. Çünki gözlənilən tədbirin - I Avropa oyunlarının uğurla başa çatması hamımız üçün lazımdır, Azərbaycanın qüdrətli və modern bir dövlət kimi imicinin dünya miqyasında yüksəldilməsi, xalqımızın sülhpərvər, sivil, tolerant, multikultural obrazının dünyada tanıdılması üçün zəruridir, yeni tərəfdaş və dost qazanmaq üçün gərəklidir.

“Sapı özümüzdən olan baltalar beynəlxalq anti-Azərbaycançı qüvvələrə dəstək verir”

Çox təəssüf ki, belə bir məqamda sapı özümüzdən olan elə baltalar tapılır ki, beynəlxalq anti-Azərbaycançı qüvvələrə dəstək verir. Nədir məqsədi bu antiazərbaycançı qüvvələrin? Haradan qaynaqlanır? Kimdir onları bu mənfur əməllərə sövq edənlər?

Bu suallara Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda özü ətraflı aydınlıq gətirdi:

“Azərbaycanın mövqeyi bir çox məsələlərlə bağlı çox böyük önəm daşıyır. Təkcə enerji siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlik. Çünki baxın, indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz hallar müşahidə edilir. Bir il deyil, iki il deyil, artıq 10 ilə yaxındır ki, hər tərəf yanır. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır və təbii ki, bu dünya birliyi tərəfindən yüksək qiymətləndirilir”.

Belə olan halda, erməni və ermənipərəst qüvvələrin yetişdirdiyi antiazərbaycançı dairələr fəallaşır. Ölkəmizin inkişafı və artan nüfuzu onları narahat edir.

“Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, işimizə kölgə salmaq, ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər, ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz”

Odur ki, Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, işimizə kölgə salmaq, ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz.

Ötən illər mütləq bir həqiqəti də ortaya qoydu: Prezidentimizin siyasi iradəsi istənilən təzyiqi və maneəni dəf etməyə qadirdir. Onun dediyi kimi, “sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur, ola da bilməz. Azərbaycan inamla inkişaf edir”.

“Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət yürüdür, heç kimdən və heç bir ölkədən asılı deyil”

- Bu yöndəki kampaniyaların kökündə bəlkə daha çox Azərbaycanın müstəqil siyasə yeritməsi dayanır?

- Həqiqətən Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət yürüdür, heç kimdən və heç bir ölkədən asılı deyil. Bu isə böyük dövlətləri qane etmir və onları qıcıqlandırır. Odur ki, belə ölkələr Azərbaycana təzyiq etmək və onun rəhbərliyini dünya ictimaiyyətinin gözündən salmaq fürsətini əldən vermirlər.

Prezidentimizin sözləri ilə desək, “bu səylər davam edəcək. Çünki uğurlarımızı həzm edə bilməyən dairələr, əlbəttə ki, bizdən əl çəkməyəcəklər. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik”.

“Azərbaycan xalqı kimin kim olduğunu gözəl bilir, istənilən təzyiqə və şər-böhtan kampaniyasına cavab verməyə qadirdir”

Azərbaycana qarşı yönəlmiş kampaniyalar beynəlxalq tədbirlər ərəfəsində xüsusilə eybəcər forma alır. Amma Azərbaycan xalqı kimin kim olduğunu gözəl bilir, öz Prezidenti və onun milli mənafeyə söykənən siyasətinin arxasında möhkəm durur və istənilən təzyiqə və şər-böhtan kampaniyasına cavab verməyə qadirdir.