Rasim Musabəyov: Çox istərdim ki, ermənilər müharibəsiz ayılsınlar – MÜSAHİBƏ » Memur.az

Rasim Musabəyov: Çox istərdim ki, ermənilər müharibəsiz ayılsınlar – MÜSAHİBƏ

Rasim Musabəyov: Çox istərdim ki, ermənilər müharibəsiz ayılsınlar – MÜSAHİBƏ

“Onlar bununla kimi qorxudurlar?”.

Memur.Az Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov ilə müsahibəni təqdim edir.

- Dağlıq Qarabağ üzrə danışıqlar münaqişə zonasında görünməmiş gərginlik şəraitində aparılır. Tərəflər bir-birinin mövqelərini artıq ağır artilleriyadan atəşə tuturlar, yalnız hərbçilər arasında deyil, mülki vətəndaşlar arasında da qurbanlar var. Sizin vəziyyətə verdiyiniz qiyməti bilmək maraqlı olardı. Bu, nəyi göstərir?

- Bu vəziyyət onu göstərir ki, erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını daha uzatmaq olmaz. 20 ildən artıq sürən BMT-nin Təhlükəsizlik Şurasının, BMT-nin Baş assambleyasının qətnamələrinə qarşı olaraq Azərbaycan torpaqlarının işğal edilməsinə artıq dözə bilməz.

Və mən düşünürəm ki, bu artıq hamının diqqətinə çatdırılıb. Ermənilər səs-küy qaldıranda onlara “Basta! İşğal edilmiş Azərbaycan torpaqlarından qoşunlarınızı çıxarın” demək lazımdır.

- Demək lazımdır... Bəs Azərbaycan diplomatiyası dünya ictimaiyyətini Bakının mövqeyinin düzgünlüyünə inandırmaq üçün lazım olanı edibmi?

- Düşünürəm ki, dünya ictimaiyyəti Azərbaycan diplomatiyasının səyləri olmadan da vəziyyətdən agahdır. Sadəcə müəyyən müddətə qədər bu onları elə də qayğılandırmırdı. “Yaxşı, erməniləri razı salın, onlara ərazinizdən bir tikə verin, axı onlar elə yazıqdırlar ki”, - bax budur beynəlxalq ictimaiyyətin münasibəti. İkili standartlar üzərində qurulmuş bir mövqe. Azərbaycan daha çox öz milli maraqları barədə düşünməlidir və məsələni daha sərt qoymalıdır, son zamanlar da edilən budur.

- Gərginliyin yeni müharibəyə çevrilməsi və münaqişəyə üçüncü ölkələrin qoşulması təhlükəsi varmı?

- Üçüncü qüvvələrdən - indi ruslardan söhbət gedir. Digərlərində birbaşa müdaxilə etmə imkanı yoxdur, amma Rusiyanın reaksiyasına baxılarsa, mən ehtimal edə bilərəm ki, orada “bəsdir” deməyə başlayırlar.

- Yeri gəlmişkən, bunu Kəşfiyyat İdarəsi Mərkəzi ilə yaxınlığı məlum olan Amerikanın nüfuzlu Stratfor mərkəzinin analitikləri də etiraf edirlər.

- Məsələ də elə ondadır. Mahiyyətcə məsələ elə bundan ibarətdir və bunu ermənilər müharibəsiz başa düşsələr, çox yaxşı olar.

- Erməni prezidenti Sarkisyan cəbhə xəttində gərginliyi şərh edərkən bəyanat verib...

- Bəli, onun sözləri boş cəfəngiyyatdır. “Qisas qılıncı”, Allah bilir daha nə... Düşünürəm ki, bütün bu sözlərin ardında rejimin çaşqınlığı durur.

- Kəsinliklə, amma mən onun son illərdə ilk dəfə Dağlıq Qarabağı “Ermənistanın ayrılmaz hissəsi” adlandırmasını nəzərdə tuturdum...

- Bu, köhnə erməni hoqqabazlığıdır, hədə-qorxudur. Onlar daima Dağlıq Qarabağı tanımadıqlarını deyir və danışıqlar getdiyi bir müddət ərzində onunla birləşmirlər. Hərbi əməliyyatlar başlayan kimi onlar Dağlıq Qarabağı dərhal tanıyacaq, onunla formal ittifaq bağlayacaqlar.

Onlar bununla kimi qorxudurlar? Öz nağılları ilə başlarını elə dumanlandırıblar və bu təxəyyül dünyasında yaşayırlar, o dünyada erməni ordusu hər şeyə qadirdir və ümumiyyətlə, onların bütün maraqları dürüstdür və Nuhun sözlərinə əsaslanır, onlar öz fantaziyalarının əsiri olublar.

- Bəzi müşahidəçilər gərginlik ərəfəsində Türkiyə və Rusiya liderlərinin əlaqəsi baş tutduğuna diqqət edirlər. Hətta hardasa Qarabağın danışıqlar mövzusu olması haqqında məlumat da üzə çıxdı. İstənilən halda Rusiya-Türkiyə yaxınlaşması problemin həllinin xeyrinədirmi?

- Rusiya-Türkiyə danışıqlarının və münasibətlərinin Azərbaycana birbaşa aid olan hissəsindən daha geniş gündəmi var, amma ehtimal edirəm ki, regionda beynəlxalq münasibətə əsaslanan istənilən sülh Türkiyə və Rusiyanın bu məsələ üzrə hansı razılığa gəlməsindən irəli çıxacaq.