Natella Osmanlı: Biz hamımız bir qədər göstərişli yaşayırıq – MÜSAHİBƏ » Memur.az

Natella Osmanlı: Biz hamımız bir qədər göstərişli yaşayırıq – MÜSAHİBƏ

Natella Osmanlı: Biz hamımız bir qədər göstərişli yaşayırıq – MÜSAHİBƏ

“İnsanlar “like”ların xatirinə başsağlığı verirlər”.

Memur.az məşhur azərbaycanlı yazıçı, publisist, bloger, “Nargis” jurnalını yaradanlardan biri, “Mən rəziləm” əsəri Milli Kitab Palatasının qısa siyahısına düşən ilk qadın Natella Osmanlı ilə müsahibəsini təqdim edir.

- Natella xanım, Sizin bütün əsərləriniz rus dilindədir. Siz yalnız rusdillilər üçün və ya bütün azərbaycanlılar üçün yazırsınız?



- Necə yəni yalnız rus dilində?! Mənim ikinci kitabım, “Xar Tut” toplusu Azərbaycan dilində nəşr edilib. Mən hamı üçün yazıram, azərbaycanlılar, tunquslar, ingilislər və çinlilər üçün – qiraətə marağı olan hər kəs üçün yazıram. Və mən kitabın “Qanun” nəşriyyatı tərəfindən doğma dilimə gözəl tərcümə edildiyi ilə qürur duyuram. Mən Azərbaycan dilini pis bilən, bu sahədə dayaz biliklərə malik olan son nəslin nümayəndələrindənəm. Bu il oğlum məktəbə getdi və mən ciddi şəkildə Azərbaycan dili ilə onunla bərabər məşğul olmağı düşünürəm, həm də məktəb proqramını keçərəm. Öz üzərimdə sınaqdan keçirərəm.

- Əvvəllər ən şərəfli hədiyyələrdən biri bilik mənbəyi olan kitab hesab edilirdi. İnsanların zövqləri nə dərəcədə dəyişilib, bu gün üçün ən populyar hədiyyə nədir?



- Cavab vermək çətindir. Mənə yeri gəlmişkən bu yaxınlarda çox gözəl bir kitab hədiyyə ediblər - “Rusiya imperatriçaları. Dəb və üslub” – bu, həqiqətən nadir və qiymətli hədiyyədir. Mən özüm kitab hədiyyə etmirəm, hətta öz kitablarımı belə. Yaxınlarıma çox zaman geyim və ya aksesuar alıram. Ümumiyyətlə isə, statistik olaraq düşünürəm ki, ən populyar hədiyyə ətir olub və elə də qalacaq.

- Şəxsi həyat – bu, gizli olan bir şeydir. Onun ictimailəşdirildiyini düşünürsünüzmü? Yəni əvvəllər ictimai insanlar var idi, onlar az idilər, indi isə sosial şəbəkələrin meydana gəlməsi ilə demək olar ki, hamının həyatı ictimaiyyətə çatdırılır.



- Elədir ki var, son illər biz hamımız bir qədər göstərişli yaşayırıq. Amma çoxdan nəzərimə çatıb, göstərişli bəxtəvərçilik insanları ona dəyər verməyə məcbur edir. Demirəm ki, sosial şəbəkə populyarlığı, məhkum münasibətləri xilas edəcək, amma emosiyalara əsaslanan ani qırılmadan saxlaya bilər. Mən isə öz şəxsi həyatımda baş verənləri elan etməməyə üstünlük verirəm.

- Bu gün insanların sanki sosial şəbəkələrdə yaşayırlarmış kimi davranmalarına, hər addımlarını sənədləşdirmələrinə münasibətiniz necədir?

- Hər zaman müəyyən dərəcə var, incə sədd, bu səddi aşmaq mənasızdır. Mən selfini sevirəm, musiqi paylaşıram, həyatda baş verən məzəli əhvalatları paylaşıram, bir sözlə tarazlıq yaradıram.



- Bu gün müəllim artıq öyrədən şəxs deyil, kiçik sahibkar və ya cəmiyyətimizin bir çox üzvləri üçün “hörmət” göstəricisidir.

- Təəssüf ki, belədir. Çox az uşağın dərsə getdiyi müddət ərzində, mən rüşvətlər haqqında çox saylı əhvalatlar eşitmişəm. Belə informasiya həm dövlət, həm də özəl məktəblərdə mövcuddur.

Valideynlərin sözlərinə görə, bu yığımlar daha sərt və qaba şəkil alıb. Məgər bizim uşaqlıq illərimizdə belə idi? Eşitdirirdilər, nə isə gözləyirdilər. İndi isə məbləği səsləndirir və lirikasız ödəməni gözləyirlər. Mən bir saniyəlik təsəvvür etdim ki, kim isə mənə “hədiyyə üçün bu qədər gətirin” desə, yəqin ki, diktafonu işə salıb yazı ilə gedəcəm. İş hədiyyədə deyil, burada pis heç nə yoxdur, hədiyyə etməkdə və hədiyyə almaqda pis heç nə görmürəm. Əsas məsələ deyiliş tonunda, sizin kimə hədiyyə vermək seçiminizin olmamasında, kimin isə iradəsini yerinə yetirməkdədir.



- Belə bir ifadə var: “İnsanı mənəvi tərbiyə etmədən intellektual tərbiyə etmək cəmiyyət üçün təhlükədir”. Sizcə, bu sözlər bu gün nə dərəcədə həqiqətə uyğundur?

- Həqiqətdir, əlbəttə ki. Tamamilə müxtəlif sahələrdə intellekt və mənəvi keyfiyyətlər olmalıdır. Amma xüsusilə də bu gün, nəhəng informasiya axını şəraitində, qabiliyyətlərini inkişaf etdirmək və mənən tərbiyə etməmək tam olaraq da mümkün deyil. Elementar olaraq nağılların süjetləri, cizgi filmlərinin süjetləri “nəyin pis, nəyin yaxşı” olmasına dair təməl yaradır. Ən azından valideynlər uşaq ilə bu barədə danışmalıdırlar, amma yenə də...

- Bəzi insanlar hesab edirlər ki, “Əli və Nino” mağazalar şəbəkəsi sizin rəsminiz olan banneri istifadə etməklə sizin xarici görünüşünüzü istismar edirlər və bununla da qadın müəlliflərin haqlarına xələl gətirirlər. Bu barədə nə düşünürsünüz?



- Feminizm ilə oyun qorxuludur, burada sükanı sağa və ya bir balaca sola bursaq çox uzağa getmək olar... Bəzi seksizmdən danışanların fikrincə, mənim gözümdə eynək və bütün düymələrimin düymələnmədiyi bir şəklim qadın intellektini alçaldır.

Başqa rakursdan baxaq – seksizm mənim cazibədar olmaq haqqımı təkzib etməkdən başqa nədir? Vulqar görünüş və cazibədar olmaq arasında fərq var, düzdür? Və kiçik, amma mühüm nüans - ədəbiyyat janrı var. Əgər mən akademik Landaunun naməlum tədqiqatlarının Skrabkinin işıq musiqisinin anlayışına təsiri barədə yazsaydım, mən bir qədər ciddi görünməli idim.

Amma mən “Əli və Nino”nun bannerində yüngül qiraət yazıçısı, kişi və qadın münasibətlərinə dair əhvalatlardan, bloger yazılarından ibarət “Mən rəziləm” toplusunun müəllifiyəm. Amma yenə də qeyd edim ki, toplunun reklamı üçün marketoloqların məhz bu şəkli seçmələrinə heç bir aidiyyatım yoxdur.

- Ziyalılar istənilən cəmiyyətin inkişafına təsir edən öncül təbəqəsidir. Müasir Azərbaycan intellegensiyasının əsas vəzifəsini nədə gördüyünüzü bilmək istərdik?



- Ziyalılar çox geniş anlayışdır. Fəal, xarizmatik, bu və ya digər məsələlərə dair fikrini dəyişməyə qadir, ağılları məşğul etməyi bacaran insanlar var. Və inert “yapışqanlar” var, onlar bu fonda ya hər şeylə razılaşaraq, ya da ümumiyyətlə, susaraq mövcud olurlar. Onların hamısını eyni bir termin - ziyalı termini ilə birləşdirmək istəməzdim. Çünki birincilər prosesdə, cəmiyyətin trayektoriya hərəkətində iştirak edir, ikincilər isə kütləvi səhnələrin iştirakçılarıdırlar.

İkinciləri indiki sosial şəbəkələr dövründə birincilər ilə səhv salırlar. Onların sayı getdikcə çoxalır. Səs-küylü statuslar və “chek inn”lər - insanlar “like”ların xatirinə başsağlığı verirlər. Öz fikrini bir “like” ilə çatdırmaq gözəldir, amma o da rezonans effektini azaltmır. Belə baxanda hansısa problemə dair qəzəbli statusun altında minlərlə “like” var.

Digər tərəfdən kim isə narazılıq, şəfqət, və ya qürur, sevinc, təbəssüm yaratmağa və fəaliyyətə keçməyə sövq edə bilər. Bu opnion meykerlərdir və düşünürəm ki, onların konkret vəzifələri yoxdur, sadəcə öz abunəçiləri ilə səmimi qalmalıdırlar.



- Necə hesab edirsiniz, bəzi həmvətənlərimiz xarabalıqlara bənzəyən evlərdə və ya quş yuvasına oxşayan birotaqlı mənzillərdə məskunlaşdıqları halda, niyə on minlərlə, yüz minlərlə manat xərcləyərək bahalı maşınlar alırlar?

- Bilirsiz, mən artıq neçə illərdir ki, bu haqda eşidirəm, amma bir nəfər də belə bir insana rast gəlməmişəm. Mənim dostlarımın ya alınmış və ya kreditə götürülmüş adi evləri və adi maşınları var. Amma heç kim bacardığından artıq xərcləmir. Maksimum rəfiqələrim hədlərini aşıb, maaşlarının üçdə ikisini çox bahalı ayaqqabıya xərcləyib, sonra isə ayın əvvəlini səbirsizliklə gözləyə bilərlər (gülür).

- Kitablar zaman dalğalarında üzən və öz dəyərli yükünü nəsildən-nəslə aparan gəmilərdir. Bu gəmilər gənclər buxtasında liman tapa bilirmi?



- Necə də hər şeyi mürəkkəbcəsinə döndərdiniz... Oxuyurlar, əlbəttə. Məncə az, amma oxuyurlar. Daha doğrusu az deyil. Fərqli ritm, həyat tempi var, müasir insanlar üçün ədəbiyyatı, kinonu tələsmədən, dərk edərək və düşünərək qəbul etmək çətindir. Ekşn. Müasir insana ekşn lazımdır. Həm ədəbiyyatda, həm də kinoda. Bu, “Dəlisov Maks” kimi filmlərin qəbul edildiyi bir dövrdür. İş süjetdə deyil, iş ekranda hadisələrin dəyişməsidir, baş verənlərin dərk etmə sürətində və yeni mövzuya diqqət yönəltməkdədir.

- Bu yaxınlarda yeni, “Mən rəziləm” kitabınızın təqdimatı keçirilib. Oxucularınız üçün avtoqraf ala biləcəkləri bir görüş planlaşdırmırsınızmı?

- Bəli, bir müddət sonra avtoqraf sessiyasının keçirilməsi planlaşdırılır. Harda və nə zaman keçiriləcəyi haqqında mütləq məlumat veriləcək.